Modern.az

Zəlzələ bölgəsinin siyasi xəritəsi - İqtidarı, yoxsa müxalifəti dəstəkləyirlər

Zəlzələ bölgəsinin siyasi xəritəsi - İqtidarı, yoxsa müxalifəti dəstəkləyirlər

13 Fevral 2023, 15:42

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Güclü zəlzələ 13.5 milyon insanın yaşadığı 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Təbii fəlakət 31 mindən çox insanın həyatına son qoyub.

 

Zəlzələdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə 3 ay müddətinə fövqəladə vəziyyət (OHAL) elan edib və qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

 

Zəlzələ zamanı 7 minə yaxın binanın dağılması müxtəlif dairələrdə tənqidlərə səbəb olub. Müxalifət iddia edir ki, binalar tikilərkən zəlzələ faktoru nəzərə alınmayıb. Təbii fəlakətdən sonra ekspert dairələrində bu il keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərində hansı siyasi qüvvələrin üstünlük qazanacağı müzakirə mövzusuna çevrilib.

 

Modern.az 2018-ci ildə keçirilən parlament və prezident, 2019-cu ildə baş tutan bələdiyyə seçkilərinə əsasən Türkiyənin zəlzələ baş verən bölgəsinin siyasi xəritəsini təqdim edir.

 

Adana

 

2 milyondan çox insanın yaşadığı Adana Türkiyənin əsas sənaye bölgələrində biridir. 2018-ci ildə keçirilən prezident seçkilərində Adanada seçicilərin 44.1%-i indiki prezident Rəcəb Tayyib Ərdoğana səs verib. Müxalifətin namizədləri isə bu vilayətdə 55 faiz səs qazanıb. Oxşar nəticə 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində də qeydə alınıb. Müxalifətin Millət ittifaqının namizədi Zeydan Karalar 55,6 faiz səslə Böyükşəhər Bələdiyyə Başçısı seçilib. Türkiyə Böyük Millət Məclisində Adananı təmsil edən 13 deputatdan beşi AKP, dördü CHP, ikisi HDP, ikisi isə MHP-dən seçilib.

 

Adıyaman

 

Zəlzələnin təsir etdiyi Adıyaman vilayətində 630 mindən çox insan yaşayır. 2018-ci ildə keçirilən prezident seçkilərində Ərdoğan vilayətdə 67,4 faiz səs toplayıb. Eyni gündə keçirilən parlament seçkilərində 5 deputatdan 4-ü AKP, biri CHP-dən seçilib.

 

2019-cu il bələdiyyə seçkilərində AKP-nin namizədi Süleyman Kılınç 53,2 faiz səslə bələdiyyə sədri postuna layiq görülüb. Səadət Partiyasının namizədi Əhməd Faruk Ünsal 28,1 faizlə ikinci, İYİ Partiyasının namizədi Abdulkadir Qırmızı 11,8 faizlə üçüncü olub. CHP isə namizəd irəli sürməyib və İYİ Partiyaya dəstək verib.

 

Diyarbakır

 

Kürd əsilli vətəndaşların çoxluq təşkil etdiyi Diyarbakır da zəlzələdən ən çox əziyyət çəkən bölgələrdən biridir. 1.7 milyon insanın yaşadığı Diyarbakırda son prezident, parlament və bələdiyyə seçkilərində HDP qalib gəlib. 2018-ci ildə 60%-dən çox səs toplayan HDP-nin namizədi Səlcuq Mızraklı növbəti il keçirilən bələdiyyə seçkilərində qalib gəlib. Ancaq sonradan o, vəzifəsindən azad edilib və yerinə qəyyum təyin edilib.

 

Elazığ

 

400 mindən çox insanın yaşadığı Elazığ bölgəsində 2018 və 2019-cu ildə baş tutan seçkilərdə AKP və MHP-dən ibarət Cumhur İttifaqı böyük səs çoxluğu ilə qələbə qazanıb.

 

Qaziantep

 

Zəlzələdə ən çox can itkisinin yaşandığı bölgələrdən biri olan Qaziantepdə 2018-ci il seçkilərində Ərdoğan 64% səs topladığı halda, 9 ay sonra keçirilən bələdiyyə seçkilərində Cumhur İttifaqının səsləri 10% azalaraq 54%-ə düşüb.

 

Hatay        

 

Böyük limanlara ev sahibliyi edən Hatayda 1.6 milyon insan yaşayır. 2018-ci ildə keçirilən prezident seçkilərində Hatay vilayətində ən çox səsi Rəcəb Tayyib Ərdoğan toplasa da, 2019-cu il bələdiyyə seçkilərində Millət İttifaqı 55 faiz səslə qalib gəlib.

 

Kahramanmaraş

 

Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraşda 2018-ci il prezident seçkilərində AKP sədri, prezident Rəcəb Tayyib Ərdoğan 74,2 faiz səslə birinci olub. Parlamentdə Kahramanmaraşı təmsil edən səkkiz millət vəkilindən 7-si Cümhur İttifaqı, 1-i isə Millət İttifaqını təmsil edir.

 

1 milyondan çox əhalinin yaşadığı vilayətdə 2019-cu il bələdiyyə seçkilərində AKP və MHP-nin ortaq namizədi Hayrettin Güngör 67,6% səslə qalib gəlib. CHP və İYİ Partiyanın ortaq namizədi Əli Öztunç 27,2 faiz, Səadət Partiyasının namizədi Mustafa Vəhdət Sürücü 2,1 faiz səs qazanıb.

 

Kilis

 

Cəmi 142 min insanın yaşadığı Kilis vilayəti Suriya ilə sərhəddə yerləşir. Burada Cumhur İttifaqını təmsil edən AKP və MHP olduqca güclüdür. 2018-ci ildə 70% səs toplayan hakim siyasi qüvvə növbəti il baş tutan bələdiyyə seçkilərində səslərini daha da artırıb.

 

Malatya

 

Zəlzələnin təsir etdiyi vilayətlərdən biri olan Malatyada da hakim Cumhur İttifaqı son prezident, parlament və bələdiyyə seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanıb.

 

Osmaniye

 

Mühüm magistral və dəmir yollarının kəsişməsində yerləşən Osmaniyedə yarım milyon insan yaşayır. Zəlzələdən sonra fövqəladə vəziyyət elan edilən Osmaniyedə 2018-ci ildə Ərdoğan 63%, 2019-cu ildə AKP-MHP isə 54 faiz civarında səs toplayıb.

 

Şanlıurfa

 

Kənd təsərrüfatı üçün münbit torpaqlara malik Şanlıurfada 2 milyondan çox insan yaşayır. Şanlıurfada 2019-cu ildə həm prezident-parlament seçkilərində, həm də yerli seçkilərdə Cumhur İttifaqı qalib gəlib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır