Modern.az

“Nazarbayevi gözdən salmaq istəyirlər” - Qazaxıstanda işləmiş azərbaycanlı JURNALİST

“Nazarbayevi gözdən salmaq istəyirlər” - Qazaxıstanda işləmiş azərbaycanlı JURNALİST

Reportaj

10 Yanvar 2022, 09:28

“Əlbəttə, bu gün Qazaxıstanda baş verən hadisələr bütün dünyanı, eləcə də  Türk dünyasını dərindən narahat edir. Türkdilli Dövlətlərin Birliyinin yaranması fonunda Qazaxstanda baş verən hadisələrdən  hər bir türkdilli xalqın, türk dünyası sevdalısı olanların narahatlıq keçirməsi qəbulolunandır. Kaş ki, Qazaxıstanda açılan atəşlər Türk Dövlətləri Birliyini yaralamasın. Əksinə, dönüb bu birliyi daha da möhkəm, daha da etibarlı, daha da güclü etsin”.

 

Bu fikirləri Modern.az-a tanınmış jurnalist, bir müddət Qazaxıstanda Azərbaycan Dövlət Televiziyasının xüsusi müxbir postunun rəhbəri kimi çalışan Aida Eyvazlı Göytürk bu ölkədə baş verən hadisələr barədə danışarkən deyib.


Onun sözlərinə görə, Qazaxıstanın 30 il müddətində bu qədər inkişaf etməsi hər kəsin marağını çəkib:

 

“Hər şeydən əvvəl mən bir neçə gün ərzində Qazaxıstanın dövlətçiliyinin, müstəqilliyinin qorunması uğrunda  şəhid olanlara, yanlışlıqdan kor gülləyə qurban gedənlərə (onların hamısı vətən şəhididir, türk dünyasının şəhididir) Tanrıdan rəhmət diləyirəm. Yaralılara şəfa diləyirəm. Qazaxıstan da bütün türkdilli və sülhsevər ölkələr kimi mənim üçün çox əziz və doğmadır. 

 

Mən uzun müddət Qazaxıstanda Azərbaycan Dövlət Televiziyasının xüsusi müxbir postunun rəhbəri olmuşam. Bu da o deməkdir ki, siyasi və diplomatik hadisələrin içərisində işləmişəm. Qazaxıstan çox güclü və çoxvektorlu siyasət aparan dövlətdir. 1991-ci ildən müstəqil Qazaxıstanın kursunu dünyanın nüfuzlu lideri Nursultan Nazarbayev müəyyənləşdirib. Nursultan Nazarbayev Sovet  rejiminin ən qatı dönəmində 1986-ci ildə sovet ittifaqının zəncirlərini biləklərindən qırmaq istəyənlərin qabağına çıxıb, ölkədə sabitlik yaranmasına nail olub. Sonra isə Sov.İKP MK Qazaxıstana  Kolbini rəhbər qoymaq istəyəndə, xalqın iradəsi ilə Nursultan Abış oğlu Nazarbayevi rəhbər seçiblər. O gündən Qazaxıstanın Günəşi Türk dünyasını işıqlandırmaqdadır. Mən Bilgə Nazarbayevi çox yaxından tanıyıram. Çünki onun iki kitabını Azərbaycan dilinə tərcümə etmişəm. Həmin kitablarda Qazaxıstanın daş-daş, cığır-çığır qurulduğunu, gənclərinin böyüyüb dövlət xadimi olduğunu görmüşəm. O Nazarbayev ki, öz Vətəninin gənclərinə hər zaman inanıb, onları Bolaşak proqramı ilə Vətəndən uzaqlara göndərib, dövlət hesabına təhsil verib. O gənclərin əksəriyyəti geri qayıdıb, yüksək mərtəbəli vəzifələrdə Vətənə xidmətdədirlər.

 

İnkişaf etmiş dövlətlərin hər zaman istəməyən gücləri olur. Qazaxıstan çox böyük əraziyə malikdir. Onun sərhədləri Çinlə 1460 km, Türkmənistanla 380 km, Özbəkistanla 2300 km, Rusiya ilə 6467 km təşkil edir. Ümumilikdə 12187 km sərhəd zolağı var. Və bu sərhəd zolağının bu qədər uzanmasına Qazaxıstan dövləti öz müstəqilliyini elan edəndən sonra nail olunub. Ərazisi  2.724.900  kv.km olan ölkənin də sərhədlərindən hər zaman  düşmənin sızması ehtimalı var. Təbii ki, türkdilli bir dövlətin 30 il içərisində belə çiçəkləməsinə qısqanan dövlətlər hər zaman marağa yatıb”.


A.Eyvazlı bildirib ki, bir neçə gün internet və telefon əlaqəsinin kəsilməsi bəzi işbazlara fürsət yaratdı:


“Nursultan Nazarbayev öz xalqı ilə həmişə münasibətdə açıq olub. Onun xalqdan gizli heç bir sözü-söhbəti olmayıb. Hər zaman deyib ki, mən xalqıma güvənirəm, mən xalqımla güclüyəm. Qazaxıstanda baş verən iğtişaşlar zamanı orada olsaydım, daha müfəzzəl analiz edərdim. Son bir neçə gündə telefon əlaqəsi yarada bilməməyimiz, internet şəbəkəsinin bağlanması ucundan narahatlıq keçirdik. Və bu fürsətdən yararlanan bəzi işbazlar yazdılar ki, Nursultan Nazarbayev Dubaydadır, özü də Dubay əmiri ilə gülə-gülə bir şəklini paylaşdılar. Bu şəkli görəndə bildim ki, bütün bunlar yenə də Nazarbayev nüfuzunu, Qazaxıstanı gözdən salmaq istəyənlərin təxribatıdır. Çünki ölkəsində heç bir dini qruplaşmanın inkişaf etməsinə yol verməyən siyasətçi, heç zaman xalqının ağır günündə gedib Dubayda oturub gülə bilməzdi. Bu şəkli paylaşıb, sonra da  “terroristləri Qazaxıstana gətirib” şayiəsini yayan adamlar  məqsədlərinə çata bilmədilər. Öz xalqına dilini, kimliyini qaytaran adam övladlarını terroristlərə verərmi?

Bəli, terrorçular ölkəyə gəlib... Bu gün artıq ölkənin çox yüksək mərtəbəli adamları şübhəli kimi məsuliyyətə cəlb olunub. Sular axıb durulanda nələrin baş verdiyini biləcəyik. Tarix boyu bütün dövlətlərin hakimiyyəti daxilində xəyanətkarlar olub. Hətta oğullar hakimiyyətə gəlmək üçün atalarını , qardaşlarını öldürüblər. Qazaxıstan torpaqlarına da göz dikən  sərhəd ölkələri heç vaxt bu xoş xəyallarından geri çəkilmək istəmirlər. Bir neçə il bundan əvvəl hakimiyyət mənsubu, çinmeyilli Kərim Mənsimovun təklifi ilə Çinə və çinlilərə icarəyə  torpaq verilməsi məsələsi gündəmdə idi. Qazax xalqı layiqli şəkildə bu məsələyə etiraz etdi və məsələ köklü şəkildə həll olundu. Nursultan Nazarbayev də, Kasım-Jomart Tokayev də birmənalı şəkildə  dedilər ki, “Torpaqdan pay olmaz!”.

Nursultan Nazarbayevin “Həyat yolu” , “İllər və düşüncələr” kitabını tərcümə edəndə, o liderin öz xalqı,  dövləti üçün hansı narahatlıqlar keçirdiyini, hansı təlatümlərdən keçdiyinin şahidi olmuşam. O sətirlər yalandan yazılmayıb, o sətirlər yaşanmış bir ömrün anlarıdır. 
Elə Nursultan Nazarbayevin də inandığı Tanrımıza şükür olsun ki, bu gün dövlətin  öz rəsmi strukturları xəbər yaydılar ki, Elbası  böyük liderlərlə, dövlət xadimləri ilə danışıqlar aparır. Hadisələr öz nəzarətindədir”.


“Belə fikirlər var ki, xalq artıq Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi sevmir, siz nə düşünürüsünüz” sualına jurnalistin cavabı belə oldu:

 

“Heç vaxt, heç zaman xalqının ağır günündə onu  tək qoyub harayasa gedə bilməz o sərkərdə.  Bu gün Qazaxıstanın müstəqilliyi yolunda şəhid olan, qanı tökülən insanların yoxluğu sındırır onu. Çünki o dövlətinin hər övladını özününkü sayır. Və biz heç vaxt istəmərik ki, qazax balaları terrorçu adlandırılısın. Kaş bu məsələlərə tezliklə ayınlıq gətirilsin, o insanları terror təşkilatlarına çəkənlər ifşa olunsun.

Nursultan Nazarbayev həmişə dini radikalizmə qarşı olub. Bu gün həmin o dini radikallar ölkəyə daxil ola bilib, kiminsə diqqətsizliyi və xəyanəti ucbatından, sayıqlığın itirilməsi səbəbindən ölkədə bu qarışıqlığı yarada biliblər. Biz niyə təəccüblənirik? Çünki 1986-cı ildən sonra böyük miqyasdfa qarışıqlıq baş verməyən, sabit bir ölkə kimi Qazaxıstanı gördük. Və birdən-birə ölkədə bu qədər iğtişaşın artması  təbii ki, hər kəsi heyrətə gətirdi. Artıq məlumdur ki, doymuş məmurların savadsızlığı ucbatından xarici kəşfiyyat istər İran, istər Rusiya, istər Amerika və ya Böyük Britaniya olsun, Qazaxıstanda istədiyinə nail olub. Ən çox qorxduğumuz isə yaxın qonşulardır.

O da içəri və çöl düşmənlər tərəfindən, xüsusi kəşfiyyat orqanları tərəfindən hazırlanıb yayılan yalan şayiələr idi. Bir neçə dəfə Qazaxıstanda keçirilən prezident seçkilərinin müşahidəçisi olmuşam. Bu gün öz dövlətlərinin müstəqilliyi yolunda Azərbaycanda və Qazaxıstanda şəhid olan igidlərimizin, oğullarımızın ruhuna and olsun ki, mən hər zaman xalqın sevgi ilə seçki məntəsinə səsverməyə gəldiyini görmüşəm. Hətta AzTV-nin arxivlərində bu hadisələrin  lent yazıları da qalmaqdadır. Bir dəfə Astanada seçki məntəqəsində səsvermə limiti bitəndən sonra, qapılar bağlandı. Seçki məntəqəsinin qarşısında dayanan insanlarsa israrla tələb edirdilər ki, qapılar açılsın, onlar Nursultan Nazarbayevə səs verəcəklər. Öz gözlərimin şahidi olduğumu necə danım?!”.



A.Eyvazlı deyir ki, harada rus qoşunu varsa, orada Dnestryanı, Tbilisi, Xocalı, 19-20 yanvar faciələri yaşanır:


“Ötən dövrlər ərzində internet resursları üzərindən  Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev haqqında yayılan iftira və böhtanlar da  bu gün baş verən hadisələrin ilk cücərtiləri idi.

İnsanda istər-istəməz belə bir sual yaranır: bütün Mərkəzi Asiya və qonşu ölkələrdən fərqli olaraq vətəndaşının rifanının daha yüksək olduğu bir ölkədə niyə üsyan baş qaldırsın ki? Nəyə üsyan edirlər? Bu gün sıravi Qazaxıstan jurnalistinin əmək haqqı ən az olan halda 500 ABŞ dollarıdır. Stajlı və təcrübəli müəllimlər, həkimlər isə 1000 dollardan yuxarı əmək haqqı alırlar. Ötən ildən etibarən qanunda göstərilən həddə iş stajı olan, 50 yaşını keçmiş  qazax vətəndaşının hər biri  Sosial Təminat Nazirliyində yığılan baza hesabındakı pullarının artığını, hər vətəndaşın hesabında 5 milyon təngə saxlamaqla özünə qaytarıb. Bu fürsətdən yararlanan insanların ən az baza pensiya alanı 2 milyon təngə, ən çox alaı isə 20 milyon təngədən çox  pul götürüb. Bu ölkədə insanların hüquqları və firavanlığı üçün hər zaman geniş zəmin olub və qanunlar işləyib. Lakin, sülhsevər qazax xalqı yəqin ki, baş verənlərdən bir nəticə çıxarıb,  bundan sonra belə provakasiyalara getməyəcək.  


O ki, qaldı KTMT-nin Qazaxıstana gəlməyinə... Bəli, Azərbaycan rus qoşunlarını 20 yanvar 1990-cı ildə görüb. Rus qoşunları dinc əhalinin üstünə yeridildikdən sonra, şəhər və insanlar gülləbaran olunub. Ona görə də bu gün Azərbaycan Qazaxıstana görə ayaqdadır. Rusiyanın Qazaxıstanda həbi bazası hər zaman mövcud olub. Qazaxıstanın  müstəqilliyinin ilk günlərindən Baykonuru icarəyə götürüb. Rusların çox yaşadığı ərazilərdə bir-iki iğtişaş baş verəndə də, bu iğtişaşların qarşısını müdrik Nursultan Nazarbayev vaxtında ala bilib. Ona görə də inanmaq istəyirik 3min - 5 min nəfərlik KTMT hərbçiləri Qazaxıstanda yəqin ki, gülləbaranla məşğul olmayacaq. Biz istəmirik ki, Qazaxıstanda da Krımdakı kimi ilhaq olsun. KTMT-nin qarşısına çıxacaq “ARMAN”, “BERKUT” kimi Xüsusi Təyinatlı dəstələri var. Dünənə qədər gələn xəbərlərdə elə öz ordusunun gücü ilə də iğtişaşların yatırıldığı deyilirdi. Əgər KTMT hərbçilərinin sayı artırılacaqsa, onda demək olar ki, Rusiya burada həmişəlik oturmağa gəlib”.


Qazaxıstanda yaşayan və ora göndərilən ermənilərdən danışan A.Eyvazlı onların bunları deyib:

 

“Ermənistanlı blogerlər 100 nəfər erməni hərbçinin KTMT qüvvələri tərkibində Qazaxıstana getməsindən narahatdırlar. Baş nazir Paşinyanı söyürlər ki, “niyə bizim məğlub əsgərimizi bizi sevməyən, hər zaman Azərbaycanın yanında olan qazaxın içərisinə göndərmisən?”. Paşinyanın gününü yenə qara edib öz xalqı. Yazırlar ki,  erməni hərbçilərinin Qazaxıstana getməsi ilə orada yaşayan ermənilərə təhlükə yaranır.  Bəli, qazax qardaşlarımız hər zaman bizim yanımızdadırlar.  Ermənilər Barıs və Bozqurd heyranları olan qazaxların içərisində cınqırlarını çıxara bilməzlər. Olsa-olsa bazarlarda gəzib, qazaxlardan yemək-içmək dilənəcəklər.Qazaxın isə süfrəsi  həm dosta, həm düşmənə açıq olub. Dost yeyib sevinib, düşmən yeyib zəhərlənib. Bəli, Azərbaycan öz qanuni və tarixi ərazilərini geri alanda Paşinyan KTMT məsələsi qabarmış, kömək istəmişdi. Onda da Qazaxıstanın Təhlükəsizlik Şurası bu məsələyə “yox” demişdi.
Nəticədə Rusiya öz “sülhməramlıları”nı Qarabağa sala bildi. Gecə ilə 10 noyabrda Xankəndiyə daxil oldu. Kreml demişdi ki, 2 min hərbçi gətirir. İndi pisməramlıları doldurub Xankəndiyə, Laçın dəhlizinə və Xocalıya. 
Qazaxıstan dövləti və xalqı 44 günlük savaş zamanı bizim yanımızda oldu. Bizimlə nəfəs aldı. Çox sevindirici haldır ki, bu gün bütün Azərbaycan və azərbaycanlılar eyni narahatlığı keçirirlər. Axı biz qardaşıq, əmioğluyuq. Və öz qardaşımızın arxasından qaçmarıq. 

Bizim Qazaxıstan dövləti və bu xalqla dostluğumuzun kökü qədimlərə gedib çıxır”. 


A.Eyvazlının “Türk Dövlətləri Təşkilatı Nazarbayevi qoruya biləcəkmi” sualına cavabı belə olub:


“İllər öncə bu dostluğu ümummilli liderimiz Heydər Əliyev möhkəmləndirdi. Qazaxıstanın başının üstünü alan təhlükə barədə Nursultan Nazarbayevi xəbərdar etdi. 2019-cu il oktyabrın 15-də Azərbaycanda keçirilən Türk Dövlətlərinin VII Zirvə toplantısında Elbasını “Türkdilli ölkələrin ağsaqqalı” seçdik. Bu gün onun sinəsində dostunun adını daşıyan “Heydər Əliyev ordeni” var. Həmin orden ona oğul kimi sevdiyi Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin tərəfindən təqdim olunub. Yəni bütün bunlardan sonra, Türk Dövlətləri Təşkilatının rəhbərləri öz ağsaqqallarını qoruya bilməyəcəklərmi? Onun harada olduğunu soruşmayacaqlarmı? Türk Dövlətləri Birliyi ideyasının memarı Nazarbayev şəxsiyyəti təkcə Qazaxıstana məxsus deyil, o artıq dünyanın “Qızıl adamı” adını haqq edib və bu titulun daşıyıcısıdır.

Ona görə də, Mərkəzi Asiyanın göbəyində baş verən hadisələri seyr edərkən, görürük ki, bir çox rəsmi informasiya mənbələrində Qazaxıstan xalqının bir səslə “biz hamımız ölkə prezidenti Kasım-Jomart Tokayevin verdiyi qərarları dəstəkləyirik” şüarını eşidirksə, o zaman  burada bizim narahat olmağımıza heç bir əsas yoxdur. Dövlətin öz daxili məsələsinə biz qarışa bilərikmi?! Əsla! 

Nursultan Nazarbayev elə bir lider, elə bir Bilgədir ki, səhv edə bilməz. Onun verdiyi qərarlar, atdığı addımlar hər zaman xalqının  firavan yaşaması, azadlığını və müstəqilliyinin qorunması üçün olub. Dünyaya dərs keçən Nazarbayevə indi biz dərsmi keçəcəyik?! Ona görə də  xalqın seçki yolu ilə seçdiyi Kasım-Jomart Tokayev də dövlətin qanuni prezidenti sayılır. Biz də bu gün dövlətin verdiyi  qərarlara hörmətlə yanaşmalıyıq”.  


A.Eyvazlı təəssüflə qeyd edib ki, rus qoşunları “sülhməramlı” adı ilə girdikləri ölkədən çıxmırlar:

 

“Siyasi məsələlərin və məsləhətləşmələrin ən dərin qatlarına gedə bilmirik. Mən öz keçirdiyim hissləri sizə siyasi şərhçi kimi deyil, bir jurnalist kimi danışdım.  Bəli, beynəlxalq təşkilatlarda böyük narahatlıq var. Çünki onların əksəriyyəti bilir ki, rus qoşunları “sülhməramlı” adı ilə girdikləri ölkədən çıxmır. Girdikləri ölkədə saxladıqları kontingenti də həmin ölkənin resursları ilə yemləyirlər. Bəlkə elə buna görədir ki, ABŞ Dövlət katibi Entoni Blinken Rusiya sülhməramlılarının Qazaxıstana yerləşdirilməsindən danışarkən “düşünürəm ki, yaxın tarixdən ibrət almaq lazımdır. Çünki bir dəfə ruslar sizin evinizə soxuldusa, onları qovmaq çox çətin olacaq” ifadəsini işlədib.

Hər bir halda mən və bütün Azərbaycan xalqı, türkdilli xalqlar, sülhsevər insanlar həm Qazaxıstanda sabitliyin yaranmasını, həm də Nursultan Nazarbayevin sağ-salamat olub, yaşamasını, xalqının və dövlətinin başında olan bu qara dumanların çəkilib getməsində Elbası kimi iradə göstərməsini istəyirik.

Qazaxıstan Boz kırlarında, Böyük Çöldə hər əsrdə bir dəfə tufan qopur. Lakin qazax ərənləri, batırları, boz qurdları,  barısları, igidləri birləşib, bu tufana sinə gərə bilirlər.

Tanrı sülhü sevən, sülhü qoruyan bütün xalqları və dövlətləri qoruyub, çiçkələndirsin. O mavi rəngli bayrağın hər zaman ucalarda dalğalansın, gözəl və sülhsevər, Şanıraklı Qazaxıstan!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik