Modern.az

Müharibə şəraitində media necə fəaliyyət göstərməlidir? - FƏRQLİ BAXIŞ

Müharibə şəraitində media necə fəaliyyət göstərməlidir? - FƏRQLİ BAXIŞ

Təhsil

18 Noyabr 2014, 10:06


Aylardır ki, cəbhə bölgəsində gərginliklər davam edir. Müharibə şəraitində olan ölkə üçün belə bir vəziyyət gözlənilən olsa da, əskər hallarda KİV-lərin məsələyə müdaxiləsi və ictimayi rəyi yanlış yönləndirməsi nəticədə ölkədə əhali arasında ciddi çaşqınlıq yaradır.

Bir neçə gün öncə Azərbaycan ərazisində qanunsuz hərbi təlim təlim keçən düşmən helikopterinin məhv edilməsi bu məsələni bir daha gündəmə gətirdi. Belə ki, helikopeteri məhv edən zabitin görüntüləri sosial şəbəkələrdə yayımlandı. Ardınca isə saytlar və TV-lər işə keçdilər. Bəziləri bunun yanlış olduğunu, digərləri qəhrəmanı təbliğ olunmasında hər hansə sirrin açıqlanmadığını qeyd etdi.

Müharibə şəraitində yaşayan ölkənin mediası necə işləməli, hansı məsələlərə diqqətlə yanaşılmalıdır? Modern.az saytı bu suala müsahiblərdən cavab istəyib. 


Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri, deputat Cavanşir Feyziyev hərbi əməliyyatlarla bağlı olan məlumatların rəsmi icazə olmadan mediada yayımlanması məsələsindən danışaraq bildirib ki, təmas xəttində avqust ayından başlanan gərkinlikləri KİV-lər daha da şiddətləndirdi: “Sonra məlum oldu ki, həmin məlumatların böyük əksəriyyəti doğru deyil. Sayiələr əsasında, hansısa media qurumları həqiqətə uyğun olmayan məlumatlar vermişdi. Bu isə həm dövlət strukturları, həm də əhali tərəfindən sərt təpki ilə qarşılandı. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bununla bağlı müşavirə də keçridi. Və həmin zamanlarda Mətbuat Şurası da regionlarda  jurnalistlərlə vətəndaşların görüşünü keçirdi. Bununla da məsələ yoluna qoyuldu. Ancaq hesab edirəm ki, belə məsələlərdə yanlış addım atmaq yolverilməzdir”.
Deputatın fikirincə, son günlərdə baş verən hadisə müharibənin bir epizodudur: “Ona görə də media bu məsələnin üstündə çox dayanmamalıdır. Ümumiyyətlə, məsələ üzərində uzun-uzadı dayanmaq mediyanın işi deyil. Bu məlumat yayıldı və bitdi. Bunu müzakirə obyektinə çevirmək lazım deyil. Çünki cəbhə xəttində helikopterin məhv edilməsindən sonra da gərginliklər davam edir. Məsələnin hələ də gündəmdə qalmağı onu göstərir ki, KİV nümayəndələri yeni infiormasiya axtarışına o qədər də həvəsli və maraqlı deyillər. Helikopteri vuran zabitin şəklinin yayılması, ailəsindən reportaj hazırlanması isə məqsədəuyğun deyil. Administirasiyanın rəhbəri də qeyd etdi ki, hərbi əməliyyatlarla bağlı, xüsusən hərbi mövzuda yazan jurnalistlər diqqətli olmalıdırlar”.
C. Feyziyev qeyd edib ki, mətbuat azaddır: “Təbii ki, onlardan bu azadlıq alına bilməz. Ancaq media nümayəndələrimiz Azərbaycanın müharibə şəraitində olduğunu, müharibə mövzusu ilə bağlı ehtiyatlı və milli maraqlarımıza uyğun fəaliyyət göstərməli olduqlarını da unutmamalıdırlar. Mən bu mövzularda jurnalistlərimizin məsuliyyətli olmalarını xahiş edirəm”.


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif  Əliyev
isə son aylarda  mediada hərbi sahələrlə bağlı olan məsələlərin işıqlandırılmasındakı problemləri jurnalistlərdən çox, onlarla işləyən dövlət struktrurlarında görür.
“Media o qədər də günah sahibi deyil. Azərbaycan mediası kifayət qədər möhkəm deyil və tam oturuşmayıb. KİV nümayəndələrinin özlərininin güclü və etibarlı mənbələri olmalıdır. Əsas problem mənbələrlə işləməkdəki zəifliklərdir. Strukturlar media ilə işləməyi bacarmırlar, bu məsələdə yanlışlıqlara yol verirlər. Sonra da başlayırlar mətbuatı günahlandırmağa. Müdafiə Nazirliyinin son günlərdə verdiyi 3 məlumat ziddiyətli idi və cəmiyyətdə çaşqınlıqlar yaratdı. Müəyyən narazılıqlara səbəb oldu. Çünki daha çox müzakirə obyetinə çevrilmiş məlumatı jurnalistlər hazırlamamışdılar və hazırlaya bilməzdilər. Orada əks olunan hərəkətlər, məlumatların hamsını dövlət strukturları ötürürlər. İnformasiya mənbəyinin özündə qüsurlar var idi”.
A.Əliyev bildirib ki, cəbhə bölgələri ilə işləyən təcrübəli jurnalistlər də azdır. Hazırda jurnalistlərin daha çox rəsmi mənbələrlə işlədiyini deyən A.Əliyev media nümayəndələrinin öz mənblərinin olmasının vacibliyini vurğulayıb. O, həmçinin belə məlumatların ölkəmiz üçün yaradacağı problemdən də danışıb.
“Dövlət orqanları iş prinsiplərini düzgün qurmayıblar. Media ilə əlaqə qurmağı bacarmırlar. Onlar bəzən medianı həddindən artıq potensiallı hiss edilər. Dövlət orqanları hərbi sahə ilə bağlı yazan jurnalistlərlə heç bir iş aparmırlar.Yeganə iş ondan ibarət olur ki, onları yalnız tənbeh edirlər. Dövlət qurumları düşünməlidilər ki, onların media ilə işləyən mütəxəssisləri olsun. Müdafiə Nazirliyi bir neçə dəfə cəhd etdi, lakin hələlik məsələ yarımçıq qalıb. Nazirlik bununla bağlı müxtəlif sənədlər hazırlamışdı. Əgər o sənədlərdən yarısına əməl edilsə, düşünürəm bu problemlər həll oluna bilər. Qurumlar jurnalisti öz hakimyyətləri altında saxlamaqdan, onlara qarşı ehtiyatlı davranmaqdan əl çəksələr, bu hamı üçün müsbət hal olacaq”.


Media üzrə ekspert 
Ələsgər Məmmədli deyir ki, KİV hansı şəraitdə fəaliyyət göstəməsindən aslı olmayaraq peşakar olmalıdır.
“Müharibə şəraitində olmaq hüquqi ifadə deyil, müharibə şəraiti bədii ifadədir. Biz 20 ildən çoxdur müharibə vəziyyətindəyik. Mütəmadi olaraq atışmalar olur. Bu şəraitdə media peşəkar olmalıdır. İlk növbədə informasiyanın mənbəyinə istinad etmək, tərəflərin mövqeyini vermək, ədaləti olmaq, qanunla qorunan sirlərə hörmətlə yanaşmaq, bu və ya digər formada dövlər sirlərini yaymamaq lazımdır”.
Ekspertin sözlərinə görə, çox vaxt media nümayəndələri informasiya yayanda düşünmürlər ki, bunu tirajlamaqla nə qədər zərər verə bilərlər.
“Bunu ölçmədən hərəkət edirlər. Elə helikopterin vurulması məsələsinə gələk, biz düz etdik, lakin videogörüntülərin sosial mediaya çıxarılması, zabitin görüntülərinin çəkilib paylaşılması doğru deyildi. Bu məlumatları kimsə ötürüb, telefonla çəkib paylaşıb. Bunun rəsmi icazəsi olmadan paylaşılması doğru deyil. Müdafiə Nazirliyi, o cümlədən hərbi hissələrin nümayəndələri belə məsələləri diqqətdə saxlamalıdırlar ki, əgər hərbi sirlər və hərbi əməliyyat məlumatları varsa, o məlumatlar ətrafa sızmasın. Burada medianın rolundan çox, dövlət strukturlarının günahı var. Ancaq bütün media orqanlarının peşakar dərs almasına ehtiyac var. Bu fəaliyyətə elə univeristetlərdə jurnalistika fakültələrində başlamaq lazımdır”.

 Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı