“Azərbaycan may ayının 17-dən 22-dək qlobal şəhərsalma gündəliyinin müzakirəsinə ev sahibliyi edəcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) 182 ölkədən 45 mindən artıq iştirakçı qatılıb. Bu, ölkəmizin beynəlxalq nüfuzunun, qlobal problemlərin həllinə verdiyi davamlı töhfələrin, əməkdaşlıq və dialoq məkanı kimi tanınmasının göstəricisidir. Forum şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Tədbir çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olur. Həmin görüşlərdə bir daha ikitərəfli əlaqələrin inkişafında mövcud imkanlar geniş təhlil edilir, Azərbaycanın dayanıqlı inkişaf strategiyası təqdir olunur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyini şərtləndirən amillərdən bəhs edərkən ölkəmizin sabit, təhlükəsiz məkan kimi nüfuz qazanması xüsusi qeyd edilir. Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir. Ümumdünya Şəhərsalma Forumu məzmun və əhatə dairəsinə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra Təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiridir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın zəngin şəhərsalma təcrübəsinə malik olduğunu əsaslı şəkildə diqqətə çatdırdı: “Cənab İlham Əliyev bildirdi ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər.
Reallıq budur ki, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir, tarixi irsimizə münasibətimizin ən yaxşı göstəricisidir. Cənab İlham Əliyevin sözügedən çıxışında vurğuladığı kimi, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”.
Malik Həsənov vurğulayıb ki, hazırda tarixi Zəfərimizin reallıqlarına söykənərək Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri müasir şəhərsalmanın Azərbaycan təcrübəsinin təqdimatıdır: “İşğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan əsasında bərpa edilir. Müasir çağırışlar bərpa işlərində özünün aydın ifadəsini tapır. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları ümumilikdə azad edilmiş ərazilərimizdə şəhərsalmanın aydın mənzərəsini təqdim edirlər. Bu tədbirlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimi qəbul edildi. Azərbaycanın qısa müddətdə geniş miqyasda gördüyü bərpa işləri Forumda iştirakçıların diqqətinə çatdırıldı. Cənab İlham Əliyev “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır” söyləyərək bildirdi ki, bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.
Millət vəkili bildirib ki, hər bir tədbir uğurlu nəticələri ilə diqqətdə olur: “Dövlətimizin başçısı İlham Əliyev Forumun açılış mərasimində bu əminliyi ifadə etdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Təbii ki, bu əminliyə böyük əsaslar mövcuddur. Azərbaycanın tədbirə yüksək hazırlığı, mövzunun aktuallığı, iştirakçıların say tərkibi, Azərbaycanın regionda dayanıqlı inkişafa verdiyi davamlı töhfələr, hazırkı mərhələdə hər bir inkişafın əsasında dayanan sülhün, təhlükəsizliyin təmin edilməsi və sair kimi faktorlar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurlu nəticələrlə tarixə yazılacağına əminlik yaradır. Azərbaycan dayanıqlı şəhərlərin və yaşayış məskənlərinin qurulmasında nümayiş etdirdiyi müasir təcrübəsi ilə dünyanın diqqətindədir”.
Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsi də Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasının, ölkə Prezidentinə böyük etimadın nümayişi oldu: “Cənab İlham Əliyev müsahibəsində bir daha diqqəti hazırda azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan bərpa işlərinə yönəldərək bildirdi ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır. Müsahibədə diqqət göstərilən məsələlərdən biri də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr oldu. Bir daha vurğulandı ki, Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Azərbaycanla əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır”.
Millət vəkili bildirib ki, regionda ilk dəfə təşkil olunan bu tədbirlər şəhərsalma sahəsində ən dolğun müzakirələrin aparıldığı beynəlxalq platforma yaradıb. Beynəlxalq əhəmiyyətli tədbirlərin ardıcıl olaraq ölkəmizdə keçirilməsi Azərbaycanın etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir.