Milli Şura bu gün saat 15.00-da “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Talana son" şüarı ilə icazəli etiraz aksiyası keçriib.
Modern.az-ın məlumatına görə, aksiyanı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aparıb. O, Milli Şuranın aksiya keçirməsinin bir sosial tələb olduğunu bildirib.
Mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirilib.
AXCP sədri Əli Kərimli çıxışı zamanı ölkədəki sosial problemlərə görə hakimiyyəti ciddi tənqid edib. Ə.Kərimli meydana müraciət edərək aksiyaların davamlı olmasını istədiklərini vurğulayıb. Siyasi məhbus məsələsindən danışan AXCP sədri bu haqsızlığın dözülməz olduğunu qeyd edib. “Ölkədə köklü dəyişikliyə nail olmalıyıq. Əminəm ki 15 martda başlayan proses davamlı olacaq və biz öz azadlığımıza qovuşacayıq".
AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin siyasətinin nəticəsi olaraq xalqın acınacaqlı duruma düşdüyünü deyən G.Bayramlı vurğulayıb ki, baş verənlərə görə məsuliyyəti hazırkı iqtidar daşıyır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışları zamanı ölkədəki bahalaşmanı pisləyiblər.
Milli Şuranın sədri Cəmil Həsənli isə deyib ki, hakimiyyət aksiyanın izdihamlı keçməsinin qarşısnı almaq üçün müxtəlif üsullardan istifadə edib. C.Həsənli ölkədə sosial durumu tənqid edərək, hakimiyyətdən hesabat tələb edib.
Sonda mitinqin qətnaməsi oxunub.
Mitinqin qətnaməsində hökumətdən tələb edilir ki, manatın ucuzlaşması nəticəsində xalqa dəymiş ziyan kompensasiya edilsin, əmək haqları artırılsın, sahibkarlardan toplanan qeyri- qanuni ödənişlər ləğv olunsun, gömrükdə rüşvət yığışdırılsın, Avropa Birliyi ilə assosiasiya sazişi imzalansın.
Mitinq dövlət himninin sədaları altında yekunlaşdırılıb.





Modern.az