Modern.az

Putin özünü aldadır Təslim olmaqdan başqa yolu yoxdur

Putin özünü aldadır – “Təslim olmaqdan başqa yolu yoxdur”

1 Oktyabr 2022, 15:10

Ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada Ukraynanın işğal olunmuş ərazilərinin "rəhbərləri" ilə “müqavilələr” imzalayıb.


Bu “müqavilərlər” əsasında Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyanın ərazisinə daxil olduğu rəsmən bəyan edilib.

 

Ardınca Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlardan rəsmən imtina etdiyini, sonadək mübarizə aparacaqlarını vurğulayıb. Bununla da sülh danışıqlarının üstündən birdəfəlik xətt çəkilib və müharibənin daha kəskin mərhələsinə başlanılıb.

 

Bəs, Rusiyanın separatçı addımından sonra vəziyyət necə olacaq? 

 

Bu barədə Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın Ukraynanın Xerson, Zaporejye, Donetsk və Luqansk ərazilərində keçirdiyi referendumlar beynəlxalq hüquqa ziddir.

 

Politoloq Putinin bu addımının gülünc doğurduğunu diqqətə çatdırıb:

 

“Rusiya referendum keçirdiyi ərazilərdə yalnız bir neçə bölgəyə nəzarət edir. Məsələn, Zaporejyedə yalnız atom elektrik stansiyasının olduğu əraziyə nəzarət edir. Bütövlükdə isə Zaporejye böyük bir vilayətdir. Xersonda da vəziyyət eynidir. Xersonun bir qəsəbəsi və 1-2 kəndi Rusiyanın əlindədir. Qalan bütün yerlər azad olunub. Xerson da indi Ukrayna ordusu tərəfindən mühasirəyə alınıb. Hazırda mühasirəyə alınmış ərazidə 15-20 min rus əsgəri var. Onlar ya əsir düşəcək, ya da öldürüləcək. Ümumilikdə isə Xerson, Zaporejye, Donetsk və Luqanskda keçirilən referendumlar hüquqi sənəd ola bilməz”.

 

Onun sözlərinə görə, bundan sonra müharibə daha da şiddətlə davam edəcək:

 

“Rusiyanın bu cür oyunlarla başqa bir müstəqil, suveren dövlətin ərazisini əldə saxlamağa çalışması mənasızdır. Çünki bu əraziləri Rusiya sona qədər əlində saxlaya bilməyəcək. Ukraynada son baş verənlər heç nəyi dəyişməyib. Ukrayna ordusunun hücumları davam edir. Rusiya da ordusunu gücləndirmək üçün səfərbərlik elan edir. Nəticələr bu ilin sonu, gələn ilin əvvəli məlum olacaq. Yekunda, Ukrayna 1991-ci ilin sərhədləri daxilində ərazi bütövlüyünü təmin edəcək”.

 

Q.Hüseynli, həmçinin nüvə silahı ilə bağlı Rusiyanın mövqeyini də dəyərləndirib:

 

“Rusiyanın nüvə təhdidi heç bir əhəmiyyət kəsb etmir. Bu fikri səsləndirənlər rus xalqının taleyini və rus dövlətçiliyinin gələcəyini düşünməyən adamlardır. Rusiya hazırda elə bir kritik mövqedə dayanıb ki, onun yeganə çıxış yolu Ukraynadan ordusunu çıxarmaq, danışıqlara getmək və vurduğu ziyanlara görə təzminat ödəməkdir. Ancaq Rusiyanı idarə edən adamların əksəriyyəti psixoloji durumları yerində olmayan adamlardır. Ona görə də, Rusiya bu çıxış yollarından istifadə etməyəcək. Beləliklə, Rusiya elə bir vəziyyətə gələcəkdir ki, əlini qaldırıb təslim olmaqdan başqa bir şey edə bilməyəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir