Modern.az

“Dağlıq Qarabağ erməniləri yalnız milli QHT-lər üçün müsabiqəyə qatıla bilər”

“Dağlıq Qarabağ erməniləri yalnız milli QHT-lər üçün müsabiqəyə qatıla bilər”

Eğitim

15 Avqust 2013, 11:14

“Xarici ölkə QHT-ləri üçün elan edilmiş müsabiqəyə Dağlıq Qarabağda yaşayan ermənilərin yaratdıqları QHT-lər qatılmayıb”. Bunu Modern.az-a Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib. Onun sözlərinə görə, müsabiqə şərtləri müəyyənləşdirilərkən hansı ölkələrin qeyri-hökumət təşkilatlarının layihələrini qəbul ediləcəyi barədə məlumat verilib. “Bu, 15 ölkədir: Fransa, Böyük Britaniya, Belçika, Almaniya, Avstriya, Macarıstan, Polşa, Norveç, Rusiya, Türkiyə, ABŞ, Çexiya, Ukrayna, İsveçrə və Litva. Yəni Ermənistan dövlətinin adı siyahıda yoxdur”.

E. Behbud bildirib ki, Azərbaycan QHT-nin tərkibində Dağlıq Qarabağ QHT-ləri layihə verə bilər. “Çünki ora Azərbaycan ərazisidir və xarici QHT deyillər. Azərbaycan QHT-i üçün müsabiqə bitib və qaliblər elan olunub. Onların da arasında hazırda işğal altında olan Dağlıq Qarabağ ərazisində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin qurduğu hər hansı QHT –dən layihə təklifi alınmayıb”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin birinci turu başa çatıb. Müsabiqəyə ümumilikdə 15 ölkədən (Fransa, Böyük Britaniya, Belçika, Almaniya, Avstriya, Macarıstan, Polşa, Norveç, Rusiya, Türkiyə, ABŞ, Çexiya, Ukrayna, İsveçrə və Litva) 91 layihə daxil olub. Bunlardan 4-ü “insan hüquq və azadlıqlarının qorunması”, 6-sı “gələcəkdə oxşar faciələrin qarşısının alınması məqsədi ilə Xocalı Soyqırımı haqqında məlumatların Avropa və ABŞ ictimaiyyətinə çatdırılması”, 15-i “Ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinə qarşı mübarizə”, 28-i “Sülh və təhlükəsizliyin möhkəmləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində)” və 38-i isə “Ölkələr və vətəndaş cəmiyyətləri arasında uğurlu əməkdaşlıq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi” mövzusuna aiddir.   

 

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı