Modern.az

Kamil olmalı, kamil görünməli

Kamil olmalı, kamil görünməli

Kültür

19 Dekabr 2011, 13:03

(İçsəs)

Böyük ruhani ustad Mövlanə Cəlaləddin Ruminin ölümündən 738 il ötür

***

Mövlanə Cəlaləddin Ruminin “Olduğun kimi görün, göründüyün kimi ol” kəlamı kimə aiddir, necə anlaşılmalıdır?

 ***

 Günümüzdə bu sözlə adamlar özlərinə bəraət imkanı axtarırlar: pozğun pozğunluğuna, yaltaq yaltaqlığına, yalançı da yalançılığına...

 ***

 Adamlar özlərinə haqq qazandırmaq üçün birbaşa sözün yiyəsinə dayanırlar: “Rumi deyir ki, olduğun kimi görün, göründüyün kimi ol.”

 ***

 Doğrudanmı, uca Rumi bu sözü onlar üçün işlədib? Adamlar Ruhaniyyatın nə olduğunu bilmədiklərindən bu kəlamda ali sübut kimi öz çirkin işlərinə də bəraət imkanı tapırlar.

 ***

 Ruminin dediyində adilər, ruhaniyyatdan qıraq adamlar üçün hansısa bəraət imkanı yoxdur. Ona görə də bu sözü yalnız ruhani baxımdan anlamaq gərəkdir.

 ***

 Ruhaniyyatda Olmaqla Görünmək arasında fərq olmur, yoxdur. Mövlanə də bu sözü müridlərinə onları kamil görmək istəyilə deyirdi. Ruhaniyyatçının içi ilə çölü bir olur. O, içdə necədirsə, üzdə də elədir.

 ***

 “Olduğun kimi görün” – yəni,

 İçəridə əxlaqlısan, üzdə də əxlaqlı ol: gerçəkliyin mahiyyətinlə bərabərləşsin.

 ***

 İçəridə mənəviyyatlısan, üzdə də mənəviyyatlı ol: mənəviyyatlı olduğun üzündən görünsün.

 ***

 İçəridə ləyaqətlisən, üzdə də ləyaqətli ol: baxan kimi ləyaqətin bilinsin.

 ***

 “Göründüyün kimi ol” – yəni,

 Üzdə əxlaqlı görünmək azdır, içəridə əxlaqlı olmalısan.

 ***

 Üzdə mənəviyyatlı görünmək azdır, içəridə mənəviyyatlı olmalısan.

 ***

 Üzdə ləyaqətli görünmək azdır, içəridə ləyaqətli olmalısan.

 ***

 Yəni görünmək, göstərmək azdır, həqiqi Əxlaqa, Mənəviyyata, Ləyaqətə çatmalısan.

 ***

 Göründüyünə uyğun ol, için üzünü, üzün içini təsdiq etsin.

 ***

 Gerçəklikdə İnsan Mahiyyətindən (İnsanlığından) aşağı görünür.

 ***

 Ruhaniyyatda isə İnsan Olduğu kimi görünür, Göründüyü kimi olur.

 ***

 Bu baxımdan, yalnız Kamil İnsan olduğu kimi görünə, göründüyü kimi ola bilər.

 ***

 Beləliklə, necə olmalı, necə görünməli?

 Əxlaqlı olmalı, əxlaqlı görünməli.

 Düzgün olmalı, düzgün görünməli.

 Doğruçu olmalı, doğruçu görünməli.

 Kamil olmalı, kamil görünməli.

 Olduğun kimi görünməli, göründüyün kimi olmalı!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı