Modern.az

Səfər Mehdiyev spikerə zəng vurub - Deputatlar barədə fikirləri inkar edib

Səfər Mehdiyev spikerə zəng vurub - Deputatlar barədə fikirləri inkar edib

Parlament

14 Dekabr 2021, 11:27

"Gömrük Komitəsinin sədrinin son müsahibəsindən sonra deputatlara qarşı təpkilər artıb. Halbuki? Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Gömrük Komitəsi də bu qəbildən olan qurumlardandır".

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin iclasında çıxış edən deputat Elşən Musayev bildirib.

Deputat komitə sədrinin müsahibəsində sanki bir anlaşılmazlıq olduğunu qeyd edib:


"Hər halda Gömrük Komitəsi bu məsələlərə aydınlıq gətirməlidir. Çünki "deputatlar" ifadəsi cəm şəklində olan anlayışdır".


Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə bu cür reaksiya verib:


"Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub".

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə mətbuata müsahibəsində deputatların ayrı-ayrı vətəndaşların adına xaricdən məhsul gətirib satdığını bildirmişdi: 

"...Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.  Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok