Modern.az

“Növbəti il Unibankda infrastrukturun inkişafı ilidir”

“Növbəti il Unibankda infrastrukturun inkişafı ilidir”

Təhsil

18 Dekabr 2014, 15:20


Unibank 2015-ci il üzrə planlarını açıqlayıb.

2015-ci ildə Unibank daha çox infrastrukturun təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması üzərində işləyəcəkdir. Bunu “Marja”ya Bankın İcraçı Direktorun birinci müavini Xalid Əhədov bildirib.

“Unibank son illər çox böyük templər ilə artmışdır. Güclü inkişafdan sonra bir dayanıb, infrastruktur üzərində işləmək lazımdır. Müştərilərin sayının artması infrastruktur üzərində xeyli işlər görməyi bizdən tələb edir. Bu işləri görüb, yenidən sıçrayış edəcəyik. Bu mütləqdir, bir bank 2-3 il aktiv irəlilədikdən sonra dayanıb, infrastruktura və texnologiyaya investisiya yatırmalıdır. Həmişə yalnız satışı düşünmək, infrastrukturu gücləndirmədən müştərilərin sayını artırmaq doğru deyil. Buna görə, gələn il bizim üçün “İnfrastruktur ili” olacaqdır”,- o deyib.

Prossesinq mərkəzini quracaq

Xalid Əhədov qeyd edib ki, infrastrukturun gücləndirilməsi işləri çərçivəsində “Unibank”ın prossesinq mərkəzinin qurulması nəzərdə tutulur:

“Gələn il prossesinq mərkəzimizi qurmağı planlaşdırırq. Bu bizə daha çevik olmağa, məhsul çeşidini artırmağa, əməliyyat xərclərini azaltmağa imkan verəcəkdir. Əməliyyat xərclərinin azaldılması kredit kartı üzrə tariflərin aşağı düşməsinə də təsir göstərəcəkdir”.  

Regionlarda yeni filiallar açılacaq

Xalid Əhədov bildirib ki, gələn il Unibank regionlarda yeni filialların açılması işini davam etdirəcəkdir:

“Regionların potensialına inanırıq. Gələn il də regionlarda genişlənməyimizi davam etdirəcəyik”.

Müştərini səsindən tanıyacaq

Gələn il Unibank yeni bank məhsullarının tətbiqi ilə də öndə olmağı hədəfləyir. “2015-ci ildə xidmət standartlarının daha da yüksəldilməsi, Avropadan yeni bank məhulları öyrənilərək tətbiq edilməsi prioritet olacaqdır. Məsələn, Qərbdə “My voice of my password” (Mənim səsim mənim parolumdur) adlı bank xidməti mövcuddur. Ona “Voice biometrics”, yəni səs biometrikası deyilir. Çox bahalı texnologiya deyil. Müştəri bankda hesab açdıqda onun səsi yazilir. Gələcəkdə müştəri banka zəng vurduqda “Voice biometrics” müştərinin səsini eyniləşdirir. Bank bilir ki, zəng vuran müştərisidir və onun əmrlərini yerinə yetirir. Müştəri səsli əmrləri ilə, hesabı üzrə qalığı öyrənir, köçürmələr edir və.s. Azərbaycanın qanunvericiliyinin icazə verdiyi bütün əməliyyatları səs ilə yerinə yetirmək mümkün olacaqdır”,- Xalid Əhədov əlavə edib.

“Bu məhsullardan Azərbaycanda yoxdur”

Bu ilin ortalarından başlayaraq Unibankın biznes kreditlərində ayrıca şəbəkə qurduğunu qeyd edən Xalid Əhədov, gələn il bu istiqamətdə yeni məhsulların təqdim ediləcəyini də bildirib: “Hazırda məhsulların üzərində iş gedir, bu məhsullardan Azərbaycan bankçılığında yoxdur”.

Qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində “Unibank”ın aktivləri 17% artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17% artaraq 696 milyon 895 min manata çatmışdır. Hazırda 38 filiala malik olan “Unibank” 710 775 müştəriyə xidmət göstərir. 2014-cü il ərzində Bankın müştərilərinin sayında 37% artım qeydə alınıb. Cari ildə Bankın kredit kartlarının sayı 20% və ya 50542 ədəd artaraq 298 500 ədədə çatmışdır. Unibank, 2014-cü ilin 11 ayı ərzində biznesə verilən kreditlərdə də yüksək artıma nail olmuşdur. Bank biznesə dəstəyini 56% və ya 74,9 milyon manat artıraraq 133,1 milyon manatdan 208 milyon manata çatdırmışdır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı