2021-ci il noyabr ayının 8-də Azərbaycan xalqı düz 29 il həsrətlə gözlədiyi sözləri, nəhayət ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dilindən eşitdi: «Şuşa, sən azadsan! Əziz Şuşa! Biz səni dirçəldəcəyik!». Bu sözlər bir il ərzində sanki torpaqlarımızın azad səmaları üzərində qanad çalıb əks –səda verir və əməli işlərdə sübuta yetir.
Bu bir il ərzində bir-birinin ardınca görülən tədbirlər – Şuşada «Xarıbülbül festivalı», Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilməsi, Vaqifin bərpa edilmiş məqbərəsi önündə «Vaqif poeziya günlərinin» bərpası, Şuşa bəyannaməsi, Şuşada möhtəşəm Zəfər gününün qeyd edilməsi doğma Şuşamızın Ana Vətən qoynuna qayıtmasının bariz göstəricisidir. Bu əlamətdar hadisələr həm otuz il işğal altında qalmış torpaqlara, həm də bu torpaqlar uğrunda şəhidlər vermiş insanların yaralarına bir məlhəm oldu. Eyni zamanda bu, bütün dünyaya Şuşanın sahiblərinin kim olduğunu bir daha nümayiş etdirir.
Tarix heç vaxt unudulmamalıdır. Onun unudulması təhriflərə və faciələrə səbəb olur. Dekabrın 31-də Respublikamızın Prezidenti cənab İlham Əliyevin ənənəvi olaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində dediyi sözlər də bunu təsdiqləyir. Təbrik çıxışı zamanı cənab Prezident yaxın və uzaq keçmişimizə nəzər salaraq, qeyd etdi ki, işğal dövrü nəinki Vətənimizdə, həmçinin onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar üçün çox ağır olmuşdur. Ermənilərin guya «qalib» kimi təkəbbürlü iddiaları altında boğula-boğula qalan soydaşlarımız indi alnıaçıq, məğrur gəzə bilirlər. Prezidentimiz çıxışında xatırlatmışdır ki, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur və 2022-ci ildə bu şanlı tariximizin 270 ili tamam olur. Belə tarixləri unutmaq olmaz. Bununla bağlı olaraq cənab İlham Əliyev demişdir ki, «Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm».
Bütün ilin «Şuşa ili» elan edilməsi bizim qələbəmizin növbəti göstəricisidir. Bu o deməkdir ki, düz bir il bütün dünya hər gün Şuşanın banisinin kim olduğunu, Şuşanın sahiblərinin kim olduğunu bir daha eşidəcək, qəbul edəcək və bütün dünya azərbaycanlıları yenə və əbədi olaraq bir yumruq kimi birləşəcək, doğma Vətənin gələcəyi, rifahı uğrunda çalışacaq.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı