Modern.az

Əli Əhmədov: “Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

Əli Əhmədov: “Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

Образование

17 Aprel 2013, 12:55

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov partiyanın Yasamal rayon təşkilatının fəalları ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı Ə. Əhmədov bildirib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar YAP mütəmadi olaraq yerlərdə fəallarla görüşlər keçirməyə başlayıb.

Ə. Əhmədov deyib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı olaraq prezident İlham Əliyevdir. O partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib və əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində qalib İlham Əliyev olacaq: “Onun qələbəsini Azərbaycan xalqı təmin edəcək və partiya olaraq bizim vəzifəmiz də seçki kampaniyasını yüksək səviyyədə keçirmək, öz töhfəmizi verməkdir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi prezident görmək istəyir”.

Ə. Əhmədov bildirib ki, YAP seçkilərə geniş və sanballı tərkiblə gedir: “YAP təkcə üzvlərinin sayı ilə deyil, üzvləri arasında ziyalıların, böyük nüfuza malik olan şəxslərin olması ilə də seçilir”. YAP-ın sədr müavini qarşıdan gələn seçkilərdə Yasamal rayonundakı partiya fəallarına seyrçi mövqedə dayanmağı yox, fəal təbliğatçıya çevrilməyi tapşırıb.

“Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır. Dünya praktikasında da məhz belədir”.

Əli Əhmədov Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı təklifi jurnalistlərə belə şərh edib.

Ə. Əhmədov qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri kampaniyasında belə bir məsələnin irəli sürülməsi reallığa uyğun deyil: “İndi söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir. Müxalifət mətbuatı bu kimi xəbərləri yalnız dezinformasiya məqsədilə yayıb və indiyə qədər onların yazdıqları dezinformasiyalar ictimai rəydə hər hansı bir təlatüm yarada bilmədiyi kimi, bu gün də yaydıqları informasiyalar ictimai rəyi dəyişdirməyəcək”. 

Əli Əhmədov bildirib ki, müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur: “Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib və bununla əlaqədar hər hansısa dəyişikliyin həyata keçirilməsi yalnız Konstitusiyada dəyişiklik olacağı təqdirdə mümkündür. Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər. Hazırda da belə bir proqram yoxdur. Biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi vəzifəsi ilə məşğuluq”.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı