
Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov maliyyə çətinlikləri səbəbindən Moskvadakı bir neçə mülkünü itirəcək. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, İsmayılovun 100 milyon dollar borcu olduğu səbəbindən “Manqazeya” şirkətlər qrupuna təhvil verməli olduğu daşınmaz əmlakla bağlı sövdələşmə pozula bilər. Buna səbəb kimi isə ümumi dəyəri 50 milyon dollar olan Moskvanın Nikita bulvarında yerləşən bina və şəhərin qərbindəki mehmanxananın Azərbaycan Beynəlxalq Bankının balansına keçməsidir.
“Kommersant” qəzetinə açıqlama verən “Manqeziya” şirkətinin rəsmiləri məhkəmə vasitəsilə Telman İsmayılovdan borclarını almağa çalışdıqlarını desələr də, Azərbaycan hökumətinə məxsus olan Beynəlxalq Bank artıq biznesmenin “AST” şirkətinə məxsus iki əmlaka sahib olub. Halbuki, həmin mübahisəli obyektlər Azərbaycan əsilli biznesmenin “Manqeziya” şirkəti qarşısında borcunu bağlamaq üçün onlara verilməli idi. Lakin şirkət nümayəndələri ilə şəxsi söhbətlərində Telman İsmayılov həmin obyektlərin aktivlərinin Azərbaycan Beynəlxalq Bankına məxsus olduğunu etiraf edib. Bu səbəbdən də “AST” şirkətinin “Manqeziya”ya olan borcunu ödəməsi baş tutmayıb.
Qızılçıxarma, qaz, maliyyə və əmlak biznesi ilə məşğul olan “Manqeziya” şirkətinin prezidenti Sergey Yançukov Telman İsmayılovla 2010-cu ilin yayında tanış olduğunu deyib. 2010-2011-ci illərdə İsmayılova məxsus “Tandum” şirkəti “Manqeziya”nın törəmə şirkəti olan “Sezaria Ltd” ilə 100 milyon dollarlıq kredit müqaviləsi imzalayıb. “AST” şirkətinin strukturuna daxil olan “Tandem” 2013-cü ilin sentyabrına qədər krediti geri qaytarmalı idi. Lakin bu, baş verməyib. “Sezaria Ltd” bu səbəbdən 2014-cü ilin yayında Kiprin Nikosiya məhkəməsinə müraciət edərək İsmayılovun 135 milyon dollarlıq aktivlərinin dondurulmasını tələb edib. Bu aktivlər arasında “Manqeziya” şirkətinin iddialı olduğu əmlaklarla yanaşı, Türkiyədəki “Mardan Palace” lüks oteli, Moskvadakı “Safisa” şadlıq evi. “Marina” ticarət mərkəzi və s. var idi. Əmlak agentləri bu obyektlərin ümumi dəyərinin 1,6 milyard dollar olduğunu bildirirdilər.
Telman İsmayılov 2008-ci ilə qədər Moskvanın ən nüfuzlu biznesmenlərindən biri idi. Ona məxsus olan “AST” şirkətlər qrupu “Çerkizov” bazarına, “Boentorq” binasına, “Praqa” restoranına və Moskva ətrafındakı ərazidə 3 min hektar torpaq sahəsinə malik idi. Lakin 2008-ci ildə Çerkizov bazarındakı konteynerlərdə 2 milyard dəyəri olan saxta mallar aşkar olunduqdan sonra bazar söküldü. Bu hadisədən sonra İsmayılov Türkiyəyə köçməyə məcbur oldu.
“Forbes” jurnalı hazırda onun 750 milyon dollarlıq sərvətə malik olduğunu bildirir.
Modern.az