Modern.az

Milli Məclis sədri Sankt-Peterburqda mühüm görüşlər keçirib

Milli Məclis sədri Sankt-Peterburqda mühüm görüşlər keçirib

Təhsil

29 Noyabr 2013, 13:04

Xəbər verdiyimiz kimi, Milli  Məclisin  Sədri Oqtay Əsədovun  başçılığı ilə parlament  nümayəndə  heyəti  MDB Parlamentlərarası Assambleyasının  Şura  və  39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq  şəhərinə səfərə gedib.

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya  Şurasının  və Rusiya  Federasiyası Federal Məclisi Federal  Şurasının  sədri  Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının  Sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin Sədri Nurlan Niqmatulinlə görüşüb. Bu haqda Modern.az saytına milli məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. 

Burada keçirilən görüşlərdə  ikitərəfli əlaqələrin inkişafı, parlamentlər  səviyyəsində  əməkdaşlığın  genişləndirilməsi, beynəlxalq  parlament  təşkilatlarında  qarşılıqlı  fəaliyyət və digər  məsələlər ətrafında  fikir  mübadiləsi  aparılıb. Parlament  rəhbərləri Azərbaycanda  gedən sürətli  inkişafı  izlədiklərini  və ölkəmizin bütün sahələrdə  nümunəvi   ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən  Prezident  seçkilərini yüksək qiymətləndiriblər. Prezident  İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən  prezident  seçilməsi  münasibətilə  təbriklərini  çatdırıblar. Noyabrın 28-də nümayəndə heyətinin üzvləri  MDB  PA-nın  Şura iclasında iştirak ediblər.   İclasın  gündəliyindəki 29 məsələdən biri - MDB  iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi olub. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən Prezident seçkiləri yüksək  qiymətləndirilib. Qeyd  olunub ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq  normalarına  uyğun keçirilib.  Milli Məclisin Sədri Oqtay Əsədov  Azərbaycanda  Prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə  yetirdiklərinə görə bu sahədə  fəaliyyət göstərən institut  və təşkilatlara  öz  təşəkkürünü  bildirib.

Xatırladaq ki, tədbirdə  deputatlardan  Sevinc  Fətəliyeva, Sədaqət  Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov,  Hacı Salayev, Milli Məclis  Aparatının rəhbəri Səfa  Mirzəyev  və  digər rəsmi  şəxslər iştirak ediblər.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı