Modern.az

Azərbaycanda vahid muzey kartı sistemi yaradılır

Azərbaycanda vahid muzey kartı sistemi yaradılır

Mədəniyyət

Bu gün, 10:09

Bu gün dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bir çox ölkədə muzeylər artıq klassik “bilet al-daxil ol” modelindən uzaqlaşaraq daha müasir və çevik sistemlərə keçid edir. Azərbaycanda da muzeylərə marağın artırılması və xüsusilə gənclərin bu məkanlara cəlb olunması ilə bağlı müzakirələr davam edir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, muzeylər xalqın yaddaşını yaşadan ən mühüm məkanlardan biridir:

“Muzeylər yaddaşdır. O mənəvi ərazidə qorunan hər bir eksponat xalqın yaddaşının, tarixinin və mənəvi kimliyinin daşıyıcısıdır. Amma zaman dəyişdikcə insanların həyat tərzi, maraqları və mədəniyyətə yanaşması da dəyişir”.

Deputat qeyd edib ki, müasir dövrdə muzeylər artıq yalnız eksponat nümayiş etdirilən məkan funksiyası daşımır:

“Bu gün dünya muzeyləri artıq yalnız sakit zallardan və vitrinlərdən ibarət deyil. Onlar canlı, dinamik, insanları özünə çəkən mədəniyyət məkanlarına çevrilirlər. Məhz buna görə bir çox ölkələrdə klassik ‘bilet al-daxil ol’ modeli artıq müasir dövrün tələblərinə cavab vermir”.

Elnarə Akimovanın sözlərinə görə, dünyanın bir sıra ölkələrində tətbiq olunan vahid muzey kartları və güzəştli sistemlər Azərbaycanda da maraq doğura bilər:

“Bu gün Avropanın bir çox şəhərlərində vahid muzey kartları tətbiq olunur. İnsan bir kart vasitəsilə aylarla müxtəlif muzeyləri ziyarət edə bilir. Bəzi ölkələrdə tələbələr və gənclər üçün xüsusi pulsuz günlər təşkil edilir, gecə muzeyləri layihələri həyata keçirilir, hətta rəqəmsal giriş sistemləri sayəsində insanlar telefondakı kodla muzeylərə daxil olur”.

Deputat hesab edir ki, Azərbaycanda vahid muzey kartı sisteminin yaradılması həm turizmin, həm də mədəni marağın artmasına təsir edə bilər:

“Məsələn, Azərbaycanda vahid muzey kartı sisteminin yaradılması çox uğurlu addım ola bilər. İnsan bir kart əldə edərək Bakıdan Şuşaya, Gəncədən Naxçıvana qədər müxtəlif muzeyləri rahat şəkildə ziyarət edə bilər. Bu həm turizmin inkişafına, həm də insanların tarixə marağının artmasına ciddi təsir göstərər”.

O bildirib ki, xüsusilə gənclərin muzeylərə marağını artırmaq üçün yeni yanaşmalara ehtiyac var:

“Etiraf etməliyik ki, xüsusilə gənc nəslin muzeylərə marağını artırmaq üçün ənənəvi yanaşmalar artıq kifayət etmir. Müasir dövr insanı daha interaktiv, daha rahat və daha əlçatan sistem istəyir”.

Deputat “gecə muzeyləri” layihəsinin də Azərbaycanda maraq doğura biləcəyini vurğulayıb:

“Təsəvvür edin gecənin sakitliyində işıqlandırılmış muzey salonları, musiqi proqramları, interaktiv təqdimatlar, canlı tarixi performanslar... Bu, sadəcə eksponata baxmaq deyil, tarixi yaşamaq demək olar”.

Elnarə Akimova rəqəmsal texnologiyaların tətbiqinin də vacibliyini qeyd edib:

“Mobil tətbiqlər, audio-bələdçilər, virtual reallıq imkanları, elektron biletlər müasir insan üçün həm rahatlıq yaradar, həm də muzeyləri daha cəlbedici edər. Dünya artıq rəqəmsallaşır və muzeylər də bu dəyişimin içində olmalıdır”.

Deputatın fikrincə, muzeylərə giriş sisteminin dəyişməsi yalnız texniki yenilik deyil, eyni zamanda mədəniyyətə münasibətin yenilənməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?