Qadınların səsi şəhər siyasətlərinin mərkəzində olmalıdır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Latın Amerikası Qadınlar və Habitat Şəbəkəsinin həmtəsisçisi Ana Falu bildirib.
O BMT rəhbərliyinə, ekspertlərə və tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, qadınların mənzil, şəhər və yaşadıqları ərazilərlə bağlı hüquqları çoxsaylı sistemli ayrı-seçkilik səbəbindən ciddi maneələrlə üzləşir.
“Qadınların səsinin eşidilməsi və qərarların qəbulunda iştirakının təmin olunması vacibdir.
Şəhərsalma və mənzil siyasətlərinin əksəriyyəti gender yanaşmasını tam şəkildə nəzərə almır. Bu isə qadınların gündəlik həyatdakı ehtiyaclarını görünməz edir”.
A.Falu həmçinin vurğulayıb ki, mənzil məsələsinə yalnız yaşayış sahəsi kimi yanaşmaq olmaz:
“Mənzil, şəhər, məhəllə və ərazi bir-birindən ayrılmaz anlayışlardır. Gender həssas şəhərsalma siyasəti qayğı yükü, gender əsaslı zorakılıq və sosial bərabərsizliklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, yoxsulluğun hökm sürdüyü ərazilərdə və parçalanmış şəhərlərdə icma əsaslı qayğı sistemlərinin gücləndirilməsi də prioritet məsələlər sırasındadır”, - deyə o qeyd edib.