Modern.az

Məşhur ekoloqdan deputata etiraz - Ağcaqanadlar yaşamalıdır

Məşhur ekoloqdan deputata etiraz - Ağcaqanadlar yaşamalıdır

Aktual

1 İyun 2023, 15:00

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli Bakıda ağcaqanadların çox olmasından şikayətlənib.

 

"Sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır”, - o deyib.

 

Deputatın çıxışı sosial şəbəkələrdə maraqlı müzakirələrə, bəzi hallarda isə tənqidlərə səbəb olub. 

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deputatın şikayətlərini düzgün hesab etmədiyini, ağcaqanadların tələf edilməsinə qarşı çıxdığını deyib.

 

Ekoloq qeyd edib ki, ağcaqanadlar canlıdır və onlar yaşamalıdırlar: "Onlar ağcaqanadları qırmaq niyyətindədirlər. Səbəb olaraq isə onu deyirlər ki, guya ağcaqanad xəstəlik yayır. Bununla əlaqədar olaraq ağcaqanadlara qarşı mübarizə aparmaq istəyirlər. Fikrimcə, bu, düzgün deyil. Mən şəxsən onun əleyhinəyəm. Çünki ağcaqanadlar Allahın yaratdığı canlılardır və onlar da yaşamalıdır. Ağcaqanadlar insanın qanını içərək yaşayırlar. Ancaq o demək deyil ki, insanlara zərər verirlər. İnsanın qanında zəhər olur. Onlar insan qanında olan həmin zəhəri içirlər, qana isə toxunmurlar. Ağcaqanadları qırmaq məqsədilə kimyəvi, bioloji maddələrlə onları zəhərləndirərək camaatın üstünə salırlar. Ağcaqanadlar da bu zəhərə dözür, tab gətirir sonra isə insanı dişlədikdə həmin zəhər insan bədəninə keçir. Sonra da deyirlər ki, ağcaqanad xəstəlik yayır.

 

"Ağcaqanadların sayının artmasına gəlincə, deyilənlər doğru deyil. Mən belə bir artımın olduğunu düşünmürəm. Evimin bütün qapı-pəncərələrinin açıq olmasına baxmayaraq, hələ bir ağcaqanad görməmişəm. Ağcaqanadlardan qorunmaq üçün qapı və pəncərələri torla bağlamağı tövsiyə edə bilərəm”, - deyə Telman Zeynalov vurğulayıb.

 

Qeyd edək ki, sovet dövründə ağcaqanadlara qarşı dezinfeksiya tədbirləri həyata keçirilirdi. Ağcaqanadlarla mübarizə çərçivəsində müxtəlif bölgələrdə DDT (dikloro-difenil-trikloroetan) kimi müxtəlif kimyəvi maddələr istifadə edilirdi. Eyni zamanda tullantıların düzgün idarə edilməsi və su mənbələrində ağcaqanad sürfələrinin toplanmasının qarşısının alınması üçün tədbirlər görülürdü.

 

Onu da bildirək ki, ağcaqanadlara qarşı kimyəvi maddələrin istifadə edilməsi kimi metodlar müasir dövrdə ətraf mühit fəalları, ekologiya təşkilatları tərəfindən etirazla qarşılanır.

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!