Modern.az

Elman Rüstəmovdan banklarla bağlı xəbərdaredici çıxış

Elman Rüstəmovdan banklarla bağlı xəbərdaredici çıxış

Образование

18 Noyabr 2014, 15:06


“Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsinin səbəblərindən biri də OPEK üzvü olmayan ölkələrin neft hasilatını artırmasıdır. Digər tərəfdən isə əsas neft istehlakçılarında istehlakçı səviyyəsinin aşağı düşməsi neftin qiymətinin aşağı düşməsini şərtləndirir ”. 
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O, 2015-ci ilin dövlət büdcə layihəsi barədə danışarkən söyləyib ki, neftin qiymətindəki tərəddüdlər nəzərə alınıb və bu, Azərbaycanın iqtisadi inkişaf sürətini səngitməyəcək. 
Elman Rüstəmov deyib ki, möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi ilə bağlı proseslərə kifayət qədər hazırdır. 
Mərkəzi Bank sədri bildirib ki, neftin qiyməti 60-70 dollara düşərsə belə, Azərbaycan dövlət büdcəsinin gəlirləri xərclərindən çox olacaq. O, qeyd edib ki, ötən illərə nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artaraq 15 milyard dollara yaxınlaşıb. 
Bank sədrinin sözlərinə görə Azərbaycan yoxsulluq səviyyəsinin aşağı olduğu 25 ölkədən biridir. O, inflyasiyadan da danışıb: 
“Azərbaycanda inflyasiya da aşağı səviyyədədir. Lakin bizim tərəfdaşımız olan ölkələrdə orta inflyasiya 4.3 faizdir. Bu da Azərbaycana həmin ölkələrə müqayisədə rəqabət üstünlüyü yaradır. Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki kimidir. Bu gün bizim milli valyutamız çox sabitdir. Bizdə olan informasiyaya görə manat hətta bir çox ölkələrdə də qəbul olunur. Bundan sonrakı dövrlərdə də manatın məzənnəsinin sabitliyi təmin ediləcək. Mərkəzi Bank bank faizlərini də aşağı salmağa çalışır. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4.75 faizdən 3.25 faizə endirib. Bu ölkədə faiz dərəcələrinin azaldılmasına bir işarədir. Bankların kapitallaşma səviyyəsi 18 faizdir. Bank kapitalları bank vəsaitlərinin artan aktiv hissəsinə çevrilir və bu 1.8 dəfə artaraq 83 faizə çatıb. Hazırda bank aktivlərinin 90 faizini əhatə edən banklar bu normaya əməl ediblər”. 

O bildirib ki, Mərkəzi Bank bir neçə zəif, problemli banklarla iş aparacaq. Elman Rüstəmov əmanətlərlə bağlı problemlərdən da söz açıb: “Banklar əhalinin əmanətlərinə ziyan vurmaqla mənafelərini təmin edə bilməzlər. Bu gün banklarda kifayət qədər vəsait var və bu, normadan iki dəfə çoxdur. Lakin əmanətlərin artım tempinin aşağı düşməsi problemi var. Cari dövrdə əmanətlər cəmi 9 faiz artıb. Bu əvvəlki illərə nisbətən aşağıdır. Bununla yanaşı, faiz dərəcələrinin aşağı salınması üçün banklarda kifayət qədər vəsait var. Bu onu göstərir ki, əhali öz əmanətlərini yerləşdirmək üçün alternativ kanallar axtarır. Bazarda belə kanallar var. Ölkənin iqtisadiyyatının maliyyə dərinliyindən də danışmaq istəyirəm. Maliyyə dərinliyi deyiləndə, bütövlükdə bank aktivlərinin ümumi daxili məhsula olan nisbəti nəzərdə tutulur. Bu göstərici Azərbaycanda 78 faizə bərabərdir. Bu, orta inkişaf göstəricisi hesab olunur. Cari ildə istehlak kreditləri ötən ilin ilk doqquz ayı ilə müqayisədə 15 faiz azalıb. Əhalinin təbii ki, tələbatı var və kreditlər götürmək istəyir. Lakin həddindən artıq borclanma bir çox ölkələrin timsalında fəsadlara gətirib çıxara bilər. Banklar həm də ictimai fondlarla əhalinin əmanətlərini verməyə çalışır. Bankların pul qazanmaq xatirinə belə bir ekspansiyaya yol verməsi son nəticədə banklarln stabilliyinin itirilməsinə gətirib çıxarda bilər. Dövlətin isə borcu həm əhalinin, həm də bankların mənafeyini qorumaqdır. 2015-ci il üçün ipoteka kreditləşməsinə 10 milyon manat artırılıb. Bütövlükdə isə ölkədə ipoteka portfeli 1 milyard manatdır, yəni əhaliyə təxminən bir milyarda manatdan artıq ipoteka kreditləri verilib. Bunun təxminən 600 milyon manatı ipoteka fondu xətti ilə verilib. Qalan 400 milyon isə bankarın öz vəsaitləri hesabına verilib. İpoteka fondu vasitəsi ilə 15 min 400 ailə kredit alıb. Əhalinin tam şəkildə ipoteka krediti ilə təmin olunması isə təkcə hökumətin qayğısı deyil. Bizim ümumi strategiyamız var. Burada biz 3 əsas prinsipi əsas götürmüşük. Bunlardan biri güzəştli ipotekanın dövlətin himayəsində qalmasıdır. Biz bunu optimallaşdırmaq istəyirik. Kommersiya kreditləşdirilməsini isə daha da liberallaşdırmaq istəyirik”,-deyə Elman Rüstəmov məlumat verib.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı