
«Martın 10-da şiə teoloq və tərcüməçi Ceyhun Cəfərov saxlanıb». Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, o, casusluqda ittiham olunub və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
42 yaşlı Ceyhun Cəfərov «Space» televiziyasında «Gecə söhbətləri» verilişinin aparıcı olub. O, «Təkamül» Tərcümə Mərkəzinə rəhbərlik edib. Martın 4-də qardaşı ilə İrandan qayıdıb. Qardaşı qonşu ölkədə böyrəyini əməliyyat etdirib. Martın 10-da Cəfərov saxlanıb.
Digər məlumata görə, Cəfərovun həbsindən 2 həftə öncə beş sünni müsəlman saxlanıb. Onların içində İçərişəhərdəki Aşurbəy - «Ləzgi» məscidinin imamı Mübariz Qarayev də var.
«Ləzgi» məscidi hökumətin bağlamaq istədiyi sünni məscidlərdən biridir. Beş nəfər MTN tərəfindən saxlanıb, onlar barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu şəxslər qadağan olunmuş dini ədəbiyyat yaymaqda ittiham olunur. MTN təcridxanasında Yehovanın Şahidlərinə inanan iki məhbus da yatır. İrina Zakharchenko və Validə Cəbrayılova barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.