“Aktual Media” Gürcüstanda yaşayan, böyük uğurlar qazanmış azərbaycanlılar haqqında “Novella II” bədii-sənədli filmin çəkilişlərini davam etdirir.
Bu barədə Modern.az-a “Aktual Media”nın təsisçisi, jurnalist İlkin Hüseynov bildirib.
O, qeyd edib ki, təxminən 40 dəqiqə olacaq “Novella II” filminin çəkilişləri paytaxt Tbilisi ilə yanaşı Marneuli, Qardabani və Telavi bələdiyyələrində aparılır:
"Filmdə hüquq, tibb, sosial və idman sahələrində fəaliyyət göstərən peşəkar gənclər iştirak edir.Filmin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların uğur hekayələrini, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nailiyyətləri tamaşaçılara təsirli və ilhamverici şəkildə təqdim etmək, gənc nəsildə təhsilə maraq və motivasiya yaratmaq, eyni zamanda uğurlu azərbaycanlıları gürcü cəmiyyətinə daha yaxından tanıtmaqdır.İş adamlarının dəstəyi ilə lentə alınan filmin istehsalçısı “Aktual Media” təşkilatıdır.
Qeyd edək ki, “Novella I” 28 fevral 2025-ci il tarixində işıq üzü görüb və Gürcüstan cəmiyyətində maraqla qarşılanıb. Filmin ilk hissəsi uğur qazanmış gənclərin hekayələrini ön plana çıxarmağı və sovet dövründən bəri Gürcüstanda azərbaycanlılara qarşı mövcud olan stereotipləri aradan qaldırmağı hədəfləyib".