Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzrə hazırlıq işlərinin 2026-cı ildə başlayacağına əmindir.
Modern.az-ın məlumatına görə, Paşinyan bu açıqlamanı hakim “Vətəndaş müqaviləsi” Partiyasının seçki platformasını təqdim edərkən verib.
"Əminəm ki, hazırlıq işlərinə 2026-cı ildə başlayacağıq. Hesablamalarıma görə, elektrik xətləri daha tez işə düşəcək...
Bu layihə həmçinin bir çox iş yeri yaradacaq və ümid edirəm ki, biz Ermənistan vətəndaşlarına iş yeri təmin edəcəyik, şirkətlər isə başqa ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar", - deyə Paşinyan bildirib.
O, Gümrü-Türkiyə sərhədi və Yerasx-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasının çox tez, 1-1,5 il ərzində həyata keçiriləcəyinə əminlik verib.
“Vətəndaş müqaviləsi” Partiyasının seçki platformasının "İqtisadi İnkişaf" bölməsindəki məqamlardan biri TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Yolu) investisiya layihəsinin həyata keçirilməsi üzrə işlərin başlanması ilə bağlıdır. Eyni bölmədə Gümrü-Türkiyə və Yerasx-Naxçıvan dəmir yolu hissələrinin yenidən qurulmasından da bəhs olunur. Qeyd olunur ki, TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun işə salınması da daxil olmaqla, regionun nəqliyyat infrastrukturunun tam şəkildə açılması bölgədə sülhü və əməkdaşlığı daha da gücləndirəcək.