Modern.az

Putinin “stop” qoyduğu START nədir… - ARAŞDIRMA

Putinin “stop” qoyduğu START nədir… - ARAŞDIRMA

Analitika

22 Fevral 2023, 16:06

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə dünənki illik müraciət çıxışında Qərbi Rusiyanın strateji hava bazalarına zərbələr endirmək cəhdlərində bilavasitə əli olmaqda ittiham etdikdən sonra ölkəsinin nüvə silahlarının azaldılmasına dair START (abreviaturun ingiliscə tərcümədən anlamı: Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Sazişi) müqaviləsində iştirakını dayandırdığını elan etdi. Putin NATO-nun START müqaviləsi çərçivəsində alyansın Rusiya Federasiyasının strateji obyektlərinə təftişlərinin qaytarılması tələbini absurd teatrı adlandırıb. O, sazişdən çıxdıqlarını bəyan edib.

 

"Rusiya Federasiyası Qərbin Rusiya aerodromlarına hücum cəhdlərində əli olduğunu bilir... Mən bu gün elan etməyə məcburam ki, Rusiya strateji hücum silahları müqaviləsində iştirakını dayandırır", - deyə Putin söyləmişdi.

 

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan auditoriyası üçün START müqaviləsi barədə kiçik araşdırma edib.

 

Bu barədə birinci saziş (START I) 1991-ci ilin 31 iyulunda SSRİ rəhbəri Mixail Qorbaçovla ABŞ-ın ovaxtkı prezidenti Corc Buş (ata) arasında imzalanmışdı. SSRİ-nin dağılmasından sonra isə Buş 1993-cü ilin 3 yanvarında sabiq Rusiya prezidenti Boris Yeltsin ilə oxşar müqaviləyə (START II) imza atdı.

 

 

2010-cu ildə isə tərəflər sazişi yeniləmək ehtiyacı hiss etdilər və aprelin 8-də keçmiş ABŞ və Rusiya liderləri Barak Obama və Dmitri Medvedevin iştirakı ilə "New START" (START III) adlanan üçüncü sazişin imzalanma mərasimi keçirildi. Digər iki saziş qüvvədən düşmüş hesab edildiyindən son START sazişi barədə detallara nəzər yetirmək daha önəmlidir.

 

2010-cu ildə imzalanmış START müqaviləsi ABŞ və Rusiyanın yerləşdirə biləcəyi strateji nüvə başlıqlarının sayını məhdudlaşdırır. Saziş 2011-ci ildə qüvvəyə minib və 2021-ci ildə ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra daha beş il uzadılıb və həm ABŞ, həm də Rusiyanın inspeksiyası ilə hər iki tərəfin müqaviləyə əməl etməsinə nəzarəti təmin etməyə imkan verir. Razılaşmaya əsasən, Moskva və Vaşinqton 1550-dən çox strateji nüvə başlığı və maksimum 700 uzaq mənzilli raket və bombardmançı təyyarə yerləşdirməyi öhdəsinə götürür. Bu limitləri aşmaq sazişlə qadağan olunub. Tərəflərdən hər biri digər tərəfin müqavilənin müddəalarını və ümumi çərçivəni pozmadığından əmin olmaq üçün hər il strateji nüvə obyektlərində 18-ə qədər yoxlama apara bilər.

 

 

Bununla belə, saziş üzrə yoxlamalar COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martında dayandırılıb. Moskva və Vaşinqton arasında yoxlamaların bərpasına dair danışıqlar ötən ilin noyabrında Misirdə baş tutmalı idi, lakin Rusiya bunu təxirə saldı və bundan sonra tərəflərdən heç biri yeni tarix təyin etmədi. Rusiya tərəfi bu ayın əvvəlində ABŞ-ın silahlara nəzarətlə bağlı destruktiv yanaşma sərgilədiyini iddia etməsinə baxmayaraq, müqaviləni qorumaq istədiyini açıqlayıb.

 

Qeyd etmək lazımdır ki, Rusiya və ABŞ birlikdə dünyadakı nüvə başlıqlarının təxminən 90 faizinə sahiblik edir və hər iki tərəf nüvə gücləri arasında müharibənin nəyin bahasına olursa, olsun, qarşısını almaq lazım olduğunu bir neçə dəfə vurğulayıb. Lakin Rusiyanın Ukraynaya təcavüzü iki ölkəni son 60 ildə heç vaxt olmadığı qədər birbaşa qarşıdurmaya yaxınlaşdırıb. Sonuncu dəfə 1962-ci ildəki Karib böhranı zamanı iki ölkənin münasibətləri bu dərəcədə qırılma nöqtəsinə yaxınlaşsa da, son anda eskalasiyadan yayınmağa müvəffəq olunmuşdu. Hətta bəzi analitiklərin rəyinə görə, münasibətlərin hazırkı səviyyəsi gərginlik baxımından heç 1962-ci ildəki vəziyyətlə də müqayisə olunmayacaq qədər kritikdir.

 

 

ABŞ Rusiyanı öz ərazisində yoxlamalara icazə verməyərək müqaviləni pozmaqda ittiham edib, Moskva isə xəbərdarlıq edib ki, Qərbin Rusiyanı “məğlub etmək” barədə qəti mövqeyi müqavilənin 2026-cı ildə müddətinin başa çatmasından sonra yenidən uzadılmasını istisna edə bilər. Rusiya ötən il nüvə münaqişəsi təhlükəsinin real olduğunu, bu ehtimalı gözardı etməyin doğru olmadığını, və nəyin bahasına olursa, olsun, bunun qarşısını almağın vacibliyini vurğulamışdı.

 

Həm ABŞ, həm də Rusiya "Soyuq Müharibə" illərində yaşanan gərginliyin bəzi uğursuzluqlara səbəb olmasından sonra, nüvə raketlərinin təsadüfən istifadə olunmamasını təmin etmək üçün kontrol mexanizmlərinə malikdir. Lakin Ukraynanın işğalından sonra nüvə qarşıdurması ilə bağlı qorxu artıb. Çünki Putin dünyaya Moskvanın arsenalının nəhəng və güclü olduğunu xatırladıb və "Rusiyanın ərazi bütövlüyünü müdafiə etmək" üçün lazım olan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.

 

Xülasə olaraq, START Moskva və Vaşinqtonu arsenallarını məhdudlaşdırmağa məcbur edir ki, ölkələr həddən çox qitələrarası ballistik raketlərə, sualtı raketlərə və ağır bombardmançı təyyarələrə, döyüş başlıqlarına malik olmasın. Bundan əlavə, saziş çərçivəsində tərəflər bir-birinin bazalarını və strateji silah obyektlərini yoxlaya bilərlər ki, bu amil həlledicidir. Bu yoxlamalar bir neçə ildir aparılmasa da, daha vacib sual Rusiyanın arsenalını artırmağa gedə biləcəyidir.

 

Rusiyadan Putinin məlum çıxışından sonra müxtəlif reaksiyalar ifadə edilib.

 

 

Rusiya parlamenti - Dövlət Duması bugün Rusiyanın START müqaviləsində iştirakının dayandırılması barədə qanun layihəsini qəbul edib. Putin dünənki çıxışında söyləmişdi ki, müqavilənin nə zamansa yenilənib-yenilənməyəcəyinə şəxsən özü qərar verəcək. Kremlin sözçüsü Dmitri Peskov da bu gün məsələyə şərh verib: "Rusiyanın START-da iştirakını dayandırmasına Qərbin reaksiyası onların danışıqlara hazır olacağına ümid etməyə əsas vermir. Rusiya Qərbin START ilə bağlı normal dialoq üçün hazır olmasını gözləyərkən səbirli olmalıdır. Qərb bizim narahatlığımızı nəzərə almağa hazır olan kimi Rusiya START-ın tətbiqinə qayıtmağa hazır olacaq". 

 

Rusiya XİN başçısının müavini Sergey Ryabkov isə bildirib ki, Moskva sazişdə iştirakını dayandırsa da, hələlik ona əməl etməyə davam edəcək: "Rusiya Federasiyası nüvə silahının qarşısının alınması sahəsində sübut edilmiş təcrübəyə malikdir. Rusiya ABŞ-ın START müddəalarına əməl etməsinə nəzarət etmək üçün öz vasitələrindən istifadə edə bilər. Rusiya START-a əməl etməyə davam edəcək, bu, hazırkı mərhələdə strateji sabitliyi qorumaq üçün kifayətdir. Rusiya Federasiyası artıq Fransa və İngiltərənin potensialına laqeyd qala bilməz, onların silahları ABŞ-la birlikdə Moskvaya qarşı bir yumruq təşkil edir. START ətrafında vəziyyətlə bağlı Rusiya Federasiyasının ABŞ, Böyük Britaniya və Fransa ilə təmasları nəzərdə tutulmur. Əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Moskva nüvə silahı da daxil olmaqla istənilən silahla özünü müdafiə edəcək və deməliyəm ki, dünya qlobal münaqişə astanasındadır. İndi Vaşinqtonun davranışının yaxşılığa doğru dəyişdiyini göstərən heç bir əlamət yoxdur. Ola bilsin ki, ABŞ özü START-dan çıxsın". Rusiya Müdafiə Nazirliyindən də bildirilib ki, nüvə başlıqları daşıyıcılarının sayına dair START məhdudiyyətlərinə əməl ediləcək və bildirişlərin mübadiləsi davam etdiriləcək.

 

Dünyanın məsələ ilə bağlı mövqeyinə gəlincə, Qərb ölkələri və beynəlxalq təşkilatlar Rusiyanın bu addımını pisləyib və Kremli bu barədə yenidən düşünməyə çağırıb. Mövzu mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib: 

 

"Putinin nüvə qılıncının cingiltisi ABŞ və müttəfiqlərini təşvişə salıb. Son illər heç bir yoxlama olmayıb. Birincisi, koronavirusa görə və Rusiya inspektorların qəbulunu bərpa etmədiyinə görə. İndi Vladimir Putin deyir ki, daha bu yoxlamalarda iştirak edilməyəcək. Lakin o, silahların sayını icazə verilən həddən - 1500-dən çox artırıb-artırmayacağını açıqlamayıb. Müqavilənin özü 2026-cı ilin əvvəlində başa çatır. Və böyük sual budur: Vladimir Putin növbəti razılaşmada maraqlıdırmı? Rusiya prezidentinin bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. Onlar qeyd ediblər ki, Rusiya silahlarla bağlı kəmiyyət məhdudiyyətlərini pozmayacaq, qitələrarası ballistik raketlərin buraxılışı barədə ABŞ-ı xəbərdar etməyə davam edəcək. Yəni START sazişinin potensialı tükənməkdən uzaqdır. ABŞ yalnız ümumi gərginliyin azaldılması üçün səy göstərməli və müqavilədə Fransa və Böyük Britaniyanın nüvə imkanlarını necə nəzərə almaq barədə düşünməlidir".

 

 

Rusiya prezidentinin qərarından təəssüf keçirən ABŞ dövlət katibi Antoni Blinken isə addımı məsuliyyətsizlik adlandırıb: "Rusiyanın START-da iştirakının dayandırılması ilə bağlı bəyanatı dərin təəssüf doğurur və məsuliyyətsizlikdir. Bizim administrasiya Ağ Evə - hakimiyyətə gələndə bu müqavilənin müddətini uzatdı, çünki bu, həm ABŞ-ın, həm də Rusiyanın təhlükəsizliyi üçün vacib idi. Bu fakt yalnız Moskvanın qərarının nə qədər məsuliyyətsiz olduğunu nümayiş etdirir. Amma təbii ki, biz dünyada və münasibətlərimizdə nə baş verməsindən asılı olmayaraq, istənilən vaxt Rusiya Federasiyası ilə strateji silahların məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazırıq".

 

NATO-nun baş katibi Yens Stoltenberq daha sərt çıxış edib. Onun fikrincə, belə bir hərəkət silahlara nəzarət sisteminin bütün arxitekturasını məhv etdi.

 

 

Almaniya kansleri Olaf Şolts da məsələyə rəsmi Berlinin münasibətini açıqlayaraq bildirib ki, Rusiya təhlükəli yola qədəm qoyub və bu, narahatlığa səbəb olmaya bilməz. Xarici işlər naziri Annalena Berbok isə bu addımı Qərblə qarşıdurmanın eskalasiyası və intensivləşməsi yolu ilə getmək qərarı hesab edib. Onun fikrincə, Moskva son onilliklərdə planetdə nüvə demilitarizasiyası sahəsində əldə edilmiş bütün nailiyyətləri məhv edir.

 

Vladimir Putinin nüvə silahlarının sınaqlarına hazırlıqla bağlı digər bəyanatı da diqqəti cəlb edir: "Vaşinqtonda bəzi insanlar nüvə silahı sınaqdan keçirmək barədə düşünürlər, lakin sonra Moskva da bunu həyata keçirəcək". Bundan əlavə, Putin dünən bir həftə əvvəl yeni yerüstü strateji komplekslərin döyüş növbətçiliyinə verilməsi haqqında fərmanı imzaladığını elan edib. Bu bəyanat başqa bir anlaşma ilə ziddiyyət təşkil edir. Söhbət bu cür sınaqlara hərtərəfli qadağa qoyulması barədə beynəlxalq sənəddən gedir və Moskva bu sənədi imzalayıb və ratifikasiya edib.

 

Dünya tarixinə nüvə müharibəsi düşəcəkmi? Bu sual hələlik açıq olaraq qalır...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır