
“Mən İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupunun bərpasından və hazırkı fəaliyyətindən çox razıyam”. Bunu Modern.az saytına açıqlamasında hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun atası Fikrət Axundov söyləyib.
İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyevlə görüşdüyünü, bəzi məsələlər barədə danışaraq fikir mübadiləsi apardığını deyən NİDA-çının atası deyib ki, onun İşçi Qrupuna etimadı böyükdür:
“Çünki həbsdə olan NİDA-çıların azadlığa çıxması üçün Əliməmməd müəllim də daxil olmaqla bu İşçi Qrupunun göstərəcəyi bütün səylərə inanıram. Dünən oğlum Rəşadətlə telefon əlaqəsi yaradaraq, bu qrupla əməkdaşlıq edəcəyimi bildirdim və o mənim bu təşəbbüsümə heç bir etiraz bildirmədi. Əksinə, dedi ki, o, İşçi Qrupunun üzvlərini tanıyır və əməkdaşlığa narazılığı yoxdur”.
Fikrət Axundov onu da əlavə edib ki, oğlu həbs olunandan bu günə kimi ona hər hansı təzyiqlər olunmayıb.
L.SƏMLA