Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səslənib və fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edildi.
Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Rəsmi qarşılanma mərasimindən sonra Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Modern.az