Modern.az

Petux hacıleylək - HEKAYƏ

Petux hacıleylək - HEKAYƏ

8 Mart 2014, 17:44

Pedaqoji İnstitutu bitirən kimi təyinatımı sərhədyanı rayonlardan birinə verdilər. Gözəl təbiəti olan, Araz çayının yaxınlığındakı Hacıleylək adlı kənddə ədəbiyyat müəllimi işləməyə başladım. İyirmi iki yaşım vardı. Sovet qanunlarına görə istəsəm də, istəməsəm də burda üç il müəllimlik etməliydim. Kənd camaatı çox mehriban idi. Güldəstə adlı bir qadının iki mərtəbəli evinin birinci qatında otaq kirayələmişdim. Girişi-çıxışı ayrı idi. Balaca mətbəxi vardı. Otaqda dəmir çarpayı, qapısı sınıq paltar dolabı, bir stol, bir stul vardı. Divara kitab-dəftər rəfi vurulmuşdu. Ayaqyolu həyətin o başında idi. Yanında da dayan-doldurum əlüzyuyanı. Bütün həyətlərdə olduğu kimi burda da böyük təndir vardı. Güldəstə xala çörək yapanda xaş-xaşın ətri aləmi götürürdü.

Çimməyə isə qonşunun hamamına gedirdim. Başqaları 50 qəpik versələr də, məndən pul götürmürdülər. Bu kənddə müəllimə hörmət böyük idi. Küçədə yanlarından keçəndə yaşından asılı olmayaraq ayağa qalxar, hörmətlə salamlaşıb, hal-əhval tutardılar. Evin yiyəsi Güldəstə xala da öz oğlu kimi baxırdı mənə. Əri türmədə ölmüşdü. Dul qalmışdı. Evdə dərzilik eləməklə başını saxlayırdı. Qızılgül adında qəşəng bir qızı vardı. Orta məktəbi təzə bitirmişdi. Otağımız üst-üstə idi. Gecə saat birəcən televizora baxırdı. Ən çox sevdiyi də hind filmləriydi.

Hər şənbə-bazar kəndə kino maşını gələrdi. Əsasən hind və yapon filmləri olurdu. Oğlanlar üçün karateistlər, qızlar üçünsə sevgi-məhəbbət qəhrəmanları. Elə ki, hind filminin afişası asılırdı kəndin cavanları axşamdam yolun o tərəf bu tərəfində sıraya düzlürdülər. Ki... qızlar ən gözəl paltarlarını geyinib analarının müşayiətilə kino göstərilən yerə gələndə tamaşa etsinlər. Bəziləri burda gözaltı da edirdilər. Başqa ölkələrin filmləri gələndə ata-analar qızlarını kinoya buraxmazdılar. Çünki bu filmlərdə açıq-saçıq səhnələr ola bilərdi. Yəni ki, öpüşmək səhnələri. Hind filmlərində isə belə şeylər yox idi. Ancaq saf məhəbbət tərənnüm olunurdu. Dodaq dodağa yapışmaq istəyəndə kadr kəsilirdi. Kinoya gələndə qız-gəlinin əlində iki dənə cib dəsmalı olardı. Qəhrəmanının sevgi romanına dözməyib için-için ağlayardılar. Dəsmallardan birini ilk seriyada, ikincisini isə son seriyada göz yaşlarıyla isladırdılar.

Evə qayıdandan sonra isə iki-üç gün kinonun təsirindən çıxa bilmirdilər. Ürək sözlərini xatirə dəftərlərinə yazar, orda “kimi sevirisniz” sualına “varımdır, amma demirəm”, “onun bundan xəbəri varmı” sualına isə “yox” sözlərini yazardılar. Sonra da ürək, ortasında ox şəkli çəkərdilər. Yaşlı müəllimlərdən də hansı biri bu xatirə dəfətərini kimin əlində tutsa, valideynini direktorun yanına çağırardı. Yazdıqlarını, çəkdikləri ürək şəkillərini atasına göstərərdi. Bütün kəndə yayılardı ki, bəs filankəsin qızı tərbiyəsizdir - ürək, ortasında da ox şəkli çəkib. Deməli, istədiyi var. Qoca qarılar bir az da irəli gedib “köpəyin qızı qızıb da...tez ərə vermək lazımdır” deyərdilər.

Əgər qızlardan kimsə bulağın qabağından keçəndə oğlanlardan biri ona tərəf ovcunda su atardısa, bu hadisə sayılırdı. O saat kəndə xəbər yayılırdı ki, bəs filankəsin oğlu filankəsin qızını “po-indiyski” sevir. Kəndimiz belə kənd idi. Abır-həya, tərbiyə hər şeydən üstün idi.

Mən isə kinoya getmirdim. Dərsimi deyib geri qayıdar, boş vaxtlarımda isə kitab oxuyardım. Günlərimi sayırdım ki, üç ilim nə vaxt başa çatacaq. Güldəstə xala da mənə doğma övladı kimi baxırdı. Yeməyimi bişirir, paltarımı yuyurdu. Qızılgül isə televizora baxmaqdan başqa bir şey bilmirdi. Günortalar da kənd kitabxanasında kitabxanaçı işləyərdi. Adı işdə gedirdi desəm, düz çıxar.

Kəndimiz sərhədyanı bölgədə yerləşirdi. Ev də düz zastavanın qapı qonşuluğundaydı. Bəzən səhərəcən yata bilmirdim. “Trevoqa, trevoqa” sədaları, həyəcan siqnalları, itlətin ulaşması, yük avtomobillərinin uğultusu aləmi başına götürürdü. İlk günlər qorxu içində yuxudan oyanardım. Müharibə filmlərini xatırladırdı mənə bu səslər. Həyətə çıxıb, hasardan bu mənzərəni seyr edərdim. Sonra isə öyrəşdim. “Srabotka” olmayanda özümü narahat hiss edirdim. Məşədi İbad demişkən, “bir növ adətkərdə olmuşdum”. Əsgərlərlə dostluq da edirdim. Rus dilini yaxşı bildiyimdən ünsiyyət qura bilmişdim. Siqaretləri olmayanda hərdən qapımı da döyürdülər.

Kəndin ortasında köhnə elektrik dirəyi vardı. Yeni xətt çəkilsə də, bunu sökə bilmirdilər. Başında hacıleylək ailəsi yuva qurmuşdu. Maşın yolunun düz ortasında olduğundan dairə rolunu oynayırdı. Lap Bakıdakı Sabunçu “kruqu” kimi. Onların zəhmetkeşliyinə, balaları üçün yuvalarına yem daşımasına baxanda xüsusi zövq alırdım. Amma anlamırdım ki, bu quşların adını niyə “hacı” qoyublar. Bir-iki dəfə kəndin mollasından da soruşmuşdum. “Yəqin o müqəddəs ziyarətgahdan uçub gəlib buralara. Ona görə” cavabı mənim üçün çox bəsit görünmüşdü.

Mən əsasən yuxarı siniflərə dərs deyirdim. Bir qızın da gözünün içinə baxmırdım. Yalnız “Gülüstan” kolxozunun sədrinin qızı, rus dili müəllimi Fatmayla sıx ünsiyyət qurmuşdum. Daha doğrusu o mənimlə danışmağa, hansısa mövzunun müzakirəsini aparmağa həvəs göstərirdi. Mən də etiraz etmirdim. Digər kənd qızlarından çox fərqlənirdi.

Moskvada təhsil almışdı. Geyimi də müasir stildəydi. Düzdür daş-kəsəkli, palçıqlı yollarla məktəbə gələndə qaloş geyinərdi. Amma məktəbə girən kimi ayaqqabılarını dəyişər, özünə xüsusi sığal verərdi. Subay idi. Eşitdiyimə görə kənddən istəyəni çox idi. Amma heç birinə razılıq verməmişdi. Yuxarıdan aşağı baxırdı kənd uşaqlarına. Deyirdi ki, “siz kim, mən kim. Anqırın, tayınızı tapın. Mən ali təhsilli, siz isə heç texnikum da bitirməmisiniz”.
Amma məni görən kimi yanımı kəsdirərdi. Tənəffüslərdə yaxınlaşıb söhbət edərdi. Ancaq rusca danışardı. Məni də məcbur edirdi ki, onunla rusca danışım. Beş il əziyyət çəkib öyrəndiyi rus dilini unutmaqdan qorxurdu. Kənd camaatı da ona bir təhər baxırdı. Küçədə forsla gəzər, heç kimə qarışmaz, hal-əhval tutmurdu. Anası rəhmətə getdiyinə görə atasını tək qoymamaq üçün kəndə qayıtmışdı. Evin tək qızıydı. Lakin yenidən şəhərə qayıtmaq arzusundaydı. Kənd camaatının ondan xoşu gəlmirdi. Adını Rus Fatma çağırırdılar. Amma kolxoz sədrinin qorxusundan ağızlarını açıb bir söz deyə bilmirdilər ona.

Mən isə “Dəli Kür”dəki Rus Əhmədin həyatını yaşasam da, nə pencərəmi tıqqıldadır, nə də gül qoyub qaçırdılar. Kolxoz sədrimiz də yaxşı adam idi. Məni ədəbiyyat müəllimi olduğum üçün “şair” deyə çağırırdı. Hərdən evinə dəvət edirdi. Fatma da yaxşı süfrə açardı. Kolxoz sədri ermənilərin çəkdiyi tut arağından qoyurdu ortaya. İçkiyə meylim olmasa da hörmət əlaməti olaraq özümü içməyə məcbur edirdim. Sonra da səhərəcən burnumdan, qulaqlarımdan paravoz kimi “tüstü” çıxardı. Qarnım, ayaqlarım od tutub yanardı. Bütün gecəni soyuq su içərdim ki, bəlkə yanğım sönə. Amma beynim də dincələrdi. Bütün dünyanı unudardım. Güldəstə xalaya klassiklərimizdən sevgi şeirləri də oxuyurdum.

Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
 Ləli-ləbin əmim, sorum dilini,
İstər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Güldəstə xala da Əbülqasim Nəbatinin bu qoşmasını xüsusilə sevərdi. Məni içkili görən kimi gəlib otururdu yanımda. Yalvarırdı ki, Niyazi, sən Allah o “gəlsin, gəlməsin”i oxu mənimçün. Mən də böyük şövq və əl-qol hərəkətləriylə, hətta qarşısında diz çökərək deyirdim qoşmanı. Sanki eşq elan edən kimi. Güldəstə xalaya da ləzzət edirdi. Çox da yaşlı deyildi – 45 yaşı vardı. Amma əri öləndən sonra qara geyinmişdi. Altmış yaşında arvada oxşayırdı. Kolxoz sədri də hər dəfə araqdan vurub dəm olandan sonra sataşırdı mənə.

- Şair, Güldəstə arvadla aran necədir e? Hərdən şeir-zad oxuyursan ona?

- Hə.

- Hansı şeiri? Bir de görüm.

Mən də mülayim avazla qoşmanı söyləyərdim.

- Bərəkallah. Üzünə baxsan deməzsən ki, belə fərasətlisən. Deməli, artıq Güldəstə arvadı o söz? Hə?

- Yox, siz nə danışırsınız? Mən mədəni, intelligent adamam. Kimsəyə pis gözlə baxmaram. O mənə anam kimi baxır. Yeməyimi bişirir, paltarımı yuyur. Siz nə danışırsınız?

- Yaxşı... zarafat elədim də. Amma anekdotu eşitməmiş olmazsan.

- Hansı?

 “İntelligent əhvalatı”nı deyirəm də...

 Yox eşitməmişəm. Siz Allah, tərbiyəsiz şeydirsə danışmayın.

 Yox, elə sənin yaşına uyğundur.Günlərin bir günü bir intelligent dağ kəndinə piyada gedərkən qaranlıq düşür. Yolüstü başqa kənddə gecələməli olur. Bir qapını döyür. Qara paltar geyinmiş qadın səsə çıxır.

 Kimsən?

 Allah qonağı.

 Allaha da qurban olum, qonağına da. Nə istəyirsən?

 Filan kəndə gedirəm. Şər qarışdı. Gecələməyə yer istəyirəm.

 Ay qardaş, mənim iki otağım var. Özüm də tənha dul qadınam. Üç aydır ki, ərim ölüb. Bağışla. Səni evə buraxa bilmərəm.

Oğlan da nə desə yaxşıdır? Sənin kimi cavab verir ki, bəs “ay bacı, mən mədəni, intelligent adamam. Bu nə sözdür? Ayıb deyilmi?”.
Qadın bu sözləri eşidib, qonağı buraxır evə. Səhər oğlan oyanır. Həyətə çıxır. Görür ki, bu dul qadın toyuq-cücəyə dən atır. Həyətdə də beş xoruz, altı toyuq var. Soruşur ki, “ay bacı, beş dənə xoruz niyə saxlayırsan? Birin saxlasan bəs etməz?”
O da nə cavab versə yaxşıdır?
“Ay qardaş, xoruz olmağına fikir vermə, dördü sənin kimi intelligentdir”.

Kolxoz sədri bu sözləri deyib qəşş elədi. Mən isə utandığımdan pörtdüm. Amma dəxli yox idi. Güldəstə xalaya başqa gözlə baxa bilmirdim. Sadəcə şeir oxuyurdum. Özü də ancaq Nəbatidən. Özü də ancaq kefli olandan olana.

Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Qızılgül isə mən şeir oxuyan kimi ikinci mərtəbədəki pencərəsini örtürdü. Örtmürdü ye... çırpırdı. Az qalırdı ki, şüşəsi sınıb başımıza tökülsün. Güldəstə xala da “ay bala, fikir vermə, uşaqdır. O nə bilir e bülbül nədir, gülüstan nə?” deyib gülümsəyir, sonra da dərindən ah çəkirdi.

Hərdən Qızılgül Güldəstə xalaya “ana, bu nədir e... evə kənar adam salmısan. Başa düşmürsən ki, dul, ərsiz qadınsan? Evdə qız uşağı var? Piyan gəlir. Sənə eşqnamə oxuyur. Ayıb deyil? Arada heç nə yox... Kəndə xəbər yayılsa, biabır olcağıq. Ara yerdə mən evdə qarıyıb qalacağam. Alan da olmayacaq” deyəndə, o da “ay bala, ədəbiyyat müəllimidir də. Şeir oxumasın, bəs nə eləsin. Riyaziyyatçı olsaydı plyus-minusdan danışacaqdı, bioloq-olsaydı erkəklə dişinin fərqini başa salacaqdı. Elə ədəbiyyatçı yaxşıdır. Şeir oxuyur da... başqa heç nə eləmir a...tərbiyəli, qanacaqlı şəhər uşağıdır” cavabı verirdi.

Gecələr hərdən tıqqıltı səsi eşidirdim. Tez səsə oyanıb həyətə çıxırdım. Pencərəmə baxırdım. “Dəli Kür” filmində Rus Əhməd yadıma düşürdü. Qaranlıqda qaçıb gizlənən kölgə sezsəm də, pencərəmdə nə gül olurdu, nə də sevgi məktubu. Beləcə günlərim keçirdi.

Tez-tez evin yanından “Qaz-66” markalı hərbi maşın keçirdi. Vahiməli siqnalı vardı. Sürücü də sarı ruslardan idi. Siqnal gələn kimi Qızılgül də eyvana çıxardı. Amma məni həyətdə görüb, tərs-tərs süzərək yenidən evə girərdi.

Bir-iki dəfə başqa kirayə otaq soraqlamışdım. Güldəstə xala xəbər tutub, getməyimə imkan verməmişdi.

Mən hər gün Füzulidən, Nizamidən, Nəsimidən uca səslə şeirlər oxuyub, səhərki dərsə hazırlaşardım. Qızılgül isə son günlər qəribə, bilmədiyim dildə mahnılar oxuyardu. Rus dilini bildiyimdən yalnız bir-iki kəlməsini anlayırdım. Amma hansı dildə oxumasından baş açmırdım.

Ti kazala: V ponedilok
Pidem razom po barvinok“
Ya priyşov, tebe nema,
Pidmanula – pidvela.

Ti j mene pidmanula,
Ti j mene pidvela,
Ti j mene molodoqo
Z uma-rozuma zvela.

Harda öyrənmişdi bu mahnını, bilmirəm. Amma maraqdan ölürdüm. Günlərin bir günü soruşdum. Təki soruşmayaydım.

- Sənə nə var. Atamsan? Qardaşımsan? Nişanlımsan? Oxuyuram, əcəb edirəm. Öz evimdəyəm. İstəyərəm oxuyaram, istəyərəm banlayaram. Buna bir bax. Şəhərli gəlib bizə burda ağalıq etmək istəyir. Sən get rus Fatmovun dərdini çək. Kənddə haqqınızda dastanlar gəzir.

Ağzımı yumub sakit dayanmışdım. Nədi, nədi Fatma ancaq mənimlə danışırdı, hərdən də atası evlərinə çağırırdı... kənd camaatı o saat söz çıxarmışdı. Vecimə də deyildi. Günlərimi sayırdım ki, üç ilim tamam olsun. Qayıdım e şəhərə. Amma Qızılgülün mənə qarşı aqressiyası günü-gündən artırdı. Hardan qaynaqlandığını isə anlamırdım. Qız şıltaqlığı sanırdım. Bəlkə də anasını qısqanırdı. Çünki, hər gün onunla dava edirdi. Boşqabları yərə çırpıb sındırırdı. Güldəstə xala isə dinmirdi. Başını aşağı salıb susurdu. Bu qovğada özümü günahkar sanırdım. Getmək istəyəndə isə Güldəstə xala - sənlik deyil, ay bala - deyib buraxmırdı.

Kolxoz sədri də zarafatından qalmırdı. Yanımdan keçəndə uca səslə “şair, bülbül gülüstana gəldi gəlmədi?” deyə sataşar, dalıyca da bərkdən gülürdü. Amma başa düşmürdüm ki, axı, Nəbatinin bu qoşmasında gülməli nə var, axı. Sadə dildə yazılmış, asan əzbərlənən klassik şeir nümunəsidir də.

Günlərin bir günü yenə dərsdəydim. İkinci növbənin başlanmasını gözləyirdim. Birdən sinfin qapısı açıldı. Güldəstə xala təlaş içində otağa girdi.

- Güldəstə xala, xeyirdir?

- Xeyirdir, ay bala. Təcili işimiz çıxdı. Qızılgüllə şəhərə getməliyik. Xeyirdir, narahat olma. Ola bilsin ki, gec gələk. Ev sənə amanat.

- Yaxşı yol. Narahat olmayın. Ötürümmü sizi?

-Yox, ay bala. Çox sağ ol.

Ana-bala beləcə getdilər. Mən də şəhər uşağı – qaldım ev işləriylə üz-üzə. Nə qədər qayğanaq yeyərlər. Paltar yumaq, ütüləmək də əlimdən gəlmirdi. Dərdimi Fatmaya dedim. Bir çarəsin tapdı. Kolxozun inzibati binasında işləyən xadiməni həftədə üç dəfə göndərirdi bizə. O da nə lazımdırsa edirdi. Amma hiss edirdim ki, belə davam edə bilməz. Şəhərə - anama məktub göndərmək istəyirdim ki, kəndə çağırım. Amma xəstə olduğundan qıymırdım.

Beləcə günlərim keçirdi. Güldəstə xalagil qayıtmırdı ki, qayıtmırdı. Səs-soraq da yox idi. Beləcə ay aya calanırdı. Kolxoz sədri nə qədər “ay Niyazi, nə görmüsən Güldəstə arvadın daxmasında. Bu boyda evim-eşiyim. Gəl hansı otağı istəyirsən verim sənə. Hər cür şəraitimiz var. Mən də tək darıxıram. Hər axşam yüz-yüz vurarıq səninlə” desə də razılaşmırdım. Axı, Güldəstə xala evini mənə əmanət eləmişdi.

Axır ki, dörd aydan sonra qayıtdılar. Həyətə girəndə mən dərsə getməyə hazırlaşırdım. Ayaqüstü hal-əhval tutdum. Qızılgül də anası kimi qara geyinmişdi. Bir az kökəlmişdi də... Başını yuxarı qaldırmırdı. Qorxumdan da dindirib heç nə soruşmadım. Ev yiyələrinə xoş gəldin eləyib dərsə getdim. Günorta fasiləsinə çıxanda gördüm ki, müəllimlər otağında pıç-a-pıçdır.

- Qızı da Güldəstə kimi bədbəxt oldu. Yazıq Donetskə - xalasıoğluna ərə gedibmiş. Oğlanın da vəziyyəti yaxşıymış. Bazarda alver edirmiş. Güldəstə də ilk günlər gedib qalıb yanlarında. Üç aydan sonra oğlan öz maşınında avariya düşüb, ölüb. Yazıq qız bu yaşında dul qaldı.

- Allah heç kimə göstərməsin. Ağır dərddir. Bəs nə əcəb orda qalmayıb, geri qayıdıb?

- Kirayədə yaşayıblarmış. Həm də ki, nə Güldəstənin savadı var, nə də qızının. Nə ukraynaca bilirlər, nə də rusca. Ona görə də naəlac qalıb dönüblər kəndə. Özü də dörd aylıq hamilədir.

- Tanıyırdın rəhmətliyi?

- Yox.

- Bəs nə əcəb toya-zada çağırmayıblar.

- Güldəstə deyir ki, toyu gedib Donetskdə ediblər. Ona görə...

Dərsimi bitirib evə qayıtdım. Güldəstə xalaya, Qızılgülə başsağlığı verdim. Otağıma girib səhərki dərslərə hazırlaşmağa başladım. Yuxarıdan, Qızılgülün otağından televizorun səsi gəlmirdi. Hərdən zümzümə edirdi.

Ti j mene pidmanula,
Ti j mene pidvela,
Ti j mene molodoqo
Z uma-rozuma zvela.

Güldəstə xalanın üzü gülmürdü. Yanımda oturub qoşma deməyimi də istəmirdi. Zastavanın maşını yenə də həyətimizin yanından keçəndə siqnal verirdi. Sürücü əvvəlki rus deyildi. Qara millətə oxşayırdı. Hərdən maşını saxlayıb görüşürdü də. Özü Dağıstan azərbaycanlılarından, adı isə Bəxtiyar idi. Qızılgül əvvəlki kimi siqnal səsi gələndə balkona çıxmırdı. Mənə də əyri-əyri baxmırdı. Anasıyla da dava-dalaş salmırdı. Ərinə yas saxlayırdı. Bu yandan da uşaq. Halına acıyırdım. Ana tək, bu tək. Güldəstə xala dərziliklə, bir də məndən aldığı 25 rubl kirayə puluyla başını bir təhər saxlayırdı. Bəs uşaq olandan sonra neyləyəcəkdilər, bilmirdi.

***

Artıq ilk tədris ilim başa çatmışdı. Yay tətilində iki aylıq şəhərə getmişdim. Kənd həyatına öyrəşdiyimdən şəhərin səs-küyünə alışa bilmirdim. Ona görə də bir ay qalıb yenidən kəndə qayıtdım. Qızılgülün bir oğlu olmuşdu. Qonşuların dediyinə görə su dolu vedrəni götürəndə sancısı vaxtından əvvəl tutub. Anası güclə qonşu rayonun xəstəxanasına çatdırıb. Uşaq yeddi aylıq doğulmasına baxmayaraq, həkimlər saxlaya biliblər. Şükür ki, hər şey yaxşı qurtarıb.

İlk növbədə gözaydınlığı verdim. Uşağın başının altına qırmızı onluq qoydum. Güldəstə xalayla Qızılgül qarabəniz, qarasaç idilər. Amma uşaq ağ idi. Qızılı saçları, ala gözləri vardı. Heç yeddi aylığa oxşamırdı, Toppuş idi. Adını da babasının şərəfinə Hacı qoymuşdular.

Mən isə əvvəlki həyatımı yaşayırdım. Dərsə gedirdim. Qayıdırdım. Kitab oxuyurdum. Hər bazar da kolxoz sədrinin qonağı olurdum. Axır vaxtlar gecələr də rahat yata bilmirdim. Hacı gecəylə-gündüzü səhv saldığından yuxumu haram etmişdi mənə. Beşik yırğalanarkən tavandan gələn çıq-çıq səsləri də bu yandan beynimi qazırdı. Amma dözürdüm. Hərdən Fatmaya gileylənirdim. O da “taqsır özündədir. Nə vacibdir ki, orda qalırsan. Atam neçə dəfə sənə təklif edib ki, gəl bizə. Nə görmüsən e Güldəstənin cındır daxmasında. Bəlkə vurulmusan ona?” deyə sataşırdı.

Günlərin bir günü yenə də kolxoz sədriylə yeyib-içirdik. Televizorda SSRİ xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə verdiyi konsertin videosunu verirdilər. “Bülbülüm” mahnısını oxuyurdu.

Könlümün sirdaşısan bülbülüm
Necə unudum səni bülbülüm,
Gözlərimin yaşısan bülbülüm
Necədim unudum səni bülbülüm.
Bülbülüm, bülbülüm, bülbülüm,
Bülmülüm, bülbülüm, bülbülüm

Zeynəb xanım oxuduqca kişi tamaşaçıların gülüş-fit səsləri aləmi götürmüşdü. Nəğaratı bir yerdə oxuyurdular. Dəfələrlə bu mahnını yenidən xahiş edirdilər.

- Türklər çox sevirlər bizim Zeynəb xanımı.

- Nə sevirlər, ay uşaq. Nə vacibdir ki, bu mahnını oxuyur? Yüz dənə başqası var. Əri görəsən başa salmır bunu?

Xudayar dayı əsəbləşərək ayağa durub televizory söndürdü. Mən də məəttəl qaldım onun bu hərəkətinə. Zeynəb Xanlarovadan başqa kimsəyə qulaq asmazdı. Hansı rayona konsertə gələndə, birinci gedib bilet alardı. Amma bu nə hərəkət idi... anlamadım. Elə zənn etdim ki, tut arağının təsirindəndir.

Həmin gün mən də çox içmişdim. Demə sərxoş olmuşam. Evə qayıtmağa taqətim olmadığından Xudayar dayının köməkliyi ilə aparıb uzadıblar məni çarpayıya. Səhəri də orda açdım. Lap xəcalət çəkirdim.

- Hə, oğul, necə yatdın gecəni? Narahatçılığın olmadı ki?

- Sağ olsun. Lap xəcalət çəkirəm. Çox içmişdim yəqin, hə? Artıq-əskik danışmamışam ki? Siz Allah bağışlayın. Axır vaxtlar bu Allah saxlamış Hacı qoymur gecələr yatmağa. Yuxusuz qaldığımdan tut arağı da tez tutdu məni. Ağzımdan artıq-əskik söz çıxmadı ki?

- Yox, ay bala, ancaq şeir oxuyurdun. Nəbatidən. Fatma da o qədər gülüb ki? Çaşıb ona Güldəstə xala da deyirdin.

- Vay, vay. Biabır oldum ki? İndi gedib məktəbdə danışacaq.

- Narahat olma. Mənim qızım rus təhsili görüb. Müasir adamdır. Bizim kəndin Çəhrə nənələrindən deyil a qiybət eləsin, söz gəzdirsin. Sən də gəl mən deyənə qulaq as. Bir il Güldəstəgildə qalmısan, bir az da bizim qonağımız ol. Bu kənddə də ən imkanlı adam biz sayılırıq. Səncə mənə gülməzlər ki, şairə dost deyirsən, bir yerdə vurursuz, amma müəllimin yoluq daxmada yaşamağına razılıq verirsən? 25 manatın da cibində qalar. Hə... nə deyirsən?

- Sağ ol, dayı, minnətdaram.

- Sağ olunu saxla özünə. Bir sualıma cavab ver, Sabah mən şəhərə gəlsəm, sən heç qoyarsanmı ki, Xudayar dayın mehmanxanada, kirayələrdə sülənsin.

- Yox.

- Bəs onda mən niyə razı olmalıyam? Bu gün çamadanını yığışdırıb gəlirsən. Gecə yatdığın otaq xoşuna gəldimi? Bax onu da ayıraram səninçün. Televizor da qoyduraram ora.

- Siz Allah, narahat olmayın...

- Dedim, qurtardı.

Xudayar dayı əlini amiranə şəkildə stola vurub evdən çıxdı. Mən də Fatmayla məktəbə doğru addımlamağa başladıq. Düzün desəm təklifi ürəyimdən idi. Kolxoz sədrinin gözəl evi vardı. Hər şərait qurmuşdu. Geniş hamamı, evin içində tualeti, isti suyu. Rumınski mebeli. Qulluqçu da saxlayırdı. Fatma da təkid edirdi. Görünür o da atası kimi axşamlar darıxırdı. Danışmağa, dərdləşməyə adamı yox idi. Anası sağ olsaydı bəlkə də...

- Gecə o qədər güldürmüsən ki, məni. Bu Nəbati kimdir e? Axı məktəbdə onu keçməmişik.

- Əbülqasim Nəbati 19-cu əsrdə yaşayıb-yaradıb. Amma nədənsə dərsliklərə salmayıblar. Universitetdə keçmişik yaradıcılığını.

- Kitabı var səndə?

- Hə.

- Verərsən də oxuyum.

Həmin gün dərsdən çıxıb yenidən Güldəstə xalagilə qayıtdım. Kolxoz sədrigilə getmədim. Nə olsun ki, deyir. İnsanlığın, qonaqpərvərliyini göstərir. Bəs mənim abrıma, həyama nə gəlib? Şam eləyib eşiyə çıxdım. Darvazanın yanındakı skameykada oturdum. Bir siqaret yandırıb damağıma qoydum. QAZ-66 markalı maşın yanımdan keçəndə dayandı. Siqaret istədi. Birdən:

- Qızılgül necədir? Özünə gəlib?

- Sən onu hardan tanıyırsan ki? Hardan bilirsən ki, əri rəhmətə gedib.

- Necə yəni hardan bilirsən. Bütün zastava danışır ondan. Məndən əvvəlki şofer var idi ye... Revko. Onunla gəzirmiş.

- Xalxın qızına niyə böhtan atırsan. Bu nə vaxt gəzdi ki, heç kim görmədi. Özü də ki rusla.

- Rus yox, ukrain. Özü də Donetskdən idi. Bir də ki, hardan görəcəydiniz axı. Zastavanın qarşısındakı blindaj-səngərləri görmüsən? Orda hər cür şərait var. Müharibə vəziyyətinə hesablanıb. Gecələr elə orda görüşüblərmiş. Qızılgülü keçirirmiş tikanlı məftillərin altından. Heç kimin xəbəri olmurmuş.

- Sən Allah, bəsdir. Əri ölüb, bir uşaqla qalıb. Burda danışdın, day heç kimin yanında demə. Mən də kənd adamı deyiləm. İki ilim qalıb, çıxıb gedəcəyəm.

- Nə ər? Hansı ər? Bu ukrainin xidmət vaxtının qurtarmasına iki ay qalmış Qızılgül uşağa qalıb. Başlayır buna ki, bəs evlənək, qayıtma Donetskə. O da qulaq asmır. Əmri gələn kimi çıxır aradan. Qızılgül də eləmə tənbəllik anasını götürüb gedirlər Donetskə. Revko da şikayət eləmələrindən qorxub evlənməyə razılıq verir. Kirayə ev tutur. Amma rəsmi nikaha girmir. İki-üç ay orda qalandan sonra əvvəlcədən bir dostuyla razılığa gedir. Dostu da Qızılgülə içki verib sərxoş edir. Onunla bir yatağa girir. Revko da guya ki, təsadüfən gəlib onları bir yerdə tutur. Milis çağırıb hadisəni aktlaşdırır da. Adını “fahişə” qoyub dalından bir təpik vurub qaytarır dala. Qızlgül də xəcalətindən nə şikayət edə, nə də orda qala bilib. Revko uşaqlara məktub göndərərək bütün olanları yazıb. Zastavada Qızılgülü tanımayan yoxdur. İstəyirəm mən də girişim. Hələ bir il yarımım var evə getməyimə. Nə deyirsən?

Heç nə deyə bilmirdim. Gecələr gələn tıqqıltı, Qızılgülün oxuduğu qəribə mahnılar, üstümə çımxırması. Demə mən onun görüşə getməyindən duyuq düşə bilərmişəm. Sonra da birinə bu barədə desəydim, bütün kənd biləcəkdi. Hətta kənddən qova da bilərdilər. Bəxtiyar danışdıqca hamısını anlamağa başlamışdım. Güldəstə xala da ona görə məni getməyə qoymurmuş ki, çünki qızının bu sevgi macərasından xəbərdarmış.

Artıq Qızılgüldən qorxmağa başlamışdım. Fikirləşirdim ki, məni də toruna salar. İtiriləsi bir şeyi qalmamışdı, axı. Bəxtiyar da artıq evə ayaq açmışdı. Zastava rəisinin balaca bir oğlu vardı. Onu bəhanə edib Güldəstə xalanın yanına gətirmişdi ki, bəs bunun əyninə hərbi kostyum tik. Orda da elə Qızılgüllə tanışmışdılar. Baballarını yuya bilmərəm. Görməmişdim. Amma Bəxtiyarın hərəkətlərindən başa düşürdüm ki, aralarında sevgi-məhəbbət macərası artıq baş verib.İkincisi də ki, dul-ərsiz arvad idi. Kim qəbahət görə bilərdi ki, bunda. Əksinə, savab sayılmalıydı. Amma kənddə heç kim bilmirdi. Bircə məndən başqa. Mən isə özgə idim. Həm də ki, kişi sözgəzdirən olmaz. Mənə belə tərbiyə vermişdilər. Day onda mənim Çəhrə arvaddan nə fərqim olardı ki...
Özüylə isə namus-qeyrət söhbəti edə bilməzdim. Qızılgül demişkən nə atası idim, nə qardaşı, nə də nişanlısı.

Beləcə aylar keçirdi. Hacı da yavaş-yavaş böyüyürdü. Dil açmışdı. Sapsarı olduğundan adını sarı Hacı qoymuşdular. Günlərin bir günü Bəxtiyar da yoxa çıxdı. Maşınını bir rus əsgəri sürürdü. Qapımızdan keçəndə saxlatdırdım. Bəxtiyarı soruşdum. Dedi ki, Bəxtiyar nizamnaməni pozub, bu kənddən hansı qadınlasa yaxın əlaqədə olub. Demblə getməyinə iki ay qalmış qız da gedib ondan “otryada” şikayət edib ki, bəs mənimlə gəzib, söz verib, amma indi almır.
Yuxarıdan da gecəylə əmr gəlib. Gecəni yatdıq səhər oyandıq ki, bəs Bəxtiyar yoxdur. Deyəsən Maqadana – “otryada” göndəriblər onu. Ünvanın da bilmirik. Biz sərhədçilərin bundan çox qorxduğu cəza yoxdur. “Dizbat”a bassaydılar, bundan yaxşı idi. Təsəvvür elə də 40-50 dərəcə şaxtada necə xidmət etmək olar? Özü də Qafqazlı üçün. Eybi yox. İki ayı qalıb. Bir təhər dözər. Bəs nə bilmisən? Bura “KQB-nin voyskası” deyərlər.

Bu söhbətdən sonra Qızılgüldən daha da qorxmağa başladım. Növbəti dəfə kolxoz sədrigildə olanda təklifinə razılıq verdim. Gəlib ver-veşimi yığışdıranda Güldəstə xala hələ bir ağladı da...
Balaca Hacı da isinişmişdi mənə. Amma Qızılgüldən yaman qorxurdum. Beləsindən hər şey gözləmək olardı.

Xudayar dayı, mənimçün gözəl bir otaq ayırdı. Yeməyə bir yerdə otururduq. İçki ortalığa yalnız şənbə, bazar günləri gəlirdi. Qorxurdu ki, öyrəşərəm. Cavanam, axı. Balaca yaşlarımdan atamı itirdiyimdən yalnız ana nəvazişi görmüşdüm. Buna görə də Xudayar dayının qayğıma qalması ləzzət edirdi mənə. Fatma da sevinirdi. Məktəbə bir gedib, bir gəlirdik. Pıçapıçlar da artırdı. Mənim kimi Fatma da Nəbatinin yaradıcılığına vurulmuşdu. Axı, ikimiz də gənc idik.


Sarı Hacı da evdə dinc durmurdu. Bir də gördün anasının, nənəsinin gözündən oğurlanıb gəlib məktəbə. Otağa girib dərsimdə otururdu. Qarşısına kağız, rəngli karandaşlar qoyurdum ki, başını qarışdırsın. Ya da ki, məktəbin yanındakı işıq dirəyinin yanında durub hacıleyləklərə tamaşa edirdi. Ha hoppanırdı ki, dirəyə dırmaşsın, alınmırdı. Yanı üstə yerə dəyib, ağlayırdı. Mən də sinfin açıq pəncərəsindən bu mənzərəni seyr edib, gülürdüm.

Üç illik müddətim başa çatmaq üzrəydi. Sevinirdim. Amma bilirdim ki, darıxacağam. Xudayar dayı üçün, Fatma, Güldəstə xala üçün, mənə doğma olmayan kəndimiz üçün. Amma dəxli yox idi . Qayıtmalıydım. Arzularım böyük idi. Elmi iş götürməliydim, müdafiə etməliydim, özümə yeni həyat qurmalıydım. Anamın təkbaşına mənim üçün etdiklərini az da olsa qaytarmalıydım. Ya da ki, mənimlə yalnız fəxr etsəydi bəsim idi.

Günlərin bir günü Xudayar dayı dedi ki, bəs səhər iki günlük Bakıya – nazirliyə - gedir. Qarşıdan da Novruz bayramı gəlir. Məsləhət bildi ki, qayıdanda anamı da gətirsin. Bayramı birgə keçirək. Həm də görsün ki, oğlu bu üç ili harda itib-batıb, səs-səmiri gəlmir. Razılıq verdim. Səhərisi Xudayar dayı “Fatma sənə əmanət” deyib Bakıya yola düşdü.

Axşam Fatmayla şam edib otağıma getdim. Kitab oxumağa başladım. Birdən qapını tıqqıldatdılar.

- Niyazi, yatmamısan?

- Yox.

- Bu Nəbatini oxuyuram. Amma başa düşmürəm. Izah edərsənmi?

- Nəyi başa düşmürsən ki, gəl əyləş.

Fatma gəlib çarpayıda yanımda oturdu.

- Bu qoşmanı. Məsələn:

Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

- Burda bülbül kimdir, gülüstan kim?

- Burda başa düşülməyən nə var ki, ay kənd uşağı. Bülbül quşdur, gülüstan isə güllük, çiçəklik. Bax kolxozunuzun da adı gülüstandır.

- Bəs

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

bəndindəki od kimdir, pərvanə kim?

- Kim yox, nə. Mən səni başa düşmürəm, yəni sən pərvanə, od nə olduğunu bilmirsən?

- Yaxşı... bu bənd.

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

- Axırıncı misradakı baş və meydan nə deməkdir?

Yaman yerdə axşamlamışdım. Nə cavab verəcəyimi bilmirdim. Fatma “baş” və “meydan” deyəndə şeirin mənasına varmağa başladım. Demə mən bugünədək Nəbatini, onun sətiraltı sözlərini anlamamışammış. Bu ki, tərbiyəsiz şeirmiş. Xudayar dayı, həmişə buna gülübmüş, demə?
Mən də deyirəm ki, bu boyda şairi niyə orta məktəb dərsliklərinə salmırlar. Hər şeyi indi anlamışdım. Kitabı götürüb cırıq-cırıq etmək istəyirdim. Amma qoşma deyəsən Fatmada hansısa hisləri oyatmışdı. Elə özümdə də. Növbəti bəndi deməyə hazır idi. Gözlərindən məhəbbət, sevgi yağırdı. Bəlkə də bu günə qədər demək istəmişdi, amma utanmışdı. Bəlkə də aramızda hansısa sevgi telləri var, hiss eləmirdik. Onları bağlamaq üçün Nəbati baba köməyimizə tələsirdi. Artıq mən də növbəti bəndi gözləyirdim.

- Niyazi, bəs Nəbati

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə’li-ləbin əmim, sorum dilini,
İstər ölü canə gəlsin, gəlməsin?

bəndində nə demək istə...

Sual başa çatmamış Fatmanın incə belini qucaqladım. O da həmən qolunu boynuma saldı. Dodaqlarımı dodağına yapışdırdım. Fatma uçunduğundan özünü saxlaya bilmədi, çarpayıya sərləndi. Balaca dilini ağzımda hiss elədim. Fatmanın köynəyindəki düymələrini açaraq ağ sünəsini öpməyə başladım. Od tutub yanırdı. Neçə illər demə yaşamırmışam. Ölü canıb dirçəlməyə başlayırdı. Fatmanın da bədəni, göbəyi atırdı. Gözlərindən yaş gəlirdi. Sanki bayılıb yenidən ayılırdı. Ayaqlarını ayaqlarıma sürtürdü. Nəbati babam demişkən meydan hazır idi, bircə...

Səhər yataqdan bir yerdə durduq. Elə bil ki, dünyaya yenidən gəlmişdim. Necə deyərlər sanki ölü cana gəlmişdi. Fatma da uçurdu. Amma mən xəcalət çəkirdim. Məni evinə buraxan, çörək verən, “Fatma sənə əmanət” deyərək Bakıya gedən Xudayar dayının qabağında günahkardım. Əmanətə xəyanət etmişdim. Özümü heyvani hisslərimə qurban verdiyimə görə xəcalət çəkirdim. Bəlkə bu heyvani hislər deyildi. Belə olsaydı Nəbati babam və digər klassiklərimiz bunu vəsf edərdilərmi.

Şagirdlərimə yazığım gəldi. Nə qədər onlara qəzəl əzbərlətmişdim. Demə heç birini də başa düşməyə-düşməyə öyrənirlərmiş. Axı 8-ci sinifdə oxuyan hardan başa düşsün ki, gül nədir, bülbül nə? Bir də ki, müəllimləri axmaq bunu quş və çiçək kimi izah edirsə, heyf klassiklərimizi zəhmətindən. Məndə nə taqsır var e... Dərslikdir... yazıblar, mən də öyrədirəm də...

Amma Fatma heç də pəjmürdə görünmürdü. Onu bu qədər xoşbəxt, sevincli görməmişdim. Yatağından qalxmaq, məktəbə getmək istəmirdi, məni də buraxmırdı.

Xeyli təkiddən sonra yerimizdən durduq, səhər yeməyini yedik. Yola çıxdıq. Fatmanın qaraqabaqlığından əlamət də qalmamışdı. Qarşısına kim çıxırdısa, mehribanlıqla salamlaşır, hal-əhval tuturdu. Hətta yol kənarında oturan, gəlib-gedənə ayama qoşan qoca arvadların qabağında keçəndə onları quçaqlayıb öpdü də. Çəhrə arvada cibindən çıxarıb “moskovski” şokolad konfet də bağışladı.

Axşama yaxın Xudayar dayı da anamla gəlib çıxdı. Anam məndən əvvəl “səni xoşbəxt olasan” deyərək Fatmanı qucaqlayıb öpdü. Gətirdiyi hədiyyə örpəyi başına saldı. Sonra isə mənimlə görüşdü. Qulağıma sakitcə “qəşəng qızdır a...” dedi. Anamın bu sözündən sonra Fatmaya bir də baxdım. Gözləri alışıb yanırdı. Deyəsən, yavaş-yavaş məni də yandırmağa başlayırdı.

Xudayar dayı ilə Fatma anama xüsusi diqqət ayırırdı. Hətta mən dərsə gedəndə Fatma “mən ananla qalıram, “zavuç”a deyərsən ki xəstəyəm. Əvəz eləyərsən məni” deyə məktəbə də getmədi. Anam da hər axşam yatmazdan qabaq “ay oğul, mən adam tanıyanam. Fatma yaxşı qızdır. Xudayar da yaxşı kişidir. Bütün yol boyu adın dilindən düşməyib. Sənə də yaxşı qaynata çıxar ondan. Yetim oğlansan, atan yox, mən də qoca, xəstə. Sabah da rahat ölərəm ki, dalında arxan var. Şəhərdə nə var e? Evlən qal kənddə. Fatmadan yaxşısını tapacaqsan? İndi özün fikirləş səndən xoşu gəlməsəydi evinə buraxardımı? Qızın da ağzını aralamışam. Düzdür utandığından bir şey demədi. Amma hiss etdim ki, meyli var sənə” deyə başımı doldururdu. Mən isə susurdum. Heyvani hislərimə yiyə durmadığıma görə xəcalət çəkirdim. Mənə belə bir tərbiyə vermişdilər ki, kişi bu işi yalnız toy gecəsi etməlidir. Bundan sonra oğlan dönüb kişi çağrılmalıdır. Amma toy gecəsi boynuma düşən vəzifəni Nəbati əvvəlcədən yerinə yetirtmişdi. İki daşın arasında qalmışdım. Xudayar dayı xəbər tutsaydı nə edəcəkdim? Bilmirdim.

Düzdür Fatmadan xoşum gəlirdi. Amma, evlənmək, ayağımı zəncirləmək də istəmirdim. Bilirdim ki, evlənsəm, kənddə qalsam, bir çox arzularımın üstündən xətt çəkəcəyəm. Bəs Fatma ilə aramızda olan necə? Buna nə haqq qazandırım? Sualların yağmurunda ilişib qalmışdım. Təki o gecə özümə sahib ola bilsəydim. Rus Fatma isə heç nə olmamış kimi özünü aparırdı. O məsələdən sonra heç yaxın da gəlmirdi. Bir də ki, o yazığın taqsırı yox idi axı. Sual vermişdi, cavab gözləyirdi. Mən yıxdım onu çarpayıya. Mən öpüşə qərq etdim. O da zəif məxluq ağuşumdan qurtula bilmədi. Fatma isə susurdu. İlk qətiyyətli addımı kişi kimi məndən gözləyirdi yəqin. Məhəbbət dolu baxışlarla gözlərimə baxırdı. “Mənimlə evlənməsən özümü öldürəcəyəm”, yaxud da “bu işi görmüsən, vəssalam. Məni almalısan” demirdi. Özüm də məəttəl qalmışdım ki, arada heç bir sevgi-məhəbbət söhbətləri olmaya-olmaya bu nə iş idi mən düşmüşdüm. Anam da bu yandan “evlən, evlən” deyirdi. Nəbati iş açdı da başıma. Gərək tarixçi olardım.

Axşam həyətdə tonqal qaladıq. Üstündən hoppanaraq “ağırlığım-uğurluğum ötən ildə qalsın” dedik . Şam yandırdıq. Yumurta toqquşdurduq. Süfrə arxasına keçdik.

Anam da qoluma vurub, elə “hə...hə...” deyirdi. Başa düşürdüm nə demək istəyir. Amma dillənə bilmirdim. Birdən “ana, böyüyümsən. Mən utanıram sən dillən” dedim. Anam da elə bil ki, bunu gözləyirmiş kimi

- Xudayar qardaş, sənin də mənim də gözümüzün ağı-qarası bir övladımız var. Onları tək böyütmüşük, ali təhsil vermişik. İndi də bir yerdə işləyirlər. Neçə gündür burdayam Ailəniz də, sən də, Fatma da çox xoşuma gəldiniz. Deyirəm bəlkə bu əziz gündə gənclərin izdivacına qol qoyaq. Allahın izni ilə qızın Fatmanı oğlum Niyazi üçün istəyirəm,- dedi.

Xudayar dayının sifəti dəyişdi. Deyəsən gözləmirdi belə sonluğu. Əlini stola zərblə vurub ayağa duranda Fatma ayağa qalxıb:

- Ata, mən razıyam,- dedi.

Elə bil kişini ildırım vurdu. Gözləri hədəqəsinddən çıxdı. Çırtma vursaydın qanı çıxardı. Qızını hiddətlə süzüb otağına keçdi. Day süfrəyə qayıtmadı. Səhər də erkən durub, nahar eləməmiş evdən çıxmışdı. Anam da pərt olmuşdu, mən də. Fatmanın isə vecinə deyildi. Həminki mehribanlıqla qulluğumuzda dururdu. Anam artıq Bakıya qayıtmalıydı. Fatma kənd sovqatlarından bir böyük zənbil pay da yığmışdı. Stansiyaya birlikdə gedib onu yola saldıq. Sonra isə məktəbə gəldik. Fatma məsləhət gördü ki, atasının hirsi soyuyanacan hələlik Güldəstəgildə qalım. Elə də etdim. Çamadanımla həyətə girmişdim ki, Qızılgül mənimlə məzələnməyə başladı:

- Niyazi, nə oldu? “Qız” çıxmadın? Geri qaytardılar?

Güldəstə xala bunu görcək onun üstünə çımxırdı. “Ay oğul, xoş gəlmisən. Öz evindir. Sən bu ləçərə fikir vermə. Əri öləndən sonra lap başını itirib” dedi.

Güldəstə xala mənim hər şeydən agah olduğumu bilmirdi. Hər vəchlə təmiz adını qoruyub saxlamağa çalışırdı. Kənd yeriydi axı. Keçmişdəki kimi daş-qalaq eləməsələr də, evlərini yandıra bilərdilər. Sonra gərək Bakıya köçəydilər. Orda da qohumları, bir kimsələri yox idi. Lap yazığım gəlirdi arvada. Ən çox sevinən isə Hacı oldu. Səmənidən yapdığı topu gətirdi ki, bəs, futbol oynayaq?

Üç-dörd ayım qalmışdı vaxtımın qurtarmağına. Amma Fatmayla zifaf gecəm kəsirdi qabağımı yavaş-yavaş. Lap evlənsəydik də atasını tək qoyub şəhərə qayıda bilməyəcəkdi. O boyda Moskva Dövlət Universitetini bitirib atasına görə geri qayıtmışdı.

Mənim təzədən Güldəstə xalagilə qayıtmağım kənddə pıçapıça səbəb olmuşdu. Amma kolxoz sədrinin qorxusundan heç kim açıq danışa bilmirdi. Amma qulağıma çatırdı ki, bəs müəllim özünü yaxşı aparmayıb, Fatmaya sataşıb, buna görə də Xudayar şairi evdən qovub. Xudayar dayı da harda görsə, üzünü yana çevirərdi. Əvvəlki tək “şair, bülbül gülüstanə gəldi, gəlmədi?” demirdi.

İstirahət günü kolxoz sədrinin maşını qapıda dayandı. Sürücü dedi ki, kişi səni çağırır. Getdim. Həmişəki kimi süfrə açmamışdı. Siqaret siqaretə calayırdı. Fatmanı da çağırıb yanında oturtdu.

- Mən, ay Niyazi, təkcə kolxoz sədri deyiləm. Bu kəndin ağsaqqalıyam. Kim kiminlə dalaşsa, boğuşsa məni çağırırlar. Qan düşsə qanı suyla yuyuram. Sözü dedimsə, kimsə qabağına söz qoya bilməz. Adət-ənənlərimizi göz bəbəyi kimi qoruyuram. Sən də bizim bu kəndin üç illik qonağıydın. Səndən əvvəl də bura müəllimlər gəlib gedib. Hamısına eyni hörmətlə yanaşmışam. İndi də şəhərə gedəndə axtarıb tapıram. Salamlaşıram. Amma sən düzgün iş görmədin. Mənim hörmətimdən, qonaqpərvərliyimdən, sadəliyimdən istifadə etdin. Mən sənə evimi verdim, ocağıma buraxdım. Sən isə qızıma eşqnamə oxudun, sevdin. Kişi belə hərəkət etməz.
İstəyirdinsə, bu evə girməməliydin. Elin adətiylə elçi göndərib, “həri”sini almalıydın, nişan qoymalıydın, başlıq verməliydin. Amma, bu cür qız istəməzlər. Mənim qızım yetimdir, amma qapıda qalan yetimçə deyil. Bildin?

- Başlıq nədir?

- Elimizin adətidir. Əgər mənim qapıma başlıq gətirəcəksənsə, bu mənim adıma layiq olmalıdır. İndi qırx qoyunum var, sən də iyirmisini gətirərsən olar altmış. İndi 10 baş mal-qaram var dördünü də sən gətirərsən, olar 14, bir də qızın təhsilinə xərclədiyim – 20 min rubl. Anası sağ olsaydı süd pulu da tələb edərdim. Vəssalam.

- Xudayar dayı, mən yetim oğlanam. Anamdır, bir də mən. Aldığım da quru maaşdır. Mən sizin qızınızı istəyirəm. Amma bütün bunlara imkanım çatmaz.

- Çatmaz? Onda get işlə çalış, nə vaxt çatsa, gələrsən. Bu həyatdır. Sənin ağlın Nəbatinin şeirlərinə getməsin. Qıraqdan el baxır, oba baxır. Onlar nə deyər? Deməz ki, Xudayarın gözünün ağı-qarası bircə qızı çöldə qalmışdı ki, başlıqsız-zadsız ərə verdi?

Rus Fatma bu dəfə də dilini dinc qoymadı, ayağa duraraq:

- Ata mən Niyazini sevirəm, o da məni. Nə başlıq, nə elçi? İstəmirsənsə, qoşulub ona gedəcəyəm şəhərə. Vəssalam.

- Ay qızım, bəs atan? Məni tək qoyursan?

- Niyə ki, bütün adət-ənənələrimizi sənə miras qoyuram. Yaşa onlarla, nə qədər istəyirsən. Qoy onlar qızlıq eləsinlər sənə.

Doğurdan da Fatmaya yaxşı ad qoşmuşdular – Rus Fatma. Moskva həyatı bütün psixologiyasını pozmuşdu. Müsəlmançılıqdan bir şey qalmamışdı. Deyirdim ki, indi Xudayar dayı bir-iki şillə qoyacaq Fatmaya. Amma kişi sanki yumağa dönmüşdü. Qətiyyətindən, amiranəliyindən bir şey qalmamışdı. Qızının bu sözlərinin qarşısında güclə tab gətirirdi, dözürdü. Yavaş-yavaş mənəviyyatı aşılanmağa başlayırdı deyəsən.

Bu sözləri deməsinə baxmayaraq, Fatma atasını çox sevirdi. Bilirdim ki, heç vaxt onu atıb getməz. Bütün karyerasından imtina etmişdi atasına görə. Amma deyəsən məni də həqiqətən çox sevirdi.

Evə gəldim. Otağıma girib yatmağa çalışdım. Seçim qarşısında qalmışdım. Ya hər şeyi unudub şəhərə qayıtmalıydım, ya da ki, Xudayar dayının yumşalmağını gözləməliydim. Gözlərimi yumdum. Yuxarı qatdan, Qızılgülün otağından çarpayının çığ-çığ səsləri gəlirdi. Hacı ağlamırdı, layla da çalmırdılar. Bəs bu nə idi? On-on beş dəqqiqədən sonra səs kəsildi. İndi də musiqi sədaları aləmi götürdü. Qızılgül tək oxumurdu, otaqdan kişi səsi də gəlirdi.

Ti kazala u çetver
Pidem razom na konsert
Ya priyşov, tebe nema,
Pidmanula, pidvela.
 
Ti j mene pidmanula,
Ti j mene pidvela,
Ti j mene molodoqo
Z uma-rozuma zvela.

Mahnını oxuyub gülüşürdülər. Qızılgül rus dilinin qolunu-qabırğasını sındıra-sındıra danışırdı. Rus isə eşqnamə oxuyurdu. Deyirdi ki, Qızılgülü aparacaq Rostova. Orda evlənəcəklər. Yeni həyat quracaqlar. Hacı da əvvəl bağçaya, sonra da məktəbə gedəcək. Axşam da Don sahilinə çıxıb gəzəcəklər. Düz səhərəcən. Qızılgül də bu nağılların sədası altında uyuyur, rahatlıq tapırdı. Bu onun səhv etmirəmsə üçüncü “yuxu”su idi. Birincidən Hacı adlı oğlu da olmuşdu. Amma bütün bu yuxular ona dərs olmamışdı. Kənddə isə heç kim bu barədə nə danışır, nə də dinirdi. Çünki bilmirdilər.

Heç mənimlə Rus Fatma arasında olanlardan da heç kimin xəbəri yox idi. Qızılgüllə yatanlar rus, mənimlə bir yastığa baş qoyan isə ruslaşmış idi. Yəqin ona görə. Mən isə azərbaycanlıydım. Təmiz Azərbaycan kişisi. Hadisələrin sonunu gözləyirdim. Rus Fatma inad göstərir, Xudayar kişi isə sınmırdı ki, sınmırdı. Artıq “perestroika” da başlamışdı. Köhnə Sovet qanunları da yavaş-yavaş zəifləyirdi. Mənim isə “sürgün” vaxtım başa çatmışdı. Bir dəfə dərsdən sonra Fatma sinif otağına gəldi.

- Qayıdırsan şəhərə?

- Hə.

- Bəs mən?

- Sən də gedək mənimlə.

- Gedə bilmərəm. Atamı tək qoyub getsəm, sənə qoşulub qaçsam, dözməz bu dərdə. Ürəyi partlayar. Sonra ömrü boyu bağışlamaram bunu özümə.

- Onda nə edək?

- Bir az da gözlə. Bəlkə başlığı yığa bildik. Anamdan qalan qızılları satıb təzəsini alaraq. Elə bilərlər sən nişana gətirmisən. Düzüb qoşarıq bir təhər.

- Yox, mən buna razı ola bilmərəm. Evlənək, işləyək, özümüz də yavaş-yavaş alaq. Yoxsa.

- Nə, yoxsa?

- Yoxsa, mən gedirəm. Məsuliyyətdən qaçmıram. Gedirəm. Sən də qaç gəl.

Fatma qarşımda diz çöküb yalvarmağa başladı:

- Getmə, Niyazi, getmə. Sənsiz qala bilmərəm. Səhərəcən yata bilmirəm. O gecədən sonra yerimin içində qovruluram, yanıram, səni istəyirəm. O günü gözləyirəm ki, yenidən bir yerdə olaq. Nəbatinin qoşmalarını oxuyaq. Partlayıram. Başa düşürsən bunu? Yanmaqdan partlayıram. Amma ki, dözürəm.

Fatma birdən ayağa durub boynumu qucaqladı. Dodaqlarını dodaqlarına sıxıb dəlicəsinə öpməyə başladı. Mənim də ruhum bədənimdən çıxırdı. Məktəb olmasaydı o geçəni elə burdaca təkrar edəcəydik. Amma bu dəfə günah Fatmada olacaqdı. Bir təhər onu sakitləşdirdim. Bir il də kənddə qalacağıma söz verdim. O da atasını yola gətirəcəyini dedi. Sevinirdi. Sanki dünyanı vermişdim ona.

Yenə evə gəldim. Uyumağa çalışdım. Bu dəfə başqa səs gəlirdi. Deyəsən Qızılgülün dördüncü “yuxu”suydu. Leninqraddan danışırdı ona. Bəyaz gecələrdən, Neva sahillərindən, “Tsarskoe selo” dan, Ermitajdan bəhs edirdi. Qızılgülün isə səsi çıxmırdı. Bu yuxularda yuxu aparmışdı onu.

Ertəsi gün rayon Maarif şöbəsinə getdim. Daha bir il işləmək arzusunu bildirdim. Yaman sevindi.

- Ay oğul, lap başımı itirmişəm. Bu “perestroika”, yenidənqurma başlayanı, qanunlar da zəifləyib. Məzunu göndərirlər ki, get filan kəndə müəllim, deyir ki, getmirəm. Yazılır kooperativlərdən birinə, başlayır pulunu qazanmağa. Mən də qalmışam müəllimsiz. Sənin də yerinə heç kimi göndərə bilməyiblər. Üstəlik coğrafiya müəllimim də yoxdur. Bəlkə onun da dərsini sənə verim deyəsən.

- Yox, bacarmaram.

- Orda nə var ki, dərsliyi oxu, sonra da get danış. Maaşın da yüksək olar.

Maaş deyəndə razılaşdım. Anamla tez-tez əlaqə saxlayırdım. Deyirdi ki, “ay bala, şəhərdə də vəziyyət qarışıb. Mitinq bürüyüb hər yanı. Ermənistandan qaçqınlar tökülüşüb gəlib. Çörəyi də növbəylə alırıq”.

Kənddə isə Allaha şükür hər şey yaxşı idi. Güldəstə xala dəyirman unundan təndirə bir çörək yapırdı ki, ətri hər yana yayılırdı. Qoyun pendiri, nehrə yağı, göy soğanı, turpu, keşnişi, vəzərisi də arasında çəkirdim dişimə. Ih-ıh-ıh...ləzzət e... Maaşım da artmışdı. Düzdür gecikdirmələr olurdu. Amma əvvəl-axır alırdıq. Hacı da yavaş-yavaş böyüyürdü.

Bir dəfə otaqda inşa yazdırırdım. Pəncərə də açıq idi. Hacı da gəlib işıq dirəyinin yanında dayanıb hacıleyləklərə tamaşa edirdi. Allah saxlamış dinc dayanmayıb yuvaya doğru daş atırdı. Bir dəfə acıqlandım ki, adam belə eləməz, balası var, yumurtası var, günahdır. Kimə deyirsən? Qulaq asmırdı. Öz işindəydi. Birdən ana hacıleylək yuvasından uçub üzüaşağı Hacıya doğru şığıdı. Dedim vəssalam. Dimdiyi ilə deşəcək uşağı. Hacının yanına qonub başı ilə kənara itələyib yıxdı. Dimdiyinə nəsə alıb havaya qalxdı. Tez Hacının yanına qaçdım, su verdik. Yaman qorxmuşdu, ağlayırdı.

- Demişdim axı sənə, ay Hacı, daş atma quşa. Müqəddəs quşdur, adının da əvvəlində sənin kimi Hacı var. Adam belə eləməz. Gördün, hirsləndirdin onu.

- Görərsən, Niyazi əmi, onun başına nə oyun açacam.

- Yaxşı, dur get evə. Paltarını dəyiş. Özün də ağlama.

Qırağa çəkiləndə kənd uşalarından biri mənə yaxınlaşdı:

- Müəllim bayaq demədim ki, Hacı qorxar. Bəs ilan sürünürdü Hacıya tərəf. Hacıleylək özünü çatdırıb uşağı itələdi, sonra da ilanı dimdiyinə alıb havaya qalxdı.

Bu hadisədən sonra hacıleyləklərə hörmətim bir az da artdı. Amma Hacını sakitləşdirə bilmirdim. Elə gəlib dayanırdı dirəyin yanında. Daş atırdı yuvaya tərəf.

Beləcə dərsimi deyib, günümü başa vururdum. Fatma da atasını yola gətirə bilmirdi ki, bilmirdi. Evdə isə rahat yata bilmirdim. Çarpayının cırıltısı, mahnı səsləri bir yandan. Hətta Qızılgül də mənimlə məzələnməyə başlamışdı. Bir də görürdün ki, ruslardan biri qapımı tıqqıldadır. Açırdım ki, nə lazımdır. O da azərbaycanca qolun-qabırğasını sındıra-sındıra “siz de şam var?”. Mən də cavab verirdim ki, yox. Bu dəm ikinci mərtəbədən Qızılgülün qaqqıltısı götürürdü aləmi.

- Ə, necə yəni yoxdur. Bütün gecəni şam tutursan, amma deyirsən ki, şamım yoxdur.

Cavab vermirdim ona. Qorxurdum. Şərləməyindən qorxurdum. Fatmadan isə xəbər gəlmirdi. Soluxa-soluxa gedirdi. Özünə qapanırdı. Atası hərdən evə çağırırdı, getmirdim. Könlümü qırmışdı. Öz qızını beş-on qoyuna, pula satmaq istəməsi mən şəhər uşağına çatmırdı. Həyatda əsas bu idimi, yoxsa doğma qızının xoşbəxtçiliyi? Amma inadından dönmürdü ki, dönmürdü. Mən isə gözləyirdim. Fatma kimi yanmasam da, solmasam da, kişi qeyrətim buraxmırdı məni şəhərə.

***

Ay aya, il ilə ucanaraq gedirdi. Artıq kəndə öyrəşmişdim. Şəhər yadıma düşmürdü. Hacı da böyümüşdü. Anası şəhərdəki dayısı oğluna ərə getmişdi. O isə nənəsiylə qalmışdı. Güldəstə xalanın dediyinə görə, Qızılgülün bir qızı da doğulmuşdu. Adını da Ruslana qoymuşdular. Məəttəl qalmışdım ki, bu kənd qızı, azərbaycanlı nə görüb axı bu ukrainlərdə.

Yenə sinifdə dərs keçirdim. Birdən hacıleləyin yuvasından xoruz banladı. Hamımız həyətə çıxdıq. Bir də yaxından baxdıq. Doğurdan da hacıleyləyin yuvasından xoruz banlayırdı. Ata-ana hacıleylək də buna tamaşa edirdi. Uşaqlar da gülüşürdü. Hamıdan bərk Hacı gülürdü. Bilirdim ki, bu onun işidir. Amma necə? Bu boyda xoruzu yuvaya necə qaldırıb qoyub? Ya qaldırıbsa, hacıleylək ailəsi kənar quşu necə qəbul eləyib?

Bütün günü Hacıleylək ailəsini müşahidə edirdim. Ata quş dimdiyində qurd-quş gətirər. Öz balalarını da, xoruzu da yedizdirərdi. Heç ögey kimi davranmırdı. Bəzən isə ata hacılelək ana hacıleyləklə dimdik-dimdiyə dayanar, bir-birinə baxaraq donub qalardılar. Xoruzun banlamağı ayırırdı onları öz dünyalarından. Kənd camaatı xoruza ad da qoymuşdular – Petux Hacıleylək:

- Petux Hacıleylək banladı, günorta yeməyinin vaxtıdır.

Və ya.

- Petux Hacıleylək banladı. Heyvanlar örüşdən qayıdır.

Bütün kənd onun banlamağıyla iş görürdü, saata baxmazdılar. Xoruz isə yuvasında yatar, aşağı heç düşmürdü də. Camaat bir-iki dəfə qaldırırcı kran gətirib xoruzu düşürtməyə cəhd eləsələr də, ata-ana hacıleylək imkan verməmişdi. Beləcə Petux-Hacıleylək banlamağında, Hacı böyüməyində, mən isə gözləməyimdə idim.
Hacı günlərin bir günü gəldi ki, bəs Niyazi əmi, gördün? Hayfımı aldım onlardan. Yuvalarında olmayanda dirəyə qalxıb toyuq yumurtasını qoydum yumurtalarının içinə.

Soyuq tər məni basdı. Bu nə qisasçılıq idi. Onu zəhərli ilanın əlindən qurtaran bir quşa – hacıleyləyə qarşı bu nə hərəkət idi. Daş atsaydı, qanadın qırsaydı başa düşərdim. Bu fənd balaca uşağın ağlına hardan gəlmişdi? Anasımı öyrətmişdi? Bəlkə hələ anasının qarnında öyrətmişdilər bunu? Axı doğma atası da anasını rədd eləmək üçün anası Qızılgülün yanına başqa kişi saldırmışdı. Adını fahişə qoyub qovdurmuşdu. Yox, şəhərə qaçmaq lazımdır. Mən burda qaldıqca ağlımı itirirəm yavaş-yavaş. Heç kimlə də paylaşa bilmədiyimdən dəli olacağam axırda.

Həyətdəydim. Güldəstə xala da təndir qalamışdı. Yaman gur yanırdı. Hacı da oynayırdı…
Birdən nəsə qəribə səs gəldi. Göyə baxdıq. Gördük ki, ana Hacıleylək hündürlükdən aşağı şığıyaraq gəlir. Tez Hacını bağrıma basıb divara qısıldım. Hacıleylək sanki yerdə ovunu tutmağa gəlirmiş kimi şığıyıb özünü alovlanan təndirin içinə atdı. Yanmağa başladı. Əcayib səsi ətrafa yayılmağa başladı. Ata hacıleylək isə həyətin üstündən üç dəfə dövrə vuraraq uçub getdi.

Hacıleylək xəyanət etməmişdi. Hacı idi bütün bu işlərin baiskarı. Toyuq yumurtasını o yuvaya qoymuşdu. Ana da yumurtaya özünkü kimi baxmışdı. Bala çıxanda yedirdib bəsləmişdi. Amma balaca “hacıleylək” banlayandan sonra ata hacıleyləyin tənəli baxışları həmişə üstündə olmuşdu. Buna “xəyanət” deyərlər. Əgər hacılelək toyuq yumurtası qoyursa, deməli əri başqası olub, ata hacıleləyə xəyanət edib.

Bu hadisənin təsirindən ayıla bilmirdim. Bu quşun müqəddəsliyinə inanırdım. Hər hansı bir mollanın, ya alimin izahı olmadan. Çünki gözümlə şahidi olmuşdum.

Bu hadisədən sonra Fatmaya da xəbər verərək, şəhərə geri döndüm. Yalvarışlarına fikir də vermədim. İşə düzəldim. Ünvanım Fatmada vardı. Hər dəqiqə gözləyirdim onu. Amma qapı döyülmürdü. Müstəqillik də qazanmışdıq. Qarabağ müharibəsi də gah alovlanır, gah da sönürdü.

Günlərin bir günü eşitdim ki, ermənilər rus əsgərlərinin köməkliyi ilə müəllim işlədiyim kəndə giriblər. Ordu qüvvələrimiz haya çatanacan kəndi talan edib, yandırıb aradan çıxıblar. Ürəyim dözmədi yol maşınına atlanıb özümü ora yetirdim. Kəndimizi tanımadım. Xarabazara dönmüşdü. Tez kolxoz sədrinin evinə tərəf getdim.
Xudayar dayı yanmış evinin ətrafında var-gəl edirdi. Hacı da yanındaydı. Qoyun-quzusu, toyuq-beçəsi də gözə dəymirdi. Fatmanı soruşdum. Dedi ki, palatarı cırıq-cırıqdır, iki gündür girib tövlədə gizlənir.
“Ermənilər aparırdılar. Güclə əllərindən aldım. Üstündə 40 qoyun, 10 baş mal-qara, 20 min rubl pul da verdim. İnsaflı ermənilər idi. Həmişə onların kəndindən tut arağı alırdım. Ona görə yaxşı tanıyırdılar məni. Dəymədilər bizə. Öldürdüklərini öldürdülər, sağ qalanımızı isə əsir götürdülər. Bu Hacı da zastavadakı səngərdə girib gizlənibmiş. Güldəstə də başılovlu onu axtaranda gülləylə vurdular. Belə, ay bala, qoruya bilmədik elimizi-obamızı”.

Bu dəm banlamaq səsi gəldi. Dirəyə tərəf boylandım. Petux Hacıleylək ata hacıleyləyin ölüsünün üstünə qalxaraq banlayırdı. Bala hacıleyləklər isə dirəyin aşağısında ölü sərələnmişdilər.

Hacı Xudayar dayıya tərəf dönüb dedi:

- Baba, petux hacıleyləkdir e... Sağdır.

- Lap yaxşı, ay bala. Dırmaş dirəyə. Petux Hacıleləyləyə dən ver. O da sənin kimi yetimdir. Ailəsi ölüb. Yəqin ki, acdır.

- Baba, bəlkə tutum kəsək?

- Yox, ay bala, əl dəymə. Hacıleylək kəndi ölüb. Qoy, heç olmasa o banlasın. Axı necə olsa Hacıleyləkdir. Bu Hacıleylək kəndimizin rəmzidir. Simvola toxunmazlar.

Bakıya doğru yola çıxmışdıq. Pencəyimi Fatmanın çiyninə salmışdım. Qoluma girib çiynimə qısılmışdı. O biri əlimdən isə sarı Hacı tutmuşdu. Xudayar dayı arxamızca gəlirdi. Hərdən dayanar, arxaya dönərək tüstülənən kəndlərinə baxar, yavaş-yavaş addımlayırdı. Beli bükülmüş, qətiyyətindən əsər-əlamət də qalmamışdı. Petux Hacıleylək isə öz işindəydi. Elə hey banlayar, sanki yeni zəmanənin başlandığını xatırladardı.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!