Fevralın 17-də Ukraynada keçirilmiş prezident seçkilərinin rəsmi nəticələri elan olunacaq. Modern.az xəbər verir ki, buna baxmayaraq dünya liderləri artıq prezidenti seçkilərində qalib gəlməsi münasibətilə Regionlar Partiyasının lideri Viktor Yanukoviçi təbrik edirlər.
Avropa Birliyinin liderləri və ABŞ Viktor Yanukoviçi prezident seçkilərində qalib gəlməsi münasibətilə ilk olaraq təbrik edənlərdir. Avropa Birliyinin prezidenti Herman Van Rompuye Yanukoviçə ünvanladığı məktubda seçkilərin ümumilikdə beynəlxalq standartlara uyğun keçdiyini yazıb. Fransa prezidenti Nikola Sarkozi Ukrayna xalqının azad, plüralist və demokratik seçkilərə səs verdiyini söyləyib. ABŞ prezidenti Barak Obama da Yanukoviçə zəng edərək onu qələbə münasibətilə təbrik edib, Ukrayna xalqını azad və ədalətli seçki keçirdiyinə görə alqışladığını bildirib. Xatırladaq ki, Yanukoviçi ilk təbrik edənlər arasında Rusiya prezidenti Dmitri Medvedev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da var.
Bu gün NATO baş katibi Anders Foq Rasmussen də Yanukoviçə təbrik məktubu göndərib. Ukraynadakı seçkilərin sərbəst, ədalətli və demokratik keçdiyini, region üçün daha bir önəmli nümunə olduğunu deyən Rasmussen qeyd edib ki, NATO Ukrayna ilə strateji tərəfdaşlığı dərinləşdirməkdə qərarlıdır. Rasmussen məktubunda Yanukoviçlə yaxından işləmək arzusunu çatdırıb.
Ukraynanın sabiq xarici işlər naziri Boris Tarasyuk isə Yanukoiçi qələbə münasibətilə təbrik edən dünya liderlərini qınayıb. O rəsmi nəticələr açıqlanmadan Yanukoviçin təbrik olunmasını qeyri-etik addım adlandırıb. “2004-ci ildə Putin Yanukoviçi təbrik etdi, prezident isə Yuşşenko oldu”,-deyə Tarasyuk bildirib.