Modern.az

Zahid Oruc İqtisad Universitetində gördüklərindən yazdı

Zahid Oruc İqtisad Universitetində gördüklərindən yazdı

5 İyul 2017, 11:37

Zahid Oruc,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü

 

Bu günlərdə parlament üzvü kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rektor Ədalət Muradovun iştirakı ilə keçirilən vətəndaş qəbulunda iştirak etdim. Təhsil dövrünü sovet illərində keçmiş biri kimi bu tamamilə yeni bir hadisə idi. Lakin müstəqillik illərimizdə də bizim üçün ali təhsil ocaqlarında rektor-tələbə, rektor-valideyn, rektor-vətəndaş münasibətləri, ictimai əlçatanlıq, cəmiyyətin təhsil sisteminə yaxınlığının təminatı o qədər də önəm daşımırmış. Biz son illər ərzində Qərb təhsil modelini yaxından gördükcə, tanış olduqca, dövlətimiz tərəfindən həyata keçirilən xaricdə təhsil proqramında yer alan tələbələrimizin ölkəyə gətirdiyi dünyagörüşü hiss etməkdəyik. Ondan kənarda biz bunların şahidi olmamışıq.


Qəbulda media nümayəndələri, parlamentin təmsilçisi, universitetin rəhbər şəxsləri iştirak edirdi. Burada istər akademik prossesə aid olan, istərsə də inzibati, texniki, təşkilati məsələlərlə məşğul olan şəxslər də iştirak edirdi. Görüş zamanı çox şəffaf, açıq müraciət etmiş insanlara diqqətli bir münasibətin şahidi oldum. Həqiqətən də bu çox önəmlidir. Ümumiyyətlə, hər bir ali təhsil müəssisəsini idarə edən şəxsin əlçatanlığı, cəmiyyətlə ünsiyyət körpülərini yaxşı qurması bir tərəfdən həmin universitetin nüfuzu üçün çox önəmlidir, digər tərəfdən isə orta həlqələrdə mövcud olan hər hansı problemləri yerindəcə aradan qaldırmağa imkan verir.  Əks halda, biz bəzən kənbar vasitələrə müraciət etmək istəyində oluruq. Bu da təhsilimiz haqqında ictimai rəydə, media məkanında müxtəlif tənqidi mülahizələrə yer açır. Düşünürəm ki, digər önəmli məsələ ondan ibarət idi ki, mən orada təqribən 7-8 yaxşı oxuyan tələbənin gələcək həyatı üçün narahat olmalarını, bundan ötrü daha yeni-yeni təşəbbüslərlə çıxış etmələrini və bunu rektordan istəmələrinin şahidi oldum. Bu da çox əlamətdar hadisə idi. Doğrudur, universitet həyatı çoxşaxəlidir. Orada sosial problemlərə düçar olanların həyat qayğısı var. Onlar təhsil haqqından başlayır, universitet imtahanlarından yüksək nəticə əldə etməyə qədər. Bunlar başa düşüləndir. Lakin hər bir məsələdə bunlar aydınlaşdırılmalı və münasibət bildirilməlidir.


Qəbul zamanı şahidi olduq ki, 300-dən artıq tələbə xarici dildə orada təhsil almaqla ölkənin gələcək həyatı üçün hazırlanmaqdadırlar. Sovet dövründə UNEC-i eksperiment meydanına çevirənlər bu ölkəni iqtisadi elitadan məhrum etmək istəyirdilər. Düşünən beyinlər olmasın, iqtisadi prossesləri təhlil edə bilməsinlər, yalnız neft resusrsundan asılı qalaq, bu ölkənin peşəkar maliyyəçiləri, bank mütəxəssisləri, mencerləri olmasın deyə UNEC-i zərbə hədəfinə çevirmişdilər. Hazırda çox önəmli islahatlar həyata keçirilməkdədir.  Bir neçə gün bundan öncə universitetin dəvəti ilə dünyada elm sahəsində ən yüksək ödüllərdən olan Nobel mükafatının sahibi Əziz Səncər dəvət olunmuşdu. Biz də həmin tədbirdə iştirak etmişdik. Bu addımın universitetin təhsil mühitində nə qədər yaxşı olduğunun şahidinə çevrildik. Alim obrazı, statusu, fəaliyyəti , ona cəmiyyətdə münasibət, təhsil həaytında yeri çox önəmli məsələlərdir. Hazırda biz belə bir çağırışlar qarşısındayıq. Düşünürəm ki, Nobel mükafatçısı olan belə bir elm adamının həyatı hər birimiz üçün örnəkdir.

Mən qəbul zamanı bir neçə tələbəyə tövsiyyə etdim ki, dünyada başqa cür var-dövlət, resusr ən müxtəlif imkanları əldə edə bilərsən, amma onların itirilməsi də mümkündür. Ancaq dünyada bu gün elmsiz hərəkət etmək çox çətindir. Təhsil hər bir millətin həyatının fundamentidir. Onun özülüdür. Qəbulda dedim ki, o cəhətdən belə idarəetmə, yeniliklər təkcə bir ali təhsil müəssisəsi çərçivəsində deyil, onun xarici əlaqələr, reytinq şkalaları qarşısında yer tutmağı qarşısına qoyan hər bir təhsil ocağı üçün nümunə olmalıdır. Düşünürəm ki, rektorun fəaliyyəti təqdirəlayiqdir. Bir neçə həmkarımız da belə görüşlərdə iştirak edibdir. Bu bizə imkan verir ki, hüquq, qanunvericilik baxımından hansısa tədbirləri həyata keçirək. Həmçinin media da bu prossesləri daha yaxşı işıqlandırsın. Hesab edirəm ki, belə tədbirlər Azərbaycanda ali təhsil sistemində həyata keçirilən ən yaxşı işlərdir. Biz də buna öz dəstəyimizi verməliyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi