Yanvarın 6-da Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 28 ili tamam olur.
Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusunun mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyat nəticəsində Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 (Cocuq Mərcanlı kəndi) yaşayış məntəqəsini erməni işğalçılarından azad edilmişdi.
Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.
Horadiz döyüşlərinin 28 illiyi münasibətlə şəhərdəki Qəhrəmanlar Parkında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzdən, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.
Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 21 yaşayış məntəqəsi Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib.
O vurğulayıb ki, 2016-cı ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında baş tutan Aprel döyüşləri, 27 sentyabr 2020-ci ildə başlanan və torpaqlarımızın azad olunması ilə nəticələn 44 günlük Vətən müharibəsi Horadiz əməliyyatının davamı olaraq qiymətləndirilməlidir.
Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu, Horadiz əməliyyatının hərb tariximizin ən parlaq səhifələrindən birini təşkil etdiyini qeyd ediblər.