Modern.az

Azərbaycanın “Şollerin arxivi” filmi beynəlxalq festivallara çıxarılır - FOTOLAR  

Azərbaycanın “Şollerin arxivi” filmi beynəlxalq festivallara çıxarılır - FOTOLAR   

10 Aprel 2018, 21:19

Azərbaycanda çəkilən “Şollerin arxivi” bədii filmi iki beynəlxalq film festivalına dəvət alıb.

Bu barədə Modern.az saytına filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında həm də Kann Film Festivalında nümayiş etdiriləcək.
Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib.

Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festvialında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər.

Çəkilişləri bir ildən çox davam etmiş “Şollerin arxivi” bədii filmi ilə bağlı işlər bu yaxınlarda yekunlaşıb. Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun sözlərinə görə, triller janrıda lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nagiyevdir.

Filmdə Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev kimi aktyorlar rol alıblar.

Müsahibimizn sözlərinə görə, filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.  

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb. Çox koloritli filmdir”.

C.Qasımov onu da deyib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

Cəlaləddin Qasımov onu da əlavə edib ki, almanların Azərbaycana gəlişinin 200 iliyi ilə əlaqədar ölkə başçısı tərəfindən sərəncam imzalanıb. Filmin çəkiliş heyəti bu sərəncamdan irəli gələrək, müvafiq qurumlardan kömək gözləsə də, dəstək ala bilməyib:

“Ölkə başçısı 2016-cı ilin avqustunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. 

Sərəncamda Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyəti nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etməyin vacibliyi bildirilib. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. 

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

Təəssüf ki, biz “Şollerin arxivi” bədii filminin çəklişi zamanı heç bir dövlət qurumundan, ya da hansısa şirkətdən kömək ala bilmədik. Bütün çəkilişləri öz hesabımıza gerçəkləşdirdik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?