Modern.az

Konstitusiya vətəndaşların hüquq və azadlıqlarının ali təminatçısıdır

Konstitusiya vətəndaşların hüquq və azadlıqlarının ali təminatçısıdır

Ölkə

Bu gün, 17:15

“Azərbaycan Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının, təhlükəsizliyinin və bərabərliyinin ən ali təminatçısıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov Konstitusiya Günü ilə bağlı açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olunub, müasir dövlət quruculuğu üçün zəmin yaranıb. Onun rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsində milli dövlətçilik ənənələri və mütərəqqi dünya təcrübəsi əsas götürülüb.

“1995-ci il noyabrın 12-də keçirilən referendumda xalq öz iradəsini ortaya qoyaraq ölkənin gələcək inkişaf modelini hüquqi cəhətdən təsdiqlədi. Dövlətin Əsas Qanunu həmin il noyabrın 27-də qüvvəyə minib. Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanına əsasən noyabrın 12-si Konstitusiya Günü elan edilib”, – deyə M.Həsənov bildirib.

Onun sözlərinə görə, Konstitusiyada dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət quruculuğu əsas məqsədlər kimi təsbit olunub.

Deputat Əsas Qanunda insan hüquq və azadlıqlarına xüsusi yer ayrıldığını vurğulayıb:

“Konstitusiyamızda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub. Bu bərabərlik prinsipi ölkədə multikulturalizm mühitini qoruyur və inkişaf etdirir”.

M.Həsənov 2002, 2009 və 2016-cı illərdə referendumlarla Konstitusiyaya edilən əlavə və dəyişikliklərin idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəldiyini deyib. O, 2016-cı il dəyişiklikləri ilə Birinci vitse-prezidentlik institutunun yaradıldığını xatırladıb.

Deputat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının konstitusion baxımdan əhəmiyyətinə də toxunub:

“2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərə imza atdıq. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu”.

M.Həsənov qeyd edib ki, Konstitusiya müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat yaradan və qanunvericiliyin təkmilləşdirilməsi üçün hüquqi baza rolunu oynayan sənəddir.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz