Sözün iki zirvəsi, iki böyük Sabiri - Mirzə Ələkbər Sabir və Sabir Rüstəmxanlı…
Biri satira ilə xalqın dərdlərini göstərdi, digəri milliliyin bayrağını sözün zirvəsinə sancdı.
Biri cəhalətin üzünə güzgü tutdu, o biri millətin alnına istiqlal işığı çəkdi.
Zaman dəyişdi, əsrlər biri-birini əvəz etdi, amma Sabir adı dəyişmədi. Sabir adı xalqın yaddaşına yazılmış taledir.
Mirzə Ələkbər Sabir də, Sabir Rüstəmxanlı da xalqın bağrından boy verdi.
Hər ikisi may ayında dünyaya gəldi. Birinin 164 yaşı tamam olur, digərinin 80 yaşı…
Amma ikisi də çox cavandır. Onların yaşı təqvimlə ölçülmür, yazdıqları misraların nəfəsi ilə hesablanır. Ruhları gənc olanlar heç vaxt qocalmırlar.
Mirzə Ələkbər Sabir bu xalqı yuxudan oyadan zəng oldu. O, sözlə savaşdı, cəmiyyəti sözlə silkələdi. Onun misralarında qəzəbli yanğı var. Bu yanğıda xalqını sevən adamın ağrısı boylanır. Sabir gülərək ağlayır. Hər misrası nadanlığın paslı zəncirlərini qırır.
Sabir Rüstəmxanlı isə başqa bir dövrün Sabiridir. O, milli ruhun yorulduğu anda sözə çevrilən ümid oldu. Onun poeziyasında Vətən torpağının qoxusu var. Misralarında Arazın həsrəti axır. Türkün sınmayan qüruru yaşayır. Sabir Rüstəmxanlı yazdıqları ilə şairlik sərhədlərini keçərək milli düşüncənin daşıyıcısına çevrildi. Sözü ilə bir xalqın içində istiqlal duyğusunu diri saxladı.
Qoşa Sabirlər…
Onlar tarixə çox böyük bir həqiqəti göstərdilər.
İnsan xalqın içində yaşayırsa, xalqın ağrısını özünükü bilirsə, heç vaxt unudulmur.
Onlar xalqın yaddaşında ikinci ömür yaşayırlar.
“Hophopnamə” də, “Ömür kitabı” da buna görə yaşayır.
Biri satiranın dili ilə milləti oyatdı, o biri milli ruhun dili ilə milləti ayaqda saxladı.
Bu gün Sabir Rüstəmxanlının doğum günüdür.
80 yaş…
Amma Sabir Rüstəmxanlı deyəndə göz önündə yenə də gənc bir ruh, diri bir söz adamı dayanır. Həmişə belə olacağı şəksizdir.
Xalqın gerçək sevgisini qazanmaq hər adama qismət olmur.
Sabir Rüstəmxanlı bunu bacardı.
Qoşa Sabirlər xalqın sevgisi, sözün ölməzliyi ilə həmişə yaşayacaqlar. Qoşa Sabirlər söz dünyamızda, ruh məkanımızda Qoşa Çinar kimidirlər. Yerin ən alt qatında da, göyün ən yüksəkliyində də onlar var.
Sanki bu gün Mirzə Ələkbər Sabir də göylərin bir yerindən öz adaşını təbrik edir.
Biz də Sabir Rüstəmxanlını ehtiramla salamlayırıq. Xalqın qəlbində əbədi yer tutduğu, sözün müqəddəsliyini qoruduğu və və millətin ruhunu yaşatdığı üçün onla sağ ol deyirik.
Sevinc MƏHƏRRƏMOVA