Yay mövsümünün başlaması ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içkilərin də satışı artıb. Satışıa çıxarılan içkilərin bir qismi keyfiyyətsiz olduğundan insan orqanizmi üçün təhlükəli hesab olunur. Elə bu səbəbdən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxt və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində sərinləşdirici içkilərin keyfiyyətinin araşdırılması məqsədilə yoxlamalar aparır.
Spirtsiz içkilər susuzluğun yatırılmasında və orqanizmdə su balansının tənzimlənməsində fizioloji əhəmiyyətə malikdir. Normaya görə, spirtsiz içkilərin tərkibində 7-10%-ə qədər şəkər, 0,1-1,2%-ə qədər üzvi turşu, eləcə də mineral maddələr, vitaminlər, boya maddələri və digər bioloji fəal maddələr, təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallı, rəngləyici və digər bioloji fəal maddələr mövcuddur.
Maraqlıdır, spirtsiz işkilərin istifadə müddəti neçə gün olmalıdır? Azərbaycan bazarlarında satılan əksər spirtsiz içkilərin üzərinə 1 il istifadə müddəti yazılır ki. Ekspertlər də bunu düzgün saymırlar. Məsələn, Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun sözlərinə görə, hazırda bazarda elə limonadlar satılır kiş onların üzərinə 1 ilə kimi istafadə müddəti yazılır. Halbuki 20 gün istifadə vaxtı olmalıdır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirlib ki, spirtsiz içkilər markalanarkən onların etiketlərində məhsulun və istehsalçı müəssisənin adı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, qida dəyərliliyi, istehsalçının ticarət nişanı, minerallaşma dərəcəsi, suyun təyinatı (müalicəvi süfrə və ya təbii süfrə), istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırma barədə qeyd, istehsal tariхi, saхlanma şəraiti və müddəti və s. məlumatlar göstərilməlidir. Spirtsiz içkilər aşağıda qeyd olunan müddətlərdə saхlanıla bilər:
qazlı içkilər - 30 gündən 6 aya qədər;
diabetiklər üçün içkilər və süni mineral sular - 15 günə qədər;
bütün növ düşes limonadları - 20 günə qədər;
təbii mineral sular və meyvə-giləmey-və şirələri - 1 ilə qədər;
qazlı içki konsentratları - 2 ilə qədər.
Germetik tarada pasterizə edilmiş şərbətləri uzun müddət, digərlərini 7 aya qədər, açıq şəkildə isə 20 gün müddətində saхlamaq olar.
Nazirlikdən bildirlib ki, saxlanma müddəti ötmüş spirtsiz içkilərdən istifadə edilməsi insanlarda zəhərlənmə, mədə-bağırsaq sisteminin pozulması və digər fəsadlara yol aça bilir.
Bu səbəbdən spirtsiz içki alarkən onun saxlanma müddətinə diqqət edin. Modern.az