Modern.az

Ekspertdən hökumətə TƏKLİF: “Maaşlar 20 faiz artırılmalıdır”

Ekspertdən hökumətə TƏKLİF: “Maaşlar 20 faiz artırılmalıdır”

Təhsil

23 Fevral 2015, 15:49


“Mərkəzi Bank yumşaq devalvasiya olacağı ilə bağlı məlumat yaysa da, kəskin devalvasiyaya getdi. Sabah Mərkəzi Bank tərəfindən hansı məzənnənin müəyyənləşdirəcəyini indidən proqnozlaşdırmaq isə çox çətindir”.

Bunu Modern.az-a iqtisadçı-alim Vüqar Bayramov deyib.

"Manatın məzənnəsinin aşağı salınması büdcə gəlirlərini artırırsa, maaşlar 20 faiz qaldırılmalıdır"

O qeyd edib ki, 3 gün müddətində məzənnə müəyyənləşib: “Bu qərara iş həftəsinin ilk gününün də daxil edilməsi ondan xəbər verir ki, böyük ehtimalla Mərkəzi Bank bu gün maliyyə, istehlak bazarını müşahidə edəcək. Müəyyən məsləhətləşmələrin aparılacağı da istisna olunmur. Güman olunur ki, sabah manat üçün yeni məzənnə müəyyənləşdiriləcək”.

Ekspert hesab edir ki, əmək haqlarının ən azı 20 faiz artırılması labüddür: “Çünki istehlak bazarında bütün məhsulların qiymətində artım var. Əmək haqqı artırılmalıdır ki, istehlak bazarındakı artmı kompensasiya etsin. 2015-ci ilin dövlət büdcəsində sosial xərclər üçün 6 milyard manat vəsait ayrılıb. Bura əmək haqları, pensiayalar və sosial yardımlar da daxildir. İndiki mərhələdə manatın məzənnəsinin aşağı düşməsi dövlət büdcəsinin manatla gəlirlərinin artmasına gətirib çıxaracaq. Ona görə də dövlət büdcəsindən maliyyələşən vətəndaşlar üçün əmək haqlarının 20 faiz artırılması olduqca vacibdir, buna gedilməlidir”.

Manatla olan əmanətlərin indeksasiyası vacibdir

İqtisadçının fikrincə, kommersiya banklarında manatla olan əmanətlərin indeksasiyası da vacibdir: “Ona görə ki, vətəndaşların manatla olan əmanətləri dəyərini kəskin itirib. Əmanət sahibi manata, Mərkəzi Banka inanıb öz vəsaitini manatla yeləşdirib. Bu gün isə manat kəskin şəkildə dəyərdən düşüb. Bu həmin əmanətçinin vəsaitinin dəyərsizləşməsinə gətirib çıxarmamalıdır. Məsələn, vətəndaş bir neçə ay əvvəl banka 10 min manat vəsait yatırıbsa, həmin vəsait o vaxt 12 min 500 dollar idisə, hazırda dolların məzənnəsinin yuxarı qalxması, manatın məzənnəsinin aşağı düşməsi praktik olaraq 10 min manat artıq 10 min dollardan az məbləğ edirsə, itirilən 2500 dollar dövlət və ya Mərkəzi Bank tərəfindən ödənilməlidir. Ona görə də indeksasiya vacibdir”.

Problemli kreditlərin sayı artacaq

Vüqar Bayarmovun sözlərinə görə, Mərkəzi Bankın dollarla kredit götürən vətəndaşlarla bağlı xüsusi qaydalar tətbiq etməsinə də ehtiyac var: “Dollarla verilən kreditlərin hansı şəkildə ödənilməsi isə müqavilə şərtlərindən asılıdır. Əgər müqavilədə bu maddə öz əksini tapıbsa, təbii ki, buna riayət olunacaq. Yox, əgər qeyd edilməyibsə, yeni məzənnə ilə ödənməlidir. Güman olunur ki, kommersiya bankları ödənişi yeni məzənnə ilə istəyəcəklər. Ona görə də təklif edirik ki, Mərkəzi Bank kommersiya banklarına tövsiyə xarakterli məktub göndərsin. Ən azından, dollarla ödənilən kreditlərin illik faizi 30 faizdirsə, heç olmasa onu 15 faiz aşağı salsınlar.

Əks halda, vətəndaşlar dollarla götürdüyü kreditləri ödəməkdə çətinlik çəkəcək. Bu da kommersiya banklarında problemli kreditlərin həcminin artmasına gətirib çıxaracaq”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı