Modern.az

Ova çıxırıq, ayı ovuna…

Ova çıxırıq, ayı ovuna…

Country

7 Avqust 2010, 16:36

Xeyli vaxtdır bəzi qəzetlər nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Qəbələ rayonundakı istirahət məkanlarından birində qəfəsdə saxlanılan ayını kəsdirməsindən, bu heyvanın ətindən kabab çəkdirib yeməsindən yazırlar. Yazılanlara inansaq, Anar Məmmədovun israrlı tələbi ilə kəsilən ayıya görə nazir oğlundan 1 milyon manata yaxın pul alınıb. Ümumiyyətlə ayı əti yeməlidirmi, Azərbaycanda ayı ovuna icazə varmı, ölkəmizdə nə qədər ayı yaşayır? Modern.az bu suallara cavab tapmaq məqsədilə araşdırma aparıb.

Ayı vəhşi yırtıcı heyvanlar sırasına aiddir. Ayılar iri bədən quruluşuna malik  heyvanlardır. Ağırlıqları 40 kq-dən başlayaraq 780 kq-ya qədər çatır. Erkək ayılar dişilərdən daha iri olarlar. İri gövdələrinə baxmayaraq bu heyvanlar yaxşı bir dırmaşıcı və usta bir üzüçüdür. Ayılar ümumiyyətlə həm ət, həm də otla bəslənən heyvanlardır. Bu heyvanların bəslənməsində ət, balıq və meyvə əhəmiyyətli yer tutur. Ayılar meşələrin dərinliyində, gizlin yerlərdəki ağac oyuqlarında ya da böyük qayaların arasında yaranan çuxurlarda, mağaralarda yaşayarlar. Qış gəlməzdən əvvəl bol-bol bəslənərək kökələn ayılar qışda uzun müddət yuxuya da gedirlər. Amma bu uzun mürgüləmə gerçək bir qış yuxusu sayılmaz. Yəni hər an oyana və hərəkət edə bilərlər.

Ayılar təbiətdə yabanı olaraq 15-30 il qədər, tutulub insanlar tərəfindən saxlanıldıqda isə daha uzun müddət yaşaya bilirlər. Onların müxtəlif növlərui var: boz ayı, qonur ayı, qütb ayısı, panda və s.

Ayrı-ayrı mənbələrin məlumatına görə, qədim dövrlərdə bəzi insanlar güclü olmaq üçün ayı iliyi yeyirmişlər. Bəzi dövrlərdə insanlar ayı ətindən geniş istifadə ediblər. Hətta təbabət kitablarında ayı ətinin və piyinin  dərman olduğu, müxtəlif xəstəliklərin yaxşılaşmasına təsir göstərdiyi bildirilir. Məsələn, təbabətdə qeyd olunur ki, ayının piyi əl-ayaqdakı qırıq-çıxıq və burxulmalar olan yerlərə sürtülür, bronxit xəstəliyinin müalicəsində ondan istifadə edilir.

Saç tökülməsinə qarşı başa ayı piyi sürtürmüşlər. Revmatizm və bel  ağrılarında da ayı piyindən geniş istifadə olunub.

 

Bütün bunlara baxmayaraq, ölkəmizdə ayını birmənalı olaraq əti yeyilən heyvan hesab etmirlər. Amma araşdırmalar göstərir ki, respublikamızın bəzi bölgələrində ayı əti yeyilir, əksər bölgələrimizdə isə ayı ətini yemək haram sayılır.

Din xadimləri də ayı əti yeməyi günah sayırlar. Din xadimi Hacı Ələkbər Mirzəliyevin sözlərinə görə, şəriətə görə, ovunu azı dişləri ilə qapıb ovlayan və parçalayan heyvanların əti haramdır, yeyilə bilməz. Müsahibimiz deyir ki, Azərbacanda bu sıradan olan vəhşi heyvanlar siyahısına canavar, porsuq, sincab, samur, bəbir, it, pişik, vaşaq, tülkü, çaqqal kimi heyvanlarla yanaşı, ayı da daxildir. “Yəni şəriət bu heyvanların ətini iyrənc hesab etdiyindən onların dadına baxmaq haramdır, yeyilməz. İnsan təmiz məxluqdur. İnsanlar İslam dininin icazə vərdiyi heyvanların ətini yeməlidirlər”.

 

Dini yasaqlara baxmayaraq Azərbaycanın bəzi dağlıq bölgələrində ayı ətindən son illərdək istifadə olunub. İndi də həmin bölgələrdə imkan düşdükcə gizli ayı ovu həyata keçirlir.

Elə Anar Məmmədovun ayını kəsdirib yediyi Qəbələ rayonunda da gizli ayı ovunun həyata keçirilməsinə dair məlumatlar var. Qəbələnin Yengicə kəndindən olan bir tanışımın sözlərinə görə, vaxtilə kənd ovçularından kiminsə ayı ovlaması az-qala toy-bayram sayılırmış. Çünki ayı ovlanan günün axşamı bütün kənd ayı ətindən kotlet yeyirmiş.

 

Ayı ovundan söz düşmüşkən, hazırda Azərbaycanda ayı ovu rəsmən qadağandır. Amma 2004-cü ilədək respublikamızda ayı ovu mümkün imiş, indi ona güllə atmaq qəti qadağandır. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən bildiriblər.

 

Adı çəkilən Departament bu il 5 iyun tarixindən açılan 2010-2011-ci il üçün ov mövsümündə vəhşi heyvanların ovlanması müddətlərini aşağıdakı kimi müəyyən edib. Təkənin ovu 05 iyun-23 oktyabr 2010-cu il tarixlərində; Qabanın ovu (çöl donuzu) 13 sentyabr -25 dekabr 2010-cu il tarixlərində; Dovşanın ovu 11 dekabr 2010-cu il- 05 fevral 2011-ci il tarixlərində; Bataqlıq qunduzunun ovu (nutriya) 16 oktyabr 2010-cu il-26 fevral 2011-ci il tarixlərində;. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir. Vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir: Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı; Təkə - Zaqatala, Şəki, Qax, Oğuz ; Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı. Göründüyü kimi, ovuna rəsmən icazə verilən vəhşi heyvanlar siyahısında ayı yoxdur. (Yeri gəlmişkən, Avropa ölkələrinin əksəriyyətində də ayı ovu qadağan edilib. Hətta bəzi şimal xalqları ayını ilahiləşdiriərək, onun ovunu günah və axmaqlıq sayılır-A.Q.) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı çəkilən departamentindən onu da bildiriblər ki, qanunla Azərbaycanda ayılar ancaq Zooparkda və ya vəhşi təbiətdə yaşa bilər. Bu heyvanların hansısa restoranlardakı qəfəslərdə saxlanılması qadağandır. Amma bəzi məmurların himayəsində olan restoranlar müştəri cəlb etmək üçün öz həyətlərindəki qəfəslərdə müxtəlif heyvanlar kimi, ayı da saxlayırlar.

 

2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reydlər zamanı iaşə müəssisələrində qanunsuz saxlanılan 2 baş ceyran, 2 baş canavar, 4 baş dovşanla yanaşı, 1 baş ayı da müsadirə olunub. Həmin heyvanlar Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasında bərpa prosesi keçdikdən sonra təbiətə buraxılıblar. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adının çəkilməməsini istəyən əməkdaşı deyib ki, heç də bütün restoranlarda reydlər keçirə bilmirlər, bəzi hallarda onları iaşə obyektlərinə heç yaxın buraxmırlar. Həmin obyektlərin kimə məxsus olduğunu öyrənəndə, nazirlik əməkdaşlarının özləri də susmağı üstün tuturlar.  Çox güman ki, Anar Məmmədovun ayı kababı yediyi restoran da belə iaşə obyektlərindən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatına görə, Azərbaycanda əsasən qonur ayı növünə rast gəlinir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2009-cu ildə Azərbaycan ərazisində yaşayan qonur ayıların sayı 1745 baş təşkil edib. Azərbaycan folklorunda ayılarla bağlı çoxlu deyimlər, lətifələr, atalar sözləri var. Maraqlıdır ki, həm folklorumuzda, həm də yazıçı və şairlərin əsərlərində ayılar nədənsə axmaq heyvan kimi təsvir olunur. Məsələn, “Ayı və şir” şeirini yəqin ki hamı bilir: şir ilə əlbir olub dovşan ovlayan ayı onu bölə bilmir. Bir-birlərini didib-parçalayan bu iki nəhəng heyvan özlərini taqətdən salanda, bir tülkü gəlib dovşayı qamarlayıb aradan çıxır. Ayının axmaq kimi təsvirinə dair daha bir misal: Tülkü, tülkü, tünbəki, Quyruq üstə lənbəki,   Ayı axmaq, donuz toxmaq, Qurd ulavuş, çaqqal çavuş... Yazının sonunda ayı ilə bağlı bir lətifəni də qeyd etmək yerinə düşər:

Bir kənddən Bakıya oxumağa gedən cavan oğlan 10 il sonra doğma el-obasına baş çəkməyə qayıdır. Oxuyub Bakıda işləyən bu adamı kənddə tay-tuşları hörmət-izzətlə qarşılayır, onu ən ağıllı hesab edirlər. Bir gün tay-tuşları ona təklif edirlər ki, ayı ovuna çıxaq. Bu ağıllı da tüfəng götürüb kənd cavanları ilə qalxır dağa. Ayı olan mağaraya yaxınlaşanda cavanlar hörmət əlaməti olaraq ona deyirlər ki, sən bir qədər uzaqda dayan, içəri girmə. Mağaraya girməyə onsuz da qorxan “qəhrəman” o saat razılaşıb 1 km uzaqda dayanır. Cavanlar girirlər mağaraya ki, ayını hirsləndirib bayıra çıxarsınlar. Bir müddət keçəndən sonra “qəhrəman” görür ki, əli tüfəngli cavanlar mağaradan çıxıb kəndə sarı qaçmağa başlayırlar, bir ayı da onların dalınca düşüb. Uzaqdan ona da işarə edirlər ki, sən də qaç. Bu ağıllı da özünü qəhrəman kimi göstərmək üçün qışqırır ki, “əə nə qorxaqsınız, əlinizdə tüfəng bir ayıdan qorxub hara qaçırsınız..?”.  Sonra da qaldırıb qoşalüləni ayını vurub öldürür. Axırda da özündənrazı halda dayanıb gözləyir ki, hamı indi gəlib onu təbrik eliyəcək. Cavanlar isə əksinə, ona yaxınlaşıb acıqlı-acıqlı qışqırılar: “Neynədin əəə, sən? Guya sən qədər ağıllı deyilik həə? İndi götür, zəhmət çək ayını kəndəcən daşı!”

Deməyəsən, cavanlar “ağıllı”nın düşündüyü kimi qorxub qaçmırmışlar, onların məqsədi 300 kq-dan ağır olan ayını kəndə yaxınlaşdırb öldürmək imiş...

Adəm Qorxmaz 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı