Modern.az

Futboldan “Zəlzələ diplomatiyası”na - Ankara İrəvanla barışır? - TƏHLİL

Futboldan “Zəlzələ diplomatiyası”na - Ankara İrəvanla barışır? - TƏHLİL

Analitika

17 Fevral 2023, 10:00

Türkiyədə baş verən zəlzələdən sonra bu ölkənin xarici siyasət institutunu uzun illər məşğul eləyən, Osmanlının son illərindən bəri zaman-zaman Türkiyə dövləti üçün problemlərə səbəb olan məşhur “erməni məsələsi” yenidən gündəmə gəlib.

 

Fransız İnqilabından sonra Avropada başlayan millətləşmə prosesinin tədricən şərqə doğru yayılması ilə Osmanlı Türkiyəsi ilk dəfə bu məsələ ilə qarşılaşmalı oldu. Uzun feodalizm dövründə Osmanlının sosial-siyasi, iqtisadi-mədəni həyatında iştirak edən ermənilər Yunanıstanın XIX əsrin 20-30-cu illərində müstəqillik uğrunda mübarizəyə - daha dəqiq desək, nəyin bahasına olursa-olsun Osmanlının tərkibindən çıxmaq naminə Balkanlardakı serb və bolqar qonşuları kimi komitəçilik fəaliyyətinə, bölgədə yaşayan dinc türk əhalinin qətliamına başlamasından sonra “milleti-sadıka” (sadiq millət) adlandırılsa da, az sonra - I Dünya müharibəsinin gedişində ölkələrinin düşməni olan Çar Rusiyası ilə, eləcə də digər müharibə tərəfləri ilə əməkdaşlığa getdi.

 

Rusiyanın Anadolunun şərqində Ermənistan qurmaq xülyasına inandırdığı erməni icmasının “öndə gələnləri” böyük qətliamlara, əsrlərlə birgə yaşadıqları insanları öldürmək bahasına etnik balansı xeyirlərinə dəyişmək siyasətinə start verdilər. Sonralar bu barədə Daşnaksütun liderləri də öz memuarlarında tarixi etiraflar edəcək, siyasi kurslarını “sapkın yurtseverlik” olaraq təsvir edəcəkdilər.

 

 

Sonrası məlumdur. Atatürkün liderliyində Türkiyə Cümhuriyyətinin qurulmasından və bütün Anadoluda hakim olmasından sonra elədiklərinə görə cavab vermək qorxusu və qonşularına, həmkəndlilərinə, həmkarlarına qarşı törətdikləri əməllərin verdiyi üzüqaralıq ilə məğlub dövlətlərin əsgərlərini daşımaq üçün göndərdiyi gəmilərə minib Türkiyəni tərk etdilər... Daha sonra qondarma “erməni soyqırımı” iddiaları, ASALA terror təşkilatının xaricdəki türk diplomatlarına qarşı terror aktları ilə XX əsrin ilk 80-90 ili geridə qaldı.

 

SSRİ-nin dağılmasından sonra Ermənistanın müstəqilliyini qazanması ilə Türkiyə diplomatiyası yenə “erməni məsələsi”ni rəfdən endirib gündəliyinə daşıdı – bu dəfə başqa keyfiyyətdə və fərqli məzmunda. Müstəqillik Bəyannaməsində, konstitusiyasında Türkiyəyə qarşı açıq torpaq iddiaları, təzminat, “soyqırımının” tanınması tələblərinin yer almasına baxmayaraq Türkiyə növbəti dəfə sülh naminə böyüklüyün də verdiyi özünəinamla Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu.

 

1991-dən başlayan və 1993-cü ildə Kəlbəcərin işğal olunması ilə Ermənistanın işğalçılıq siyasətinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarını aşdığını görən Ankaranın bu təcavüzkar dövlətlə sərhədlərini qardaş Azərbaycanın maraqları naminə bağlamasına qədər keçən iki ildə Türkiyə Ermənistan üçün kifayət qədər yaxşı üfüqlər açdı, humanitar, iqtisadi, mədəni sahədə İrəvanın – yenicə müstəqil olan və xeyli zəif olan İrəvanın qamətini doğrultması üçün imkanlar yarandı. Dənizə çıxışı olmayan Ermənistan Türkiyənin təşəbbüsü ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv oldu. Hətta həmin dövrdə Ermənistan prezidenti olan Levon Ter-Petrosyan İstanbula səfər etdi. Türkiyənin sabiq prezidenti Turqut Özalın dəfn mərasiminə də qatıldı. Yüksək səviyyədə qarşılandı və iki qonşu ölkənin normal münasibətlərə malik olması üçün bu dövrdə Ankara tərəfindən hər şey edildi. Ta ki, Kəlbəcərin işğal olunmasına qədər...

 

 

Bundan sonra Rusiya-Gürcüstan müharibəsinin baş verdiyi 2008-ci ilə qədər Moskvadan qidalanan və qatı türk düşmənləri Koçaryan və Sarkisyan tərəfindən idarə olunan Ermənistan Türkiyə ilə sərhədləri bağlı, münasibətlərinin səviyyəsi sıfır olaraq "yaşadı". 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinin başlanmasından sonra işğalçılıq siyasətinə görə yarımtəcrid vəziyyətinə düşmüş Ermənistan tam təcrid olunmaq riski ilə üzləşdi. Ermənistanı Rusiya ilə birləşdirən yollar Gürcüstandan keçdiyi üçün Tbilisi və Moskvanın münasibətlərinin dondurulması İrəvanı çıxılmaz vəziyyətə saldı.

 

Belə olan halda, yenicə sima dəyişikliyi yaşayan, əslində isə sadəcə Rusiyanın buyruq qullarından təşkil olunmuş Qarabağ klanının bir nümayəndəsi olan Robert Koçaryanın klanın digər nümayəndəsi Serj Sarkisyanla əvəzləndiyi (özü də "1 Mart" hadisələri kimi tarixə düşən qanlı-qadalı, xalq iradəsinin qəsb olunduğu seçkilərlə) İrəvan Avropa İttifaqına üzv olmaq üçün Ermənistanla münasibətlərinin normallaşdırılmasının şərt kimi qarşısına irəli sürüldüyü Ankaraya üz tutdu.

 

 

2009-cu ildə İsveçrənin Sürix şəhərində həmin dövrün XİN başçıları Ahmet Davutoğlu və Edvard Nalbandyan arasında iki protokol imzalandı. Bu dövrdə tarixə "futbol diplomatiyası" kimi düşmüş ovaxtkı prezidentlər Abdullah Gül və Serj Sarkisyanın qarşılıqlı səfərləri və birgə Türkiyə-Ermənistan futbol matçlarının izlənməsi də yaşanmışdı. Sonradan Moskvanın Qafqazda Türkiyənin təsir imkanlarının genişlənməsinə mane olmaq cəhdləri öz “bəhrəsini” verdi və protokollar heç bir ölkənin parlamentində ratifikasiya olunmadı. Sözsüz ki, bunun tək səbəbi Rusiyanın oynadığı rol deyildi və Azərbaycan torpaqlarını hələ işğal altında saxlayan Ermənistanın dünyaya inteqrasiya olunmasına Bakının soyuq münasibəti Ankaranı, cəmiyyətlərin prosesə tam hazırlanmaması və etirazların gündəmə gəlməsi isə həm İrəvanı, həm də Ankaranı geri addım atmağa vadar etdi. Ermənistanın Konstitusiya Məhkəməsi daha da irəli gedərək protokolların ölkənin əsas qanunu ilə ziddiyyət təşkil etdiyi barədə hökm çıxardı...

 

 

1991 və 2009-cu illərdə başlayan və hər iki halda yarımçıq qalan iki normallaşma təşəbbüsündən sonra tərəflər daha 11 il gözləməli oldular. 2020-ci ilin noyabrında başa çatan II Qarabağ müharibəsində Azərbaycan torpaqlarının azad olunmasından sonra tədricən növbəti normallaşma prosesi start götürdü. Budəfəki prosesə Azərbaycanın da isti yanaşdığı müşahidə olundu. Tərəflər xüsusi nümayəndələr təyin etdilər – Serdar Kılıç və Ruben Rubinyan. Moskva və Vyanada, daha sonra isə digər yerlərdə - məsələn, Ermənistan-Türkiyə sərhədində Ankara və İrəvanın nümayəndələri görüşlər keçirdilər, müəyyən irəliləyişlər əldə olundu. Ötən ilin əvvəlində iki ölkə arasında birbaşa hava reysləri bərpa olundu. Dəfələrlə müxtəlif Türkiyə rəsmilərinin dilindən Ermənistana uzadılmış sülh əli barədə xoş mesajlar verildi.

 

Qardaş ölkədə baş verən son zəlzələdən sonra isə prosesin daha da intensivləşdiyi müşahidə olunur. Bütün dünyadan Türkiyəyə dəstək gəldiyi dönəmdə İrəvan da istisnalar siyahısına düşmək istəmədi və qərb qonşusuna axtarış-xilasetmə qrupu və humanitar yardım yolladı. 30 il sonra sərhəd simvolik olaraq açıldı və yardımlar daşındı. Ardınca, digər ölkələrin dövlət rəsmilərinin Türkiyəyə axını başladı. Ermənistan da bu axına qoşuldu və xarici işlər naziri Ararat Mirzoyan əvvəlcə Ankaraya, daha sonra isə zəlzələ bölgəsinə səfər etdi.

 

 

Həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında tərəflər münasibətlərin normallaşmasında sərhədlərin tam şəkildə açılmasında maraqlı olduqlarını ifadə etdilər. Sərhəddəki körpünün birgə təmiri, ilkin mərhələdə üçüncü ölkə vətəndaşlarının sərhədlərdən keçməsinə şərait yaradılacağı barədə razılaşmalar ictimaiyyətə elan olundu. Dünən isə Ermənistan baş naziri Nikol Paşinyan da artıq sərhəddəki körpü ilə bağlı ilkin bərpa layihələrinin hazır olduğunu açıqladı. Hələlik proses davam etməkdədir...

 

Zəlzələ diplomatiyasının nəticə verib-verməyəcəyini zaman göstərəcək. Bu normallaşma təşəbbüsü uğurla başa çatacaq, yoxsa 1991 və 2009-dakı oxşar təşəbbüslərin aqibətini yaşayacaq? İndi bu, daha çox Ermənistandan asılıdır. Çünki Türkiyə tam səmimi olduğunu ən müxtəlif səviyyələrdə dəfələrlə ortaya qoyub və bunu əməllərində sübut edib. Ermənistanın isə bu mərhələdə olmasa da, yaxın gələcəkdə görməli olduğu işlər var: Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə əl çəkmək və bu məsələnin təsbit olunduğu bütün normativ-hüquqi aktlara – konstitusiya da daxil olmaqla – yenidən baxılması labüddür. Bundan başqa, uzun illər antitürk əhval-ruhiyyədə saxlanmış və turkofobiyanın nəhəng təbliğatla iliklərinə işləndiyi erməni cəmiyyətinin prosesə hazırlanması olduqca vacibdir.

 

 

Çavuşoğlunun da son mətbuat konfransında ifadə etdiyi kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması İrəvanın Bakı ilə sülh gündəliyinə də müsbət töhfələrini verəcək və qardaş ölkənin Cənubi Qafqazda güclənməsi, regionun bütün dövlətlərinə təsir edəcək rıçaqlara sahib olması Azərbaycanın da milli maraqlarına uyğun hesab olunur. Türkiyə Ermənistanla münasibətlərin qurulmasını qardaş Azərbaycanla koordinasiya etdiyi Ankara tərəfindən dəfələrlə ifadə olunub. Bu baxımdan budəfəki normallaşma prosesi tarixdəki digər örnəklərlə müqayisədə Bakının daha yaxşı qarşılaşdığı təşəbbüsdür.

 

II Qarabağ müharibəsindən zəlzələ diplomatiyasına qədər qət olunan məsafə az olmasa da, irəlidə hələ uzun yol var. Bu yoldakı əngəllər aşıla biləcəkmi? Yaşayıb görərik...

 

Modern Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır