Modern.az

Azərbaycan buna görə birincidir...

Azərbaycan buna görə birincidir...

Aktual

3 Mart 2023, 21:10

3 Mart - Ümumdünya Vəhşi Təbiət Günüdür. Bu münasibətlə ölkənin milli parklarında “açıq qapı” günü keçirilib. Məqsəd fauna və flora növlərinin müxtəlifliyi barədə ictimaiyyəti məlumatlandırmaq və insanları vəhşi təbiətin mühafizəsinə cəlb etməkdir.

 

Bəs ölkənin vəhşi təbiəti necə qorunur? Bununla bağlı hansı işlər görülür?

 

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri Elçin Sultanov Modern.az-a bildirib ki, ölkəmizin təxminən 12-15 faizini qorunan ərazilər təşkil edir.

 

O vurğulayıb ki, hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri mövcuddur. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü isə dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %-ni, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir. Bunların hamısı vəhşi təbiəti qoruyur:

 

"Bundan başqa müntəzəm olaraq nazirlik qış sayğıları aparır. Bu da təbiətin mühafizəsinə kömək edir. Qışlayan nadir növlərin həm sayını, həm də yayılmasını öyrənirik. Bunların harada çox yayıldığını, çoxalıb azaldığını bilmək o növün qorunması üçün böyük köməkdir. Bizdə qışlayan quş növləri azalır, deməli, onları yuvaladığı yerdə narahat edirlər, sayını azaldırlar. Hər hansı növün sayının artdığını, Azərbaycanda çox sayda qışladığını görürüksə, deməli, onun yuvaladığı yerlərdə də vəziyyət yaxşıdır. Azərbaycan təhlükədə olan növün yaxşı yaşaması üçün şərait yaradır. Təzə proqram hazırlanır. Artıq yazdan etibarən təhlükədə olan yuvalama quşların sayını və yayılmasını öyrənəcəyik. Milli park, qoruq, sonra daha böyük ərazilərdə yoxlama aparacağıq. Beləliklə, bizdə real rəqəm olacaq".

 

 

E.Sultanovun sözlərinə görə, 2009, 2010 və 2011-ci illərin tədqiqatı göstərir ki, nadir növ imperator, yaxud məzar qartalının Azərbaycanda təxminən 70 cütü var. Bu isə ondan xəbər verir ki, biz Rusiyanı çıxmaqla Avropada bu növün sayına görə birinciyik. İkinci yerdə isə Macarıstan gəlir. Orada da təxminən bu qədər sayda yuva tapılıb. Bizdə indiki rəqəmdən çox ola bilər. GPS və koordinatlarla dəqiq 70-ni tapıb qeyd etmişik. Rusiyada isə belə səviyyədə tədqiqatlar aparılmayıb. Rusiyanın ərazisi daha böyükdür. Ola bilsin ki, orada say daha çoxdur. Amma digər ölkələr arasında biz birinciyik. Onların yuvalama yerlərini bildikdən sonra qorunması daha da asanlaşıb. Bu ərazilərə xüsusi diqqət yetirilir”.

 

Qurum rəsmisi "Qırmızı kitab"a düşən heyvanlar haqqında da məlumat verib:

 

“Köhnə nəşrdə 72 quş, təxminən 40-a yaxın məməli növü, 9-a qədər balıq növü siyahıya alınmışdı. Yeni nəşrdə 78 növ quş, 40-dan çox məməli növü, 9-a qədər balıq növü, 2, ya 3 amfibiya növü, 100-ə qədər həşarat növləri "Qırmızı kitab"a düşəcək. Yeni kitab bu yaxınlarda çapdan çıxacaq. Mən quş hissəsinin redaktoruyam. Quşlarda 10-na qədər növü ordan çıxardıq. Çünki artıq onların vəziyyəti yaxşıdır. Xüsusi qorunmasına ehtiyac yoxdur. Amma "Qırmızı kitab"a düşdüyünə görə 16 quş növünü kitaba salmışıq. Çünki bir növ dünyada "Qırmızı kitab"a düşübsə, avtomatik bizdə də elə olur. Bundan başqa, elə növlər var ki, son illər bütün dünyada, o cümlədən Azərbaycanda xeyli azalıb. Misal üçün adi qur-qur olduqca çoxsaylı quş idi. İndi sayı azalıb. Bu, köçəri quşdur. Bizdə yuvalayır, qışlamaq üçün Afrikaya gedir. Afrikaya gedəndə quşlar Yaxın Şərqdən, bəzən Aralıq dənizinin üstündən keçirlər. Cənub ölkələrində, Fransadan tutmuş Yunanıstan limanına qədər köç zamanı bu quşları kütləvi ovlayırlar. Ov prosesi əksər vaxtlarda torlarla, yaxud digər tüfəngsiz vasitələrlə aparılır. Bu ov metodları Azərbaycanda və bir çox sovet ölkələrində qadağandır. Amma xaricdə geniş istifadə olunur. Əgər tüfənglə ovçu bir quşu vura bilirsə, torla onlarla quşu ovlamaq olar. Bu quşlar köç zamanı ovçular tərəfindən qanunsuz vurulur və beləliklə, bizdə də say azalmağa başlayır. Adi qur-quru Azərbaycanda heç kim ovlamır və əksər yerlərdə qur-qurlar bir növ müqəddəs qorunan quş kimi bilinir. Ördəklər, qazlar, qu quşları, yırtıcı quşların bir hissəsi, iri qartallar, bəzi xırda yırtıcı quşlar, bir neçə növ qızıl quş, sultan quşu, hətta 10-dan çox sərçəkimi  quşlar və dünya "Qırmızı kitab"ında olan digər növ quşlar Azərbaycanın "Qırmızı kitab"ına salınıb”.

 

 

Hazırda vəhşi təbiyyətin vəziyyəti necədir?

 

E.Sultanov cavabında deyib: “Ümumiyyətlə, qorunma olaraq vəziyyət ekologiyada çox dəyişkəndir. Bir az diqqətimizi itirsək, işimizi zəiflətsək, həmin dəqiqə problemlər çıxacaq. Misal kimi adi qur-quru götürək. Kimin ağlına gələrdi ki, bu quşların sayı kəskin azalacaq. Əvvəl bu quşlar 50, 100 dəstə ilə uçurdu. İndi isə Azərbaycanda o quşu demək olar ki, tapmaq olmur. Ona görə də təbiəti müalicə işində heç vaxt arxayın olub, rahat oturmaq olmaz. Daim diqqətli olmaq lazımdır. Vəziyyət tez-tez dəyişir. Müxtəlif səbəblərdən növlər artıb, azala bilər. Vaxtında bundan xəbərdar olub, azalan tərəfə kömək etmək lazımdır ki, kritik vəziyyətə qədər düşməsin. Çoxalan növlərin isə qorunmağa ehtiyacı yoxdur. Onları "Qırmızı kitab"dan çıxarıb yaşıla keçirmək lazımdır. Bu, onların vəziyyətinin yaxşı olduğunu sübut edir. Lakin o demək deyil ki, 20,30 il sonra həmin növlər yenidən azalmaya bilər. Onları qorumasaq, vəziyyət yenidən kritik ola bilər”.

 

 

Ornitoloq əlavə edib ki, 18 ildən sonra ilk dəfə Azərbaycanda quş sayğılarının keçirilməsinə başlanılıb.

 

"Bu, bizə milli sərvətimiz olan quşların sayını bilməyə imkan yaradacaq. Çünki quşlar bizim təbii sərvətimizdir. O baxımdan sayğı bizim üçün çox vacibdir. Bütün digər sərvətlər kimi gərək onların da sayını bilək. Burada iki məqsəd var, birincisi, nadir, azsaylı növləri tapmaq, onların qorunmasını daha səmərəli təşkil etmək, digər tərəfdən isə, ölkədə ov qanunvericiliyi var və buna görə də ölkənin ov sərvətləri hesablanmalıdır. Hansı növün ovuna icazə vermək olar, hansına yox, bu sayğı bizə onu aydınlaşdırmağa da imkan yaradır. Biz sayğı nəticəsində müəyyən etdik ki, ölkəmizdə ümumi quşların sayı 800 mindən yuxarıdır”.

 

E.Sultanov vurğulayıb ki, Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerdədir. Onun sözlərinə görə, ən çox Niderland və İngiltərədə, sonra Türkiyədə qışlayan quşlara rast gəlinir. Növbəti yerdə isə Azərbaycan gəlir: "Bu da onunla əlaqədardır ki, Kür-Araz ovalığı, Xəzər sahili unikal yerlərdir. Buralarda çoxlu sututarları, küləkdən qorunan buxtalar var. Həmçinin onlar sualtı çoxlu bitkilərlə zəngindir. Bu sadalananlar isə vəhşi quşlar üçün yem bazasıdır. Bu il qışlamada çoxlu sayda - minlərlə qarabatdaq qeydə alınıb. Qutan, qu quşu isə hava şəraiti ilə bağlı Azərbaycana ötən illərlə müqayisədə az gəlib”.

 

 

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı