Modern.az

UNEC rektoru: Kiçik dövlətlər üçün əsas resurs insan kapitalıdır

UNEC rektoru: Kiçik dövlətlər üçün əsas resurs insan kapitalıdır

Təhsil

Bu gün, 17:04

Mayın 21-də Heydər Əliyev Mərkəzi, UNEC və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR 2026) keçirilib.

“Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusuna həsr olunan konfransın açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, konfransın mövzusu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən müəyyən edilib. Rektor Süni intellektin kiçik dövlətlərdə, o cümlədən Azərbaycanda tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirib və təkliflər irəli sürüb:

“Bu günkü konfransda kiçik ölkələrdə süni intellekt strategiyasının özəlliklərindən danışacayıq. Kiçik dövlətlər üçün əsas məsələ “kopyalamaq” və ya öz modelini yaratmaq arasında seçim deyil. Ən effektiv strategiya ağıllı şəkildə öyrənmək və onu yerli reallığa uyğunlaşdırmaqdır. Kiçik dövlətlər adətən sıfırdan tam süni intellekt ekosistemi qurmaq üçün Amerika, Çin, nə də Avropa ittifaqı ilə müqayisə edilə biləcək resurslara malik deyillər və bu, həqiqətdir. Lakin kiçik dövlətlərin, o cümlədən Azərbaycanın başqa üstünlükləri var: Çeviklik, sürətli qərarvermə və təhsil sistemini daha operativ şəkildə islah etmək imkanı.

Kiçik ölkələr üçün süni intellektlə bağlı bir neçə prinsip əsas götürülməlidir:

1. Texnologiyaları deyil, islahatların məntiqini öyrənmək daha faydalıdır.

2. Süni intellekt milli mədəniyyətə və təhsil proqramlarına uyğunlaşdırılmalıdır.

3. Məhdud sayda, 2-3 prioritet istiqaməti müəyyənləşdirmək lazımdır.

4. Texnologiyalara deyil, ilk mərhələdə müəllimlərə investisiya yatırmaq lazımdır.

Ana dilində öz məlumat bazalarını və təhsil kontentini yaratmaq qaçılmaz görünür. Xüsusilə vacib olan bir məqamı vurğulamaq istəyirəm ki, süni intellekt dövründə əsas resurs cənab Prezident İlham Əliyevin dediyi kimi, neft deyil, insan kapitalının keyfiyyətidir. Məhz burada kiçik dövlətlərin böyük üstünlüyü önə çixir. Belə ki, kiçik ölkələr daha sürətlə:

- Universitetlər üçün süni intellekt köməkçiləri tətbiq edə bilər.

- Təhsil xidmətlərini rəqəmsallaşdıra bilər.

- Vahid təhsil məlumat platformaları yarada bilər.

- Fərdiləşdirilmiş təhsil tətbiq edə bilərlər.

- İmtahanların hazırlanması və analizində süni intellektdən daha tez və daha sürətlə istifadə edə bilərlər.

Buna görə də ən məntiqli formula kimi kiçik ölkələr üçün uyğun olan yanaşma qlobal texnologiyaları öyrənmək və həmin texnologiyaları lokal problemlərin həllinə yönəltmək lazımdır. Ölkənin başqa dövlətlərin təhsil sistemini tam şəkildə “kopyalamasına” ehtiyac yoxdur. Daha vacib olan süni intellektin müəllimi əvəz etmədiyi, əksinə, milli insan potensialını gücləndirdiyi öz intellektual təhsil modelini formalaşdırmaqdır. Tam əminliklə demək istəyirəm ki, bu, mümkündür və Azərbaycan üçün uyğun olan təhsil modelini qurmaq qısa zamanda reallaşdırıla bilər.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı