"Heydər Əliyev İli" çərçivəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru və YAP Kəlbəcər rayon təşkilatı Heydər Əliyev və Azərbaycan milli təhsili adlı tədbir keçirdi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov, YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə, Təhsil sektorunun əməkdaşları və təhsil işçiləri iştirak edirdi.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub.Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən sədr dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib. Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu.
Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Digər çıxış edənlər 1 saylı məktəbin direktoru Nazim Qafarov, 71 saylı məktəbin müəllimi Ərəstun Kamalov, 22 saylı məktəbin tarix müəllimi Nəsrin Baxşıyeva qeyd etdilər ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb.
Sonda partiyanın fəal üzvlərinə diplomlar və yeni üzvlüyə qəbul olunanlara partiya vəsiqələri təqdim olunub.