Modern.az

Dünyadakı yanlışları, ədalətsizlikləri cəsarətlə bəyan edən LİDER

Ölkə

10 İyul 2023, 09:30

Bu gün Prezident İlham Əliyev təkcə rəhbərlik etdiyi dövlətin, öz millətinin milli maraqlarını qətiyyətlə qoruyan, müdafiə edən Lider kimi tarixdə yerini almayıb, O, eyni zamanda imperalizmdən əziyyət çəkən xalqların haqq səsini dünyaya çatdıran, ədalətsizlikləri qorxmadan, çəkinmədən dilə gətirən bir Liderdir. Dünyadakı acı reallıqlar, yaşanan təlatümlər böyük nüfuza, söz sahibinə malik bir Liderin üzərinə hansı mənəvi tələbləri, hansı məsuliyyəti qoyursa, İlham Əliyev o məsuliyyətə nümunəvi, əsl şəxsiyyət kimi cavab verir. Azərbaycan Prezidenti, İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki son çıxışı bunun daha bir əyani nümunəsidir. Prezidentin qətiyyətli çıxışı dünyada böyük rezonans doğurmaqla yanaşı, güclü rəğbət hissi ilə qarşılanıb və layiq olduğu yüksək dəyəri alıb.

Fransanın dünya tarixindəki əsl simasını, bu gün davam etdirdiyi çirkin siyasəti yüksək məntiq, intellekt, qətiyyətlə bəyan edən İlham Əliyevin duruşu, liderlik keyfiyyətləri Bakıdakı Qoşulmama Hərəkatı toplantısındakı bütün iştirakçıları, dünya mediasının diqqətini təsadüfən cəlb etməyib. Gəlin baxaq, bu gün dünyada İlham Əliyev kimi əsl gerçəkləri böyük cəsarətlə nüfuzlu tribunalardan bəyan edən neçə lider var? Dünya çapında belə mövqedə dayanan dövlət rəhbərlərinin sayı barmaqla sayılacaq qədərdir. Açıq vurğulamaq lazımdır ki, hazırda dünyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istisna olmaqla, İlham Əliyevin cəsarətli, dünya liderinə xas duruşunu sərgiləyən başqa dövlət rəhbəri tapmaq çətindir. Qardaş Türkiyənin dövlətçilik yaşını, NATO ölkəsi olduğunu, dünya çapındakı yerini nəzərə alsaq və bunun üzərinə Ərdoğanın liderlik keyfiyyətlərini gəlsək, bunu təbii qarşılamaq mümkündür.

Burada xüsusi olaraq onun üzərində dayanmaq lazımdır ki, Azərbaycan gənc müstəqil dövlətdir və yenidən əldə olunan azadlığının yaşı 30-u yeni ötüb. Belə bir gənc dövlətin rəhbərinin Avropa ölkələri arasında söz sahibinə malik Fransa kimi nüvə dövlətinə qarşı ictimai şəkildə beynəlxalq platformada açıq ittihamlar səsləndirməsi, gerçəkləri vurğulaması əsl cəsarət, güc, liderlik xüsusiyyətləri tələb edir. Diqqət etsək görərik ki, Fransa imperializmdən əziyyət çəkən Afrika və Asiya ölkələri ilə bağlı keçmiş koloniya liderləri belə bu formada cəsarətli, açıq mövqe ortaya qoymurlar.


İlham Əliyev məhz cəsarətli, güclü, haqqın yanında dayanan Lider olduğunu dəfələrlə isbatlayıb. Ötən ilin noyabr ayında Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında da Azərbaycan Prezidenti qətiyyətli mövqeyini bəyan edərək, Fransanın alnındakı Əlcəzair ləkəsini öz adı ilə çağırmışdı.

Bütün bunların fonunda Fransa xalqından çox erməni lobbisinin maraqlarını qoruyan Makronun “mən İlham Əliyevə təzyiq göstərirəm” kimi fikirləri olduqca gülünc təsir bağışlayır. Necə ki, Makron Fransa kimi dövlətə rəhbərlik etməsinə baxmayaraq, Prezident İlham Əiyevlə müqayisədə liderlik keyfiyyətlərinə görə qat-qat aşağıda dayanır və gülünc görünür. Reallıq budur ki, Makron heç vaxt Azərbaycan Prezidentinə təzyiq göstərə bilməz, yalnız buna cəhd edə, ancaq və ancaq belə sərsəm bəyanat səsləndirməklə kifayətlənə bilər.

Yaxın tariximizdə makronkimilərin və başqalarının bütün bu kimi təzyiq cəhdlərinin iflasa uğraması danılmaz faktdır.

İndiyə qədər edilən bütün bu təzyiqlərin məqsədi Azərbaycanda qüdrətli dövlət və güclü Prezidentin olmasına imkan verməmək, dövlətçiliyi məhv etmək olub. Bədxahlar yaxşı anlayırdılar ki, İlham Əliyev ata vəsiyyətinə və xalq qarşısındakı vədinə əməl edərək Azərbaycanı daha da qüdrətləndirəcək və Qarabağı işğaldan azad edəcək. Ona görə də Prezidentə ən böyük təzyiqlər Qarabağ məsələsində olub- desək, yanılmarıq. İlham Əliyev bu təzyiqlərin qarşısında ölkəsinin milli maraqlarından bir addım olsun belə geri çəkilmədi. Prezidentin istər vaxtilə türk-erməni münasibətlərinin düzəlməsinə, sərhədlərin açılmasına hədəflənən və Ermənistanla Türkiyə arasında işə düşən futbol diplomatiyasına qarşı birmənalı mövqeyi, Azərbaycanın diplomatiyası və təzyiqi ilə prosesin uğursuzluğa düçar olması, eyni zamanda, sərhədin açılması istiqamətində protokollarla bağlı o vaxtkı Prezident Barak Obamanın təzyiqlərini nəticəsizliyə uğratması yaddaşlardan silinməyib. Belə təzyiqlərin sayı bir deyil, iki deyil...

Ötən dövrdə İlham Əliyevə təzyiqlərin başqa bir xətti Soros tərəfindən həyata keçirildi. Hazırlanan müxtəlif ssenarilər, 2005-ci ildə “rəngli inqilab” qərarı və s. bu kimi bütün planların qarşısı qətiyyətlə alındı. Bununla yanaşı, Rusiyada müəyyən dairələrin əli ilə “Milyarderlər İttifaqı” yaradılaraq təzyiqlərin başqa bir dalğasına start verildi. Nəticə isə eyni oldu: İham Əliyevin qarşısında bu ittifaq da dəfn olundu. Yaxın tariximizə xas belə misalların sayını artırmaq mümkündür. Ümumiləşdirsək, bütün bu yaşananlar xalqın güclü dəstəyinə malik İlham Əliyevin şəksiz qələbəsi, çirkin planların məhv olması ilə sonuclandı. Qərbdən, Şərqdən, Şimaldan təzyiqlər və “5-ci kolonlar”ın səyləri nəticəsizlik yaşadı və İlham Əliyev həm dövləti qorudu, gücləndirdi, həm də torpaqları azad etdi.

Prezident İlham Əliyev bütün təzyiqlərə rəğmən ən yüksək tribunalardan Azərbaycanın haqq səsini bəyan etməklə, Qarabağ məsələsində əleyhimizə olan bütün çirkin planlara eyni uğursuzluğu yaşatdı və 44 günlük Vətən müharibəsinə sərkərdəlik edərək dünya hərb tarixində yeni səhifə açdı. Vətən müharibəsində erməni lobbisinin söz sahibi olduğu Fransa kimi ölkələrin, ermənin yanında duran yaxın qonşularımızın bütün çabalarını heçə endirdi, təzyiqlərinə sinə gərdi, bütün dünya mediasına böyük rezonans doğuran müsahibələr verməklə Azərbaycana qarşı aparılan yalan təbliğatı alt-üst etdi.

İlham Əliyevin şəxsində qazanan bütövlükdə Azərbaycan olub və olacaq! İlham Əliyev kimi güclü liderin olması Azərbaycanın, bütün dünya azərbaycanlılarının şansıdır. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların da haqq səsinin olmasının nəticəsidir ki, hamı ONU özünün Lideri görür. Dünyanın belə bir təlatümlü, qarışıq dövründə, dövlətlərin üçüncü dünya müharibəsi astanasında olduğu bir vaxtda İlham Əliyev kimi Liderin dövlətə rəhbərlik etməsi Azərbaycanın ən böyük uğurudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir