
“Hesab edirəm ki, cənab baş nazir hökumətin 2014-cü il hesabatını ətraflı şəkildə təqdim etdi”. Modern.az saytı xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, ölkədə makroitiqtisadi göstəricilər, Qazaxıstan, Belarus, Gürcüstan və Ermənistanla müqayisədə çox yüksəkdir.
Deputat qeyd edib ki, məcburi köçkünlərin həyat səviyyəsi, məişət şəraitinin yaxşılaşdırıması istiqamətində hökumət bir çox addımlar atıb.
“Xüsusi önəm kəsb edən məsələlərdən biri də bu idi ki, dövlət, hökumət son illər qarşısında çox mühüm bir məqsəd qoyub ki, qeyri-neft sektoru inkişaf etsin. Nəhayət ki, ilk dəfə idi ki, 2014-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı demək olar ki, 60 faizlik limiti keçdi, 62 faizə çatdı. Eyni zamanda, büdcədə də 30 faiz limit keçildi və 34 faiz büdcə gəlirləri qeyri-neft sektoru hesabına formalaşdı. Bu rəqəm bütöbvlükdə Ermənistanın dövlət rezervlərindən 25 dəfə, Gürcüstanın dövlət rezervlərindən 17 dəfə, Belarusun dövlət rezervindən 6 dəfə çox olmaqla, hətta neft ölkəsi olan Qazaxıstanı 40 faiz üstələyir”.
Milli Məclis üzvü onu da deyib ki, əhalinin məmnunluğunu təmin edən mühüm layihələrdən biri də biri də ASAN xidmətdir: “Ötən il 7 mərkəz tərəfindən 6.5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün də lazımı addımlar atılıb”,-deyə o söyləyib.
Deputatın sözlərinə görə kənd təsərrüfatının inkişafı istiqamətində də Azərbaycanda işlər aparılıb. Şura sədri bununla yanaşı, I Avropa oyunlarının reallaşması ilə bağlı Azərbaycan hökumətinin gördüyü işlərin də yüksək səviyyədə olduğunu vurğulayıb. Azay Quliyev deputatı olduğu Şirvan şəhərində olan problemlərə də toxunub:
“Şiravnın Bayramlı qəsəbəsində pambıq zavodu var idi. Sonralar onun fəaliyyəti dayandırıldı. Təklif edirəm ki, bu zavodun yenidən fəaliyyətə başlaması üçün işlər aparılmalıdır. Bu qəsəbədə işsizlik problemləri də mövcuddur. 3 mindən çox insan işsizdir”.
Aqşin Kərimov