Modern.az

Xankəndi məktəbində təhsil fədaisi Abdulla Qədirov anıldı - FOTOLAR

Xankəndi məktəbində təhsil fədaisi Abdulla Qədirov anıldı - FOTOLAR

Образование

23 Noyabr 2014, 21:49

Hələ Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbində təhsil aldığım illərdən müəllimlərimin, Qarabağda yaşayan məndən yaşlı nəslin nümayəndələrinin dilindən Abdulla müəllim haqqında sözün əsl mənasında həmişə böyük sözlər eşitmişəm-böyük ziyalı, böyük müəllim, böyük insan...

Abdulla Qədirov bu böyüklükləri ilə Qarabağda sayılıb-seçilən ziyalılardan, sözü bütöv, ötkəm kişilərdən olub. Dağlıq Qarabağda, Xankəndində təhsilin inkişafına xüsusi töhfələr verən Abdulla müəllimin bu bölgədə azərbaycanlıların maariflənməsindəki xidmətləri danılmaz və heç vaxt danılmayacaq faktdır.

Abdulla Qədirov 1945-ci ildən Xankəndində fəaliyyətə başlayan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin ilk direktoru olub. 1962-ci ilə qədər fasiləsiz bu məktəbə rəhbərlik edən Abdulla müəllim həmin dövrün çətinliklərinə, erməni millətçilərinin məktəbin normal fəaliyyəti üçün yaratdığı problemlərə baxmayaraq bütün bilik və bacarığını, gücünü, təşkilatçılıq qabiliyyətini səfərbər edərək Xankəndində olan bu yeganə təhsil ocağının yaşamasına, fəaliyyət göstərməsinə, azərbaycanlıların təhsil almasına nail olmağı bacarıb.

Pedaqoji işin kamil təşkilatçısı olan Abdulla Qədirovun təhsilin inkişafındakı xidmətləri heç vaxt diqqətdən yayınmayıb. El-obanın sevgisi, həyata vəsiqə verdiyi yüzlərlə şagirdinin hörmət və ehtiramı ilə yanaşı o, uzun müddət qüsursuz fəaliyyətinə görə sovetlər birliyi dönəmində ən ali mükafatlarla, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilib.

70 illik yubileyi astanasında olan Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbində bu gün də ilk direktor ehtiramla yad olunur, xatırlanır.

Noyabrın 22-də məktəbdə keçirilən tədbir də məhz Abdulla Qədirovun xatərəsinə həsr olunub.

Tədbirdə Abdulla Qədirovun ailə üzvləri, 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova, “Xankəndi” məcburi köçkünlərinə dəstək İstimai Birliyinin sədri Xatirə Vəliyeva, tanınmış tədqiqatçı-jurnalist Aydın Qarabağlı, Xankəndi ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları öncə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbində çalışmış dünyasını dəyişən müəllimlərin və şəhidlərin xatirəsini bir

dəqiqəlik sükutla yad ediblər. Sonra “Xankəndi bu gün” videoçarxı nümayiş olunub. Abdulla Qədirova həsr olunmuş guşəyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazim Xudiyev qonaqları salamlayaraq məktəbin bu günkü fəaliyyəti haqqında geniş məlumat verib.

Məktəbin şagirdi Səltənət Əliyeva qonaqları Abdulla Qədirovun həyat və fəaliyyəti ilə tanış edib.

Xatirə gecəsində Abdulla Qədirovun ilk şagirdlərindən biri olmuş, istefada olan mayor Küratan Quliyevə söz verilib. O, məktəb illərinin xatirələrini tədbir iştirakçıları ilə bölüşərək Abdulla müəllimin şagirdlərə olan münasibətindən, təkcə müəllim kimi deyil, həm də hər bir kəsə ata münasibəti göstərməyindən, vətənpərvərliyindən, onun insani keyfiyyələrindən danışıb.

Tədbirdə çıxış edən millət vəkili Flora Qasımova Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin tarixindən, bu təhsil ocağının fəaliyyətində Abdulla Qədirovun əvəzsiz xidmətlərindən geniş söhbət açıb. Millət vəkili çıxışının sonunda məktəbin şagirdlərinə elmlərə dərindən yiyələnməyi, bu yolda zəhməti olan müəllimlərini lazımınca dəyərləndirməyi tövsiyə edib.

Çıxış edən Abdulla Qədirovun qızı Ramella xanım tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib, atası haqqında kövrək xatirələrini bölüşüb.

Digər ailə üzvü, tanınmış təhsil eksperti Asif Cahangirov Abdulla müəllimin xatirəsinin anılmasına görə məktəb kollektivinə təşəkkür edib, Xankəndi məktəbinin zəngin təhsil ənənələrinə malik olduğunu söyləyib.

Xatirə gecəsində çıxış edən Aydın Qarabağlı, uzun illər məktəbə rəhbərlik etmiş Sabir Əliyev və digər natiqlər Abdulla Qədirov və Xankəndi məktəbi ilə bağlı təəssüratlarını bölüşüblər.

Məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii musiqili kompozisiya qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda qonaqlara jurnalist İlham Cəmiloğlunun yenicə işıq üzü görmüş “Yaxın, uzaq Xankəndi” kitabı təqdim olunub.













İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı