Modern.az

Paşinyana son şans: Təklifi qəbul etməsə, hərbçilərimiz hərəkətə keçəcək

Paşinyana son şans: Təklifi qəbul etməsə, hərbçilərimiz hərəkətə keçəcək

Analitika

19 Fevral 2023, 15:05

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Təklifə əsasən ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır.

 

Azərbaycan Prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub. Nikol Paşinyan Münhendə Azərbaycanın təklifinə münasibət bildirməyib.

 

“Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

Mövcud vəziyyəti Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan təklifi qəbul etməsə belə Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır. O bildirib ki, Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik.

 

 

"Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur. Əlbəttə, Nikol Paşinyan həmişəki kimi, bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu, Azərbaycanın təbii haqqıdır. Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib.

 

Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq. Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq", - deyə politoloq vurğulayıb.

Bu xəbər ilə bağlı
Zəngəzur dəhlizində nəzarət məntəqələri YARADILMALIDIR
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü