Modern.az

Marneulidə azərbaycanlıların məktəbi yanıb

Marneulidə azərbaycanlıların məktəbi yanıb

Təhsil

13 Dekabr 2014, 15:39



Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qasımlı kəndində orta məktəb binası yanıb.
Qeyd edək ki, bu kənd Ermənistan sərhədindən təxminən 2 km, Marneuli rayon mərkəzindən isə 30 km aralıdadır.

Bu barədə Modern.az-a Gürcüstantandakı əməkdaşımız məlumat verib.
Yanğına sinif otaqlarından birindəki sobadan düşən qığılcımın səbəb olduğu göstərilir.
Tam yararsız hala düşmüş məktəbdə 400 şagird təhsil alırdı. Onların təlim-tərbiyəsi və tədrisi ilə 60-a yaxın müəllim heyəti məşğul olurdu.
Yanğın baş verən zaman binada heç kəs olmayıb və xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Yerli sakinlər yanğının söndürülməsinə çalışsalar da, kənddə su olmadığı üçün buna nail ola bilməyiblər. Yanğınsöndürənlər isə hadisə yerinə 1 saat 30 dəqiqədən sonra gəliblər. Bunun isə yanğına heç bir köməyi olmayıb.
Kəndə əvvəllər tikilmiş üçmərtəbəli tədris ocağı 20 ildən artıqdır ki, qəzalı vəziyyətdədir. Məktəbin belə vəziyyət düşməsinə isə 1988-ci ildə Ermənistanda baş verən zəlzələ səbəb olub. Həmin ildən də şagirdlərin qəzalı binada dərs keçmələrinə icazə verilmirdi. Şagirdlər məcbur olaraq köhnə kolxoz binasında çətinliklə də olsa dərs keçirdilər. İndi həmin binanın da yanması vəziyyəti daha da çətinləşdirib.
Məktəb direktoru Əhməd Nağıyev bildirib ki, 20 ildən artıqdır ki, döymədikləri qapı, getmədikləri ünvan qalmayıb ki, onlara bir tədris ocağı tikilsin.
Onu da bildirək ki, məktəb müəllimləri şagirdlərinin digər məktəblərə bölünərək dərslərinin davam etməsinə narazılıq edirlər. Onlar öz kəndlərində təcili məktəb binasının tikilməsini istəyirlər.
Marneuli rayon maarif şöbəsinin müdiri Ruslan Hacyev bildirib ki, Qasımlı kənd məktəbinin şagirdləri, yaxın qonşu kəndlərin məktəblərində - Ulaşdı, Beytərafçı və Beytarlı məktəblərində müvəqqəti də olsa dərs keçməyə məcburdurlar. Belə vəziyyətdə başqa çıxış yolu yoxdur. Yaxın aylarda Qasımlıda yeni məktəb binası tikilməlidir. Artıq bununla əlaqədar Gürcüstanının Elm və Təhsil nazirliyində müzakirələr aparılır. Şöbə müdirinin sözlərinə görə, məktəb binası Qasımlı kəndində mütləq tikiləcək.
Kənd sakinləri və müəllimlərin sözlərinə görə, vəziyyət belə davam etsə, yəni tezliklə yeni məktəb binası tikilməsə kənd bu ərazidən köçəcək.

 Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı