Modern.az

Fərhad Bədəlbəylinin ailə qalası - Həyat yoldaşı, qızı, nəvəsi... - FOTOLAR

Fərhad Bədəlbəylinin ailə qalası - Həyat yoldaşı, qızı, nəvəsi... - FOTOLAR

Mədəniyyət

Bu gün, 15:16

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin son çıxışı ictimai müzakirələrə səbəb olub. Onun Türkiyə-Azərbaycan münasibətləri və mədəniyyətlə bağlı fikirləri müxtəlif reaksiyalar doğurub. Rektorun son çıxışı ətrafında yaranan müzakirələr göstərir ki, ictimaiyyət yalnız sənətkarın musiqi yaradıcılığına deyil, şəxsi həyatına da maraq göstərir.

Modern.az saytı ictimaiyyətin marağını nəzərə alaraq Xalq artistinin şəxsi həyatından bəzi məqamları diqqətə çatrırır.

Ailə məsələlərini qapalı saxlayan sənətkar

Fərhad Bədəlbəyli pianoçu olaraq bir sıra beynəlxalq müsabiqələrin qalibi və laureatıdır. Dünyanın 50-dən çox ölkəsində (ABŞ, Almaniya, Fransa və b.) konsert proqramları ilə çıxış edib.
1991-ci ildən Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çlışır. 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1983-1985-ci illərdə Dövlət Mükafatı, 1990-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1997-ci ildə “Şöhrət”, 2017-ci ildə “İstiqlal”, 2022-ci ildə “Şərəf” ordeni ilə təltif edilib. 

Gələn ay – dekabrın27-də 79 yaşını tamamlayacaq F.Bədəlbəyli şəxsi həyatı haqqında danışmağı o qədər də sevməyib. Cəmi bir-iki dəfə bu haqda qısa açıqlamlar verən Xalq artisti şəxsi həyatını və ailə üzvlərini mediadan uzaq tutmağı üstün sayıb.

Bununla belə o, atası, anası, əmiləri haqda dəfələrlə danışıb.


Atasından aldığı dərs 


Fərhad Bədəlbəylinin uşaqlıq xatirələri arasında atasından aldığı və bu günə qədər unutmadığı bir dərs də var.

O, Vyaçeslav Sapunova verdiyi müsahibədə danışıb ki, bir dəfə atası ilə qatarda gedərkən süfrədə çörəyin sonuncu tikəsi qalıb. Balaca Fərhad həmin tikəni başqaları ilə bölüşmədən özü yeyib. Atası isə onun bu hərəkətinə sərt reaksiya göstərərək, son tikəni başqalarına təklif etmədən yeməyin düzgün olmadığını başa salıb.

Bu hadisə o qədər təsirli olub ki, Fərhad ağlayıb. Ancaq atasının verdiyi dərs yaddaşından heç vaxt silinməyib.

Xalq artisti deyir ki, bu gün də dostları ilə süfrə arxasında oturarkən çörəyin sonuncu tikəsi qalanda onu hamı arasında bölüşdürür. 

Sənətkarın uşaqlıq illərində tərbiyəsində bacılarının da mühüm rolu olub. Onlar Fərhadı tez-tez opera teatrına və filarmoniyaya aparır, onu musiqi mühiti ilə tanış edirmişlər.

Əmisi, bəstəkar Əfrasiyab Bədəlbəylinin də onun həyatında xüsusi yeri olub.

Fərhad Bədəlbəyli bildirib ki, xatirələrini yazsa, ilk növbədə anasından bəhs edəcək. Deyib ki, 10–15 yaşlarında onu futbol və küçə həyatının təsirindən uzaqlaşdırmaq üçün anası çox çalışıb.


"Mənim evim, mənim qalamdır”

Qeyd etdiyimiz kimi, şəxsi həyatından çox danışmayan Xalq artisti 2020-ci ildə işıq üzü görən “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı” kitabında dərc olunmuş müsahibəsində bu məsələyə münasibətini belə ifadə edib: “Mən bir az konservativ adamam. Ailə məsələlərini, şəxsi problemləri heç vaxt müzakirə etmirəm. Məndə ingilislərin prinsipi var: mənim evim, mənim qalamdır”.

Sənətkar həmin müsahibədə ailəsinin üç əsas üzvünün – həyat yoldaşı Nailə xanımın, qızı Dilarənin və nəvəsinin olduğunu açıqlayıb.

O, oğul övladının olmadığını da gizlətməyib. Bununla belə, qızının onun üçün min oğul əvəz etdiyini söyləyib. Bir qız nəvəsinin olduğunu xüsusi sevgi ilə xatırlayan sənətkar nəvəsini dünyalarla dəyişməyəcəyini bildirib.


Qızı və xanımı ilə...

Fərhad Bədəlbəyli müsahibədə gec ailə qurduğunu da etiraf edib. Sənətə, konsertlərə və qastrol səfərlərinə çox vaxt ayırması səbəbindən daha çox övlad sahibi ola bilmədiyini deyib.“Bir uşaq azdır. Mən axı gec evləndim. Başım sənətə elə qarışmışdı ki...” – deyə o, söhbət zamanı bildirib.

F.Bədəlbəyli illər öncə Modern.az-ın “Fotosöhbət” layihəsinə bildirmişdi ki, qızının adını özü qoyub: Dilarə. “Qızımın adını özüm qoymuşam. O, mənim fəxrimdir”, - Xalq artisti deyib.

Həyat yoldaşı da musiqiçi olub

Fərhad Bədəlbəylinin həyat yoldaşı Nailə İbrahimova musiqi ictimaiyyətinin tanınan nümayəndələrindən olub. O, Bakı Musiqi Akademiyasında çalışıb, kafedra müdiri vəzifəsini tutub.

Maraqlı məqam budur ki, Nailə xanımın Fərhad Bədəlbəyli ilə münasibətləri təkcə ailə həyatı ilə məhdudlaşmayıb. Onlar eyni peşə mühitini bölüşüblər.

Sənətşünaslıq üzrə professor Tərlan Məmmədov xatirələrində Nailə xanımın Fərhad Bədəlbəyliyə münasibətindən bəhs edərkən onun həyat yoldaşının konsertləri zamanı daim yanında olduğunu, çıxışlarından əvvəl həyəcan keçirdiyini və onu ruhlandırdığını yazıb.

Nailə xanımın vəfatı isə sənətkar üçün ağır itki olub. Nailə İbrahimova 2017-ci il iyulun 28-də dünyasını dəyişib. Həmin vaxt Fərhad Bədəlbəyli xanımının yanında deyil, Qəbələdə olub.

Pianoçu qızı atasının sənət yolunu seçib


Qızı Dilarə xanımla...

Fərhad Bədəlbəylinin qızı Dilarə də musiqi təhsili alıb. Musiqi dünyası ilə bağlı nəşrlərdə onun pianoçu olduğu qeyd edilir. Dilarə xanım Bülbül adına Musiqi Məktəbində oxuyub.

Bununla da Bədəlbəylilər ailəsinin musiqi ənənəsi növbəti nəslə ötürülüb. Fərhad Bədəlbəylinin özü dünya səviyyəli pianoçu, atası Şəmsi Bədəlbəyli isə görkəmli teatr xadimi, reissor olub.

Qeyd edək ki, Bədəlbəylilər ailəsinin üzvləri dörd nəsildir ki, peşəkar musiqiçilərdir.

ABŞ-dan qayıdan qızı və kürəkəni karantinə yerləşdirilmişdi

Fərhad Bədəlbəylinin kürəkəni haqqında geniş məlumat yoxdur. Ancaq 2020-ci ildə koronavirus pandemiyası zamanı sənətkar bu barədə maraqlı açıqlama vermişdi.

Həmin il martın 26-da Fərhad Bədəlbəyli ABŞ-dan Azərbaycana qayıdan qızı və kürəkəninin karantinə yerləşdirildiyini bildirmişdi. Demişdi ki, onlar da digər vətəndaşlar kimi müəyyən edilmiş müddətdə karantində qalmalı olublar.

Nəvəsinə xüsusi sevgisi

Fərhad Bədəlbəylinin müsahibələrindən görünür ki, onun ailəsində xüsusi yeri olan şəxslərdən biri də nəvəsidir.

2016-cı ildə verdiyi müsahibədə bir qız nəvəsinin olduğunu deyən sənətkar daha çox nəvə sahibi olmaq arzusunu da gizlətməmişdi.

Fərhad Bədəlbəyli bu gün də Azərbaycan musiqi mədəniyyətinin ən tanınmış simalarından biridir. Yuxarıda qeyd etdiyimiz ki, Xalaq artisti ailəsi haqda çox danışmağı istəməyib.

Özünün illər əvvəl dediyi kimi, onun üçün ailə hər zaman qorunmalı olan bir qaladır.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan