Bir qrup jurnalist Sabirabad rayonunun seldən zərərə çəkən bölgəsinə səfər edib. Səfər əslən Sabirabad rayonundan olan jurnalist Razi Abasbəylinin təşkilatçılığı ilə baş tutub. R.Abasbəyli Modern.az-a deyib ki, səfərdə məqsəd sel fəlakətindən sonra rayonun kəndlərində içməli və təsərrüfat suyunun olmaması, bu səbəbdən də həm əhalinin əziyyət çəkməsi, həm də əkin sahələrinin suvarılmaması barədə şikayətlərlə yerində tanış olmaq idi.
Rayon mərkəzindən 14 kilometr məsafədə yerləşən Zəngənə kəndinə gedən jurnalistlər qrupu sakinlərlə görüşüblər. Sakinlər may ayından etibarən, yəni Kür çayında suyun səviyyəsinin daşqın həddinə çatmasından sonra içməli və təsərrüfat suyunun təchizatı baxımından əziyyət çəkdikləri bildiriblər. Kənd sakini Atamalı Babayev deyib ki, hazırda Zəngənə ərazisində ciddi su problemi mövcuddur. «Biz xahiş edirik ki, səsimizi əlaqədar qurumlara çatdırasınız. Mən şəxsən rayon İcra Hakimiyyətində olmuşam. İcra başçısının müavini ilə görüşmüşəm. Vəziyyətlə bağlı kəndin bütün sakinlərinin şikayətlərini çatdırmışam. Mənə oradan deyiblər ki, bu işlə rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizov məşğul olur və məsələ ilə bağlı ona müraciət edək. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, Mirəziz müəllim bizim müraciətlərimizi eşitmək istəmir».
Zəngənənin digər sakini Kamal Şirəliyev bildirib ki, o da kəndin su problemi ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətində olub. «Mən icra başçının müavini Heydər Yaqubovla görüşmüşəm. O da mənə bildirib ki, bu problemi həll etməkdə acizdir. Daha sonra mən Mirəlif Əzizovuun yanında olmuşam. Ondan acizanə şəkildə xahiş etmişəm ki, bizim su problemimizin həllinə yardımçı olsun. Mənim 5 hektar pambıq sahəm, 10 hektar yoncam, 300 baş qoyunum su olmadığına görə məhv olur. Ümumi olaraq 105 hektar torpaq sahəm var ki, susuzluqdan yanır”. Kamal Şirəliyev deyib ki, Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizov onlara məlum olmayan səbəblərdən kəndi susuz qoyub: “Hazırda Sabirabad rayonunda fövqəladə vəziyyət mövcuddur. Amma Əzizov belə bir şəraitdə məzuniyyət götürüb istirahətə yollanıb. Kəndlər isə susuzluqdan məhv olur».
Zəngənə kəndinin sakinləri jurnalistlər bildiriblər ki, əkilən sahələrin suvarılması üçün su pulunu da vaxtında ödəyirlər. Həmçinin qeyd ediblər ki, M.Əzizov onlardan heç rüşvət də istəmir. Buna baxmayaraq, o ya işinin öhdəsindən gələ bilmir, ya da ümumiyyətlə bu işi görmək istəmir.
Zəngənə kəndinin 2 min hektardan çox əkin sahəsi hazırda susuzluq problemi üzündən məhv olma təhlükəsi altındadır. Kənddə 450-dən çox təsərrüfat mövcuddur. Suvarma sistemləri üzrə lazım olan kanallar da mövcuddur. Lakin Kür çayında baş verən gursululuq və daşqınlar nəticəsində çayın üzərindəki suvuran nasoslar ehtiyat tədbirləri üçün ərazidən çıxarılıb. Çayda suyun səviyyəsi aşağı düşsə də, nasosları bərpa edən yoxdur.
Zəngənə sakinləri deyiblər ki, problemlə bağlı yuxarı orqablara teleqramlar da vurublar. Əgər yaxın günlərdə onların problemləri həll edilməsə, o zaman yüzlərlə sakin Bakıya yürüş etməyi planlaşdırır.
Kənd sakini fermer Əfraz Əsgərovun sözlərinə görə, Zəngənədə su probleminin həll edilməsi ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq əlaqədar yerli təşkilatların rəhbərləri öz işlərini icra etmək istəmirlər. «Biz kəndin ağsaqqaları ilə yığışıb Zəngənəyə suvuran nasos yerləşən əraziyə getmişik. Təklif etmişik ki, əgər maddi problemləri varsa, kənd sakinləri ianə halında vəsait toplasın, nasosun bərpa edilməsi və işə salınması üçün bütün texniki işləri öz üzərimizə götürək. Nasosların işə salınması üçün lazım olan motor yağlarını da ala bilərik. Çünki bizə motorların işə salınması üçün yağın olmadığını bəhanə getirirlər. Bunu da həll edə biləcəyimizi görəndən sonra deyirlər ki, sadəcə olaraq Mirəlif Əzizovun göstərişi olmasa, bu işləri həyata keçirə bilməzlər. Min hektarlarla əkin sahəsi məhv olur. Təsərrüfatlarımız sıradan çıxır. Bizə kömək edən tapılmır».
Sabirabada gedən jurnalistlər qrupu Suvarma Sistemləri İdarəsinin rəisi Mirəlif Əzizovla görüşmək istəsələr də, onun doğrudan da məzuniyyətdə olduğu bildirlib.
Modern.az