Modern.az

Milli Parkda açılan “Park Bulvar”ın sahibi məlumdur

Milli Parkda açılan “Park Bulvar”ın sahibi məlumdur

Ölkə

23 İyul 2010, 14:13

İyulun 20-də paytaxtda, Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı oldub. Prezident İlham Əliyevin də iştirak etdiyi həmin mərasimindən sonra uzun müddətdən bəri qaranlıq qalan bir suala - “Park Bulvar”ın kimə məxsus olmasına cavab tapıldı. Qeyd edək ki, mətbuat “Park Bulvar”ın tikintisi müddətində onun hansı sahibkar tərəfindən inşa olunduğunu araşdırmağa çalışsa da, suallar cavabsız qalırdı. Açılış mərasimində “Park Bulvar”ın ev sahibi qismində “Azərsun” Holdinqin prezidenti Abdulbaari Goozal və onun oğlu, Holdinqin vitse-prezidenti Tahir Goozalın ev sahibi qismində çıxış etməsi diqqətlərdən yayınmadı. Bu isə o deməkdir ki, “Park Bulvar” “Azərsun” Holdinqə məxsusdur. Bunu Modern.az-a adı çəkilən şirkətin mətbuat xidmətindən də təsdiqlədilər. “Azərsun”dan saytımıza bildirdilər ki, “Park Bulvar”ın inşasını “Azərsun” Holdinqə daxil olan “İnnova” şirkəti həyata keçirib. Görünən odur ki, son illər “Azərsun” Holdinq Azərbaycanda biznes dairəsini xeyli genişləndirib. Elə iyulun 20-də Masazırda açılışı baş tutan Duz zavodu da bu şirkətə məxsusudur. Modern.az-a daxil olan məlumata görə, “Azərsun” Holdinq Şirkətlər Qrupu Azərbaycanın Muğan düzündə böyük bir ərazini uzunmüddətli icarəyə götürməyə hazırlaşır. İmişli və Biləsuvar rayonlarının ərazisində yerləşən və dövlət fonduna daxil olan həmin torpaq sahələrində hansı təsərrüfatın yaradılacağı hələlik məlum deyil. Digər məlumata görə, Araz çayına yeni qolun çəkilməsi də elə bununla bağlı olub. Çünki yeni qol Muğanda icarəyə veriləcək torpaq sahələrindən keçir və gələcəkdə orada suvarma aparılmasını asanlaşdıracaq.

 

 

Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?