Modern.az

Zibili zibil qutusuna atmayanları mədəni surətdə utandıraq

Zibili zibil qutusuna atmayanları mədəni surətdə utandıraq

Aktual

7 İyun 2023, 12:20

"Zibili zibil qutusuna atmayanları mədəni surətdə utandıraq".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

 

O bildirib ki, ağac əkinini təbliğ və təşviq edən aksiyalar kimi təmizlik aksiyalarının gündəmə gətirilməlidir:

 

"Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də dəniz sahillərinin, çay hövzələrinin, ümumiyyətlə təbiət ərazilərinin çirkləndirilməsidir. Xüsusilə də istirahət mövsümlərində. Məqsədimiz, səmimi desək, vətəndaşlarımızı öz atdıqlarını toplamağa sövq etməkdir. Düzdür, ağac əkininin kütləviləşməsinə nail olduğumuz üçün sevinirik, amma təmizlik aksiyalarının kütləviləşməsinə, inanırıq ki, ehtiyac qalmaz. Hamımız məlumatlıyıq, amma yenə təkrar etmək istəyirəm, bilirsiz təmizlik aksiyaları zamanı çay kənarlarından, dəniz sahilindən, təbiətdən nə qədər tullantı yığılır? Yəni çox utandırıcı mənzərələrdən söhbət gedir".

 

Mətbuat katibi insanların ətraf mühitə qarşı bu qədər biganə, qəddar münasibətinə təəssüflənib:

 

"Niyə ayaq basdığımız məkanlara öz evimiz kimi yanaşmırıq? Yay gəlir, təbiət turizmi mövsümü başlayır. Ölkəmizə müxtəlif ölkələrdən turistlər gəlir. Utandırıcı mənzərələrlə, ən azından qonaqların zövqünü korlamamaq üçün diqqətimizi toplayaq, tullantılara nəzarət edək, onları hara gəldi atmayaq. İnanın ki, birlik olsaq, tez bir zamanda bir-birimizi bu ziyanlı vərdişdən çəkindirəcəyik. Sadəcə, atdığımız tullantıları toplasaq, yerindəcə bir-birimizi qınaq etsək, zibili zibil qutusuna atmayanları mədəni surətdə utandırsaq, kifayətdir. Bir də, hər kəs özlüyündə, həm də düşüncə və davranışda olan "zibili hara gəldi atmaq" vərdişlərinin yox edilməsinə çalışsa, yəqin ki, təbiət ərazilərimizdə xəyal etdiyimiz ideal təmizliyə çatacağıq".

 

O əlavə edib ki, aksiyalar davam edir:

 

"Bu şənbə yenə də çay və göl kənarlarında, dəniz sahillərində xoşagəlməz mənzərə yaradan zibillərin toplanmasına, növbəti təmizlik aksiyasına toplaşırıq. Birləşək, özümüz-özümüzü bu problemdən qurtaraq. İnanırıq ki, bacaracağıq və gələn ilki istirahət mövsümündə belə çağırışlara ehtiyac qalmayacaq!".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı