Modern.az xəbər verir ki, “Borçalı” Cəmiyyətinin Gənclər Təşkilatı Xocalı Soyqırımının 18-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirib. Tədbirdə “Borçalı” Cəmiyyətinin sədri, İdarə Heyətinin üzvləri, ziyalıları, bir sıra Gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir rəsmi və bədii hissələrdən ibarət olub. Tədbiri “Borçalı” Cəmiyyətinin İctimai əlaqələr üzrə sədr müavini Zahir Əlisoy açıb. Tədbirin rəsmi hissəsində “İşıq” İctimai birliyinin nümayəndəsi Əşrəf Əfəndiyev, “Borçalı” Cəmiyyətinin gənc üzvü Xənaqi Tanrıverdiyev və Bütöv Azərbaycan Gənclər Təşkilatının sədr müavini Məhəmməd Məmmədbəyli Xocalı soyqırımı haqda öz fikirlərini söyləyiblər.
Rəsmi hissənin sonunda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edib. O, gəncliyimizin vətən və ruh sevgisinin olmasına çox sevindiyini bildirib. Bu tədbirin tək ildönümü günü ərəfəsində yox, hər gün anılmasını tövsiyyə edən Z.Məmmədli Vətənin bütövlüyü uğrunda gəncləri mübarizəyə çağırıb.
Tədbirin bədii hissəsində Xocalı soyqırımına həsr olunmuş film, şerlər, muğamlar nümayiş etdirilib. Eyni zamanda Xocalı Soyqırımı zamanı ailəsi ilə birlikdə 10 gün əsirlikdə qalan Məhəbbət Hümbətov çıxış edib.
Modern.az