Azərbaycanda minimum saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Mövzuyla bağlı Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Modern.az-a danışıb. Onun sözlərinə görə bu modeldə əsas məqsəd işçilərin gördükləri işə və sərf etdikləri vaxta uyğun əməkhaqqı almalarını təmin etmək, onların sosial və əmək hüquqlarını daha etibarlı qorumaqdır.
"İndiyə qədər əməkhaqqının hesablanmasında əsasən aylıq əməkhaqqı sistemi tətbiq olunurdu. Yeni yanaşmaya görə isə minimum aylıq əməkhaqqı ilə yanaşı, minimum saatlıq əməkhaqqı anlayışı da qanunvericilikdə təsbit ediləcək. Bu isə o deməkdir ki, bir şəxs ay ərzində tam iş vaxtı deyil, həftədə 15-20 saat işləyirsə və ya onunla qısamüddətli əmək müqaviləsi bağlanırsa, əməkhaqqının hesablanmasında faktiki işlədiyi saatlar əsas götürüləcək. Lakin işəgötürən həmin saatlara görə qanunla müəyyən edilmiş minimum saatlıq əməkhaqqından aşağı ödəniş edə bilməyəcək".

Deputat həmçinin vurğulayıb ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi aylıq əməkhaqqı sisteminin ləğvi demək deyil:
"Tam iş vaxtı ilə çalışan və aylıq maaş alan işçilər üçün mövcud mexanizm öz qüvvəsində qalacaq. Sadəcə, müəyyən iqtisadi fəaliyyət sahələrində və iş rejimlərində saatlıq ödəniş mexanizmi tətbiq olunacaq. İlkin yanaşmaya əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin bu mexanizmə cəlb edilməsi nəzərdə tutulur".
A. Badamov saatlıq əməkhaqqının üstünlüklərindən də danışıb:
"İlk növbədə, mövsümi, müvəqqəti və natamam iş vaxtı ilə çalışan şəxslərin əməkhaqqı təminatı güclənəcək. İşəgötürənlərin iş vaxtının uçotunu aparması və əməkhaqqını şəffaf şəkildə hesablaması üçün daha aydın qaydalar formalaşacaq. Hesab edirəm ki, bu mexanizm əmək münasibətlərində ədalətlilik prinsipinin gücləndirilməsinə, qeyri-formal məşğulluğun azaldılmasına və işçinin əməyinin real dəyərinin qorunmasına xidmət edəcək. Əsas məqsəd ondan ibarətdir ki, heç bir işçinin sərf etdiyi əmək və işlədiyi saatlar lazımi hüquqi və maliyyə təminatından kənarda qalmasın" - deyə o bildirib.

Deputat Vüqar Bayramov isə qeyd edib ki, burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanmasıdır.
"Çox vacib məqamlardan biri dəyişikliklərə əsasən saatlıq minimum əmək haqqının orta aylıq əmək haqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır. Yəni bu o deməkdir ki, saatlıq minimum əmək haqqı sadəcə orta aylıq əmək haqqının aydakı iş saatları bölünməsi ilə əldə edilməyəcək. Əmsallardan istifadə olunacaq və müəyyən meyarlar tətbiq olunacaq. Nəticədə saatlıq minimum əmək haqqı daha yüksək olacaq və saatlıq minimum əmək haqqına çalışan vətəndaşlarımız daha çox maaş almaq imkanına sahib olacaq. Həmçinin, bu sayədə vətəndaşlarımız bir neçə iş yerində işləmə şəraiti əldə edəcək və bununla da daha çox əmək haqqı daha çox gəlir qazanmış olacaqlar".