Modern.az
Qəzənfər Həmidoğlu London şeyxi...

Qəzənfər Həmidoğlu

London şeyxi...

Analitika

5 Avqust 2022, 12:46

Qəzənfər Həmidoğlu


Londondakı səfirliyimizi zəbt  edərək vandalizm aktı törədən, bayrağımızı təhqir edən radikal dini dəstə Küveyt əsilli radikal şiə üləması şeyx Yasir (Yasser) əl-Həbibin  “Mehdi Qulluqçuları İttifaqı”nın (The Mahdi Servants Union) və ya Birləşmiş Krallığın paytaxtında və islam dünyasında  “Khoddam Al-Mahdi Organization” adı ilə tanınan qalmaqallı şiə təşkilatının üzvləridir. 


43 yaşlı şeyx Həbib Kərbəlanın məşhur  Ayətullah-üzması Seyid Məhəmməd əl-Şirazinin oğlu ayətullah Məhəmməd Rza əl-Şirazinin tələbəsi olub. “Khoddam Al-Mahdi” şiə təşkilatını Küveytdə yaradıb və başlayıb rəşidi xəlifələrindən Əbu Bəkr və Öməri, eləcə də Əbu Bəkrin qızı və Hz. Peyğəmbərin xanımı Ayişəni sərt tənqid və təhqir etməyə, onları Fatimənin ölümündə günahlandırmağa. Küveyt sünnilərinin qəzəbi onun həbsi ilə nəticələnib. Küveyt əmiri 2004-cü ildə onu əfv etdikdən 2-3 gün sonra yenə aranı qarışdırdığı üçün həbsinə qərar verilib. Şeyx Həbib İraqa, ordan da İrana qaçıb. Barəsində 10 il qiyabi həbs cəzası çıxarılıb. 2010-cu ildə Ayişənin ölüm ilini bayram etdiyinə və Məhəmməd Peyğəmbərin xanımını “Allahın düşməni” adlandırdığına görə Küveyt vətəndaşlığından xaric edilib. İran ülamələri ilə tərs düşdüyü üçün üz tutub Londona. Böyük Britaniyada siyasi sığınacaq alıb. İngiltərədə onu Qumun müasir ülaməlarından Ayətullah-üzma Sadiq Şirazinin (ayətüllah Məhəmməd  əl-Şirazinin qardaşı)  kiçik qardaşı, 1994-cü ildə Məşhəddən qaçıb Londonda məskən salan Seyid Müctəba Hüseyn Şirazi himayə edib. Ərəb kökənli Şirazi sülaləsinin əksər nüfuzlu simaları  imam Xomeyni doktrinasının opponentləri kimi məşhurdurlar.

 

Ümumiyyətlə, Şirazilər gah Quma, gah Nəcəfə xidmət edirlər. Şirazi tayfasının bəzi üləmaları isə Londonun himayəsi altındadırlar. 


İranın dini lideri ayətullah Seyid Əli Xameneyi Peyğəmbərin əshabələrini və xanımlarını təhqir edilməsinə qarşı fətva verdikdən sonra Yasir əl-Həbib onu düşmənləri siyahısına salıb.  Radikal şiə lideri İslam Respublikasını “despotik rejim”, İran şiələrinin mərceyi-təqlidini  isə “özünü şiə alimi sayan Əli əl-Xameneyi adlı birisi”, “nüvə başlıqlı ayətullah” adlandırır. Onun fikrincə, sünnilər və 1979-cu ildəki İran İslam inqilabı, özəlliklə də Xameneyi İslamı pozub. İran mollaları onu “cahil başdan xarab”,  “şiələr adından sünni qardaşları təhqir edən Britaniya vətəndaşı” sayırlar. Əsərləri İranda qadağan olunub.


“Ədəbsizlik: Ayşənin başqa üzü”, “İslamı necə oğurladılar” kimi  təhqiramiz və qalmaqallı kitabların müəllifi olan şeyx Yasir əl-Həbib şiə-cəfəri cərəyanının baş bəlasına çevrilib.  Hazırda İngiltərənin mərkəzində - Bakingemşir qraflığının Fulmer qəsəbəsində məskən salan şeyx Həbibin “Əl Muhassin” adlı məscidi,  “Fadak TV” telekanalı, mədrəsəsi, qəzeti və saytı var.  Ötən il  onun ssenarisi əsasında Hz. Peyğəmbərin qızı Fatimeyi-Zəhraya  həsr edilmiş “Cənnətin xanımı”  (“The lady of heaven”) adlı tarixi film çəkilib. 


“Cənnət xanımı”  filminin təqdimatı  2021-ci ilin dekabrında Nyu-Yorkda baş tutub, sonralar təqdimat Vaşinqtonda da keçirilib. Böyük Britaniyada “Cənnət xanımı”nın nümayişinin dayandırılması tələb edilib.  Üləmalar hesab edirlər ki, film İslam məzhəbləri arasındakı münasibətlərə xoşagəlməz təsir göstərir.  Şiə mərceyi-təqlidlərinə görə, film “İngiltərənin və sionizmin maddi dəstəyi ilə fəaliyyət göstərən fitnə şəbəkəsi” tərəfindən istehsal edilib. Hələlik “Cənnət xanımı”nın Birləşmiş Krallıqda nümayişi dayandırılıb.


İslam üləmaları iddia edirlər ki, “sünni opportunistlər”in məkanı ABŞ-dırsa, “şiə opportunizmi”ni London təbliğ edir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir